Ana Sayfa > Özəl > Xocalı faciəsi qurbanlarının qanı yerdə qalmadı
Xocalı faciəsi qurbanlarının qanı yerdə qalmadıBu gün, 13:36. Yazar: sevinc1 |
![]() Azərbaycan tarixinə Xocalı soyqırımı ən dəhşətli və qanlı faciələrdən biri kimi daxil olmuşdur. Bu dəhşətli faciə - 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Xocalı soyqırımı bütün dünyanın gözü qarşısında baş verib, qəddarlığı və amansızlığı ilə fərqlənib. Qeyd edək ki, bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət isə birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür. Fevralın 25-dən 26-na keçən gecə 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum edərək dinc sakinlərə qarşı kütləvi qırğın törətdi. Bu hadisə 20-ci əsrin ən böyük insan faciələrindən biri hesab olunur və Azərbaycan xalqının yaddaşında silinməz iz buraxmışdır. Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı faciəsindən 33 il ötür. Keçən bu müddət ərzində Azərbaycan xalqı bu soyqırımın unudulmaması və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün mübarizəsini davam etdirir. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində 613 nəfər amansızcasına qətlə yetirilmiş, 487 nəfər ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür. Həlak olanlar arasında qadınlar, uşaqlar və yaşlı insanlar da var idi. Ən dəhləşlisi də odur ki, hətta azyaşlı uşaqlar və hamilə qadınlar belə işgəncələrə məruz qalmışdır. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşdular. Soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov götürüldü. Erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv oldu. Bu əsl soyqırım idi. Bütün bu vəhşiliklər, erməni silahlı qüvvələrinin insanlığa qarşı törətdiyi ən ağır cinayətlərdən biridir. Bu soyqırımın məqsədi yalnız Xocalı şəhərinin strateji əhəmiyyətli bir məntəqə kimi işğal edilməsi deyil, həm də Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin bir hissəsi idi. Xocalı hadisələri təkcə Azərbaycan üçün deyil, bütün dünya ictimaiyyəti üçün bir ibrət dərsi olmalıdır. Təəssüf ki, dünya ictimaiyyəti bu hadisəyə yetərincə diqqət ayırmamış və soyqırımın qarşısını almaq üçün vaxtında tədbirlər görülməmişdir. Azərbaycan xalqı bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Bu faciənin unudulmaması və gələcək nəsillərə çatdırılması xalqımızın borcudur. Hər il fevralın 26-da ölkəmizdə və dünyanın müxtəlif yerlərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılır, onların ruhuna dualar oxunur. Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparıb. Beynəlxalq arenada “Xocalıya ədalət” kampaniyası çərçivəsində soyqırımın tanınması üçün geniş işlər aparılır. Qeyd edək ki, Xocalı soyqırımı - təkcə bir xalqın deyil, bütün insanlığın faciəsidir. Bu cür hadisələrin bir daha təkrarlanmaması üçün dünya birliyi ədaləti təmin etməli və günahsız insanların qanının yerdə qalmaması üçün konkret addımlar atmalıdır. Xocalı qurbanlarının xatirəsi daim yaşayacaq və onların haqq səsi daim ucalacaqdır. Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımız tam azaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi, həmçinin uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Xocalı şəhəri separatçılardan təmizlənib. 15 oktyabr 2023-cü il tarixində Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır! Fərid Mustafayev YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Geri dön |