Ana Sayfa > Özəl > Yaşanmış faciə

Yaşanmış faciə


Bu gün, 10:37. Yazar: sevinc1
Yaşanmış faciə

Tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsindən 33 il keçir. Azərbaycanın Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən yerlə-yeksan edilib. Erməni şovinistlərinin qəddarlıqla həyata keçirdiyi bu amansız və qanlı cinayətdə Xocalı şəhərinin sakinləri son ana qədər özlərini qəhrəman kimi aparıb, axır nəfəsinədək vuruşaraq düşmən qarşısında əyilməyiblər. Ümummilli liderimiz Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: "Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən isə Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür."
Xocalı mühüm geostrateji mövqeyi ilə seçilir. Qarabağdakı yeganə hava limanı da məhz burada yerləşirdi. Ermənilərin diqqətini Xocalıya yönəltməsinin əsas səbəbi də bu şəhərin işğal edilməsi ilə Dağlıq Qarabağa nəzarətin tam ələ keçirilməsi, eyni zamanda hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Strateji mövqeyi ilə yanaşı, Xocalı həm də ölkəmizin zəngin tarixə malik ərazilərindən biridir.
Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edərkən donvurma nəticəsində həlak oldular.
Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi.
Allah şəhidlərə rəhmət eləsin!

Fənar Qənbərova
Laçın rayon Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbində müəllim
Geri dön