Ana Sayfa > Özəl > Xocalı soyqırımı insanlığa qarşı törədilmiş, bəşər tarixində analoqu olmayan bir soyqırımdır !
Xocalı soyqırımı insanlığa qarşı törədilmiş, bəşər tarixində analoqu olmayan bir soyqırımdır !Dünən, 23:07. Yazar: sevinc1 |
![]() Azərbaycanın tarixi keçmişini vərəqlədikcə , bu millətin həmişə xarici təzyiqlərə, işğalçılıq siyasətinə məruz qaldığını görürük. Elə bunun bariz nümunəsidir ki, böyük bir əraziyə malik olan Azərbaycan mənfur qonşularımızın basqınlarına tab gətirməyib və zaman-zaman torpaqlarının xeyli hissəsini itirmişdir. Əzəli torpaqlarımızın Rusiya ,İran , Gürcüstan və Ermənistan tərəfindən bölüşdürülməsi tariximizə qara hərflərlə yazılmışdır. Hələ bu azmış kimi daima süfrəmizin başına keçirdiyimiz , çörəyimizi yeyib , ən səfalı yerlərimizdə yaşayan şərəfsiz ermənilər xalqımıza qarşı yeni torpaq iddiaları ilə çıxış etdilər. Qeyrətli Azərbaycan xalqı dərhal silaha sarılaraq torpaqlarımızın müdafiəsinə qalxdı. Lakin öz himayədarlarının böyük dəstəyi ilə ermənilər Azərbaycanın 20 faizdən çox ərazisini işğal etməyə nail oldu. Bu müharibə nəticəsində itkilər verən, yaşayış məntəqələrinin yandırılaraq dağıdılmasına məruz qalan Azərbaycan , heç vaxt tarixi yaddaşımızdan silinməyəcək əsrin faciəsi olan Xocalı Faciəsini də yaşadı. Xüsusi mental dəyərlərə malik olan Azərbaycan xalqı, savaş meydanında heç vaxt düşmən də olsa əliyalın, dinc əhaliyə əl qaldırmayıb. Bütün bunlara rəğmən mənfur qonşularımız olan ermənilər həmişə öz şərəfsizliklərini , vəhşiliklərini həyata keçirməkdən həzz alıblar. 26 fevral 1992-ci il… Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Xocalı şəhəri Rusiyanın Xankəndində yerləşən 366-cı alayının başçılığı ilə erməni silahlı qüvvələrinin amansız hücumuna məruz qaldı. Əhalisi 7 min nəfərdən çox olan Xocalı şəhəri tarixin indiyədək görmədiyi vəhşilikləri yaşadı. Şəhərin işğalı zamanı 613 nəfər işgəncə ilə öldürülmüş, bunlardan 63-ü uşaq, 106-ı qadın idi, 8 ailə tamamilə məhv edilmiş və 1275 nəfər əsir götürülmüşdür. Xocalı şəhəri 1988-ci ildən erməni quldurlarının hədəfində idi. 1991-ci il noyabr ayından şəhər mühasirəyə alınmışdı ki, bu ermənilər soyqırım məqsədlərini həyata keçirmək üzrə olduqlarını göstərirdi. Ermənilər Xocalı şəhərini xüsusilə seçmişdilər. Çünki Xocalı qədim tarixə malik olan maddi-mədəni abidələri qoruyub saxlayırdı. Bu ermənilərin ən qədim zamanlardan Qarabağ torpaqlarında yaşaması faktını inkar edən əsas sübutlardan biri idi. Eyni zamanda Ağdam-Şuşa və Əsgərən-Xankəndi yolundakı yeganə hava limanı Xocalı ərazisində yerləşirdi. Erməni silahlı qüvvələri həm gələcək məqsədlərinə mane ola biləcək havadan yardım ehtimalını aradan qaldırmağa çalışır, həm də aeroportu Azərbaycanlıların nəzarətindən alaraq özləri üçün istifadə etməyi planlayırdılar. Eyni zamanda Xocalı şəhəri ermənilərin özlərinə paytaxt kimi seçdikləri Xankəndi şəhərinin 10 km uzaqlığında yerləşirdi. Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Qeyrətimizə sığışmayan , Xocalının tarixinə qara hərflərlə yazılan bir günü - 26 fevralı yaşamaq qismətimiz idi . Əslində, Xocalı faciəsi bir günün, bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra hazırlıq görmüşdülər. Hər il xalqımız tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsi anılır . Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Lakin atalarımızın dediyi kimi haqq nazilər , ancaq üzülməz . Məhz haqqın tərəfində olmağımız , əzəli torpaqlarımızın işğalçılardan azad olunması uğrunda apardığımız savaşda qalibiyyətimizi təsdiqlədi. 2020-ci ilin 27 sentyabrında başlayaraq, cəmi 44 gün davam edən Vətən müharibəsində, Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasından sonra , təbii ki, Ulu Öndərimiz Heydər Əliyevin , Xocalı Faciəsi şəhidlərinin, ümumiyyətlə bütün şəhidlərimizin ruhu şaddır.Artıq 5-ci ildir ki , biz faciə qurbanlarının anılması zamanı başımızı dik tuturuq. Çünki Azərbaycan Ordusu bu qeyrət, ləyaqət ləkəsini üstümüzdən götürdü və bütün şəhidlərimizin , o cümlədən Xocalı şəhidlərinin də qanı alındı. Qürurluyuq ona görə ki, Müzəffər Azərbaycan Ordusu tərəfindən Xocalı faciəsi qurbanlarının qisası alınıb. Bu gün işğaldan azad edilmiş digər ərazilərimiz kimi Xocalıda da üçrəngli ,şanlı bayrağımız dalğalanır. Öz güclü , səriştəli lideri Prezident İlham Əliyevin yürütdüyü düzgün xətt üzrə yönəlmiş siyasət nəticəsində , bu gün ağır sınaqlardan çıxaraq Azərbaycan öz parlaq gələcəyinə doğru inamala irəliləyir. Məhəmməd Əliyev YAP Cəbrayıl rayon təşkilatının sədr müavini Geri dön |