Ana Sayfa > Özəl > Prezident İlham Əliyev: "Bütün köçkünlər bilirdilər ki, Xocalı azad olunmayana qədər biz işimizi bitmiş hesab etməyəcəyik”.

Prezident İlham Əliyev: "Bütün köçkünlər bilirdilər ki, Xocalı azad olunmayana qədər biz işimizi bitmiş hesab etməyəcəyik”.


Dünən, 10:35. Yazar: sevinc1
Prezident İlham Əliyev: "Bütün köçkünlər bilirdilər ki, Xocalı azad olunmayana qədər biz işimizi bitmiş hesab etməyəcəyik”.

Ötən əsrdə xalqımıza qarşı Erməni şovinistlərinin törətdiyi ən qanlı və faciəvi soyqırım hadisəsi olan Xocalı soyqırımından 33 il keçir. 1992-ci il ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
Xocalıda qətlə yetirilənlərin əziz xatirəsi Azərbaycan xalqının yaddaşında yaşayır. Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir.
Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb.
Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. “Xocalıya ədalət” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və 100 minlərlə şəxs və 115-dən çox təşkilat onun fəaliyyətini dəstəkləyir.

Suverenliyimizin bərpasından ötən qısa müddətdə azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin miqyasının nə qədər böyük olduğu göz qabağındadır. Suverenliyimizin bərpasından səkkiz ay sonra Xocalı şəhəri ilk sakinlərini qarşıladı. Belə ki, ötən ilin 28 May-Müstəqillik Günündə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşdülər. Dövlətimizin başçısı və birinci xanım evlərin açarlarını sakinlərə təqdim etdilər.
Qeyd edək ki, Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Bütün kommunikasiya xətləri yerin altına salınıb, ilk 50 evə birləşmələr verilib. Şəhər üzrə kommunikasiya işlərinin 90 faizi icra edilib. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Bulvar ilə üzbəüz isə çarşı-bazar qurulur, iaşə obyektləri tikilir.
Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunur. Məktəbin qarşısında park, onun yanında isə sənətkarlar məhəlləsi salınır. Həmçinin idman kompleksində tamamlanma işləri görülür. Kompleksdə şahmat, cüdo, güləş, gimnastika, stolüstü tennis, basketbol, minifutbol, badminton ilə məşğul olmaq üçün lazımi şərait yaradılacaq. İnfrastruktur işlərinin yaxın müddətdə tamamlanması nəzərdə tutulur.
Xocalının Baş planını hazırlayarkən ilk növbədə, onun regiondakı mövqeyi nəzərə alınıb. Rayon çox strateji mövqeyə malikdir. Beynəlxalq hava limanı, respublika əhəmiyyətli avtomobil yolu, hazırda layihələndirilən, tezliklə çəkiləcək dəmir yolu xüsusi qeyd edilməlidir. Bütün bunlar Xocalının gələcəyini bir nəqliyyat qovşağı və logistika mərkəzi kimi şərtləndirir. Əsas çağırışlardan biri budur ki, Xocalı bir regional mərkəz kimi davamlı surətdə inkişaf etməlidir. Burada həm bütün zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq, ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar, təbiətlə daim təmasa imkan verən rekreasiya əraziləri demək olar ki, bütün şəhər boyu, yaşıl məkanlarla əlaqələndirilmiş komfortlu yaşayış əraziləri nəzərdə tutulub. Bərpa olunan evlər də vacib elementlərdən biridir. Şəhər mühitini canlandıran yeni nəqliyyat qovşağı vacib rol oynayacaq, mobilliyi artıracaq. Bu, həmçinin şəhərdə iqtisadiyyatın, sahibkarlığın inkişafına da xüsusi təkan verəcək. Bütün bunlar dinamik inkişafı təmin edən iqtisadi şaxələndirməyə imkan verəcək. Burada çox zəngin kənd təsərrüfatı torpaqları olduğunu nəzərə alaraq, şəhər daxilində kiçik aqropark yaradılması təklif olunur. Müxtəlif tikinti materialları istehsalı, yüngül sənaye, qida sənayesi obyektləri yaradılacaq, nəqliyyat və logistika ənənəvi əsas sektor olaraq inkişaf etdiriləcək.
Dövlət başçısı İlham Əliyevin azad edilmiş ərazilərə səfəri Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanışlığı, sonra kəndə köçən bir qrup sakinlə görüşü ilə də yadda qaldı. Cənab İlham Əliyev sakinlərlə görüşündə bir daha bildirdi ki, keçmiş köçkünlər demək olar ki, hər ay hissə-hissə, qrup-qrup öz dədə-baba torpaqlarına qayıdırlar. Böyük Qayıdış Proqramı icra edilir. Bütün Qarabağ bölgəsi, Şərqi Zəngəzur bölgəsi dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük: «Əlbəttə ki, Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur. Mənim də Prezident kimi əsas borcum bu gün bundan ibarətdir. İşğala son qoyduq, 2023-cü ildə antiterror əməliyyatı nəticəsində bu bölgəni də işğaldan azad etdik. Ballıca və yüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azad olunmuşdur və indi həyatı bərpa edirik. Yəni, hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir. Ancaq öz imkanlarımız daxilində, öz gücümüzə arxalanaraq, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır, özü də qısa müddət ərzində.»
Şanlı Zəfərdən Böyük Qayıdışa doğru inamlı addımlar atılır, doğma Qarabağımıza, Şərqi Zəngəzurumuza yenidən həyat qayıdır. Artıq minlərlə ailənin azad edilmiş şəhər və kəndlərə qayıdışı təmin olunub, onlara yeni evlərin açarları təqdim edilib. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə təxminən 30 min insan yaşayır. Hədəf 2026-cı ilədək bu sayı 140 minə çatdırmaqdır. Azərbaycan dövlətinin gücü, iqtisadi imkanları, xalqımızın birliyi bu hədəfə də yüksək səviyyədə nail olacağımıza əsas verir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Geri dön