Ana Sayfa > Özəl > Səmimi görüş
Səmimi görüş20-02-2025, 19:31. Yazar: sevinc1 |
![]() Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub. Sonra kəndə köçən bir qrup sakinlə görüşərək bildirib ki, “Ballıca kəndi bərpa etdiyimiz və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Yəni, bu, Böyük Qayıdış Proqramının birinci mərhələsinə aiddir. Artıq burada, yenə də deyirəm, 500-ə yaxın insan yaşayır. Həm o vaxt bu bölgədə yaşayan vətəndaşlar, eyni zamanda, onların uşaqları, nəvələri, nəticələri qayıdıblar. Bu, bir daha onu göstərir ki, xalqımız öz torpağına nə qədər bağlıdır. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar və yaxud da ki, gənc insanlar həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar.” Tarixi ədalətin, respublikamızın ərazi bütövlüyünün və xalqımızın milli ləyaqətinin bərpasını təmin edən şanlı Zəfər istər ölkəmizdə, istərsə də bütövlükdə Cənubi Qafqaz regionunda yeni siyasi, sosial-iqtisadi, mədəni-humanitar və hərbi-strateji çağırışların meydana çıxmasını şərtləndirdi. Artıq dörd ildir ki, işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda sürətlə davam edən genişmiqyaslı quruculuq işləri dövlətin siyasi iradəsini, xalqın birliyini, ruh yüksəkliyini ortaya qoyur. Vandal ermənilər tərəfindən məhv edilən tarixi abidələrimiz bərpa olunur. Yerlə-yeksan edilmiş, viran qoyulmuş şəhərlərimiz yenidən qurulur. Yeni evlərin, binaların, məktəblərin, xəstəxanaların açılışı həyata keçirilir. Bu da bizi illərlə həsrətində olduğumuz Qarabağa qovuşdurur, Böyük Qayıdışı reallaşdırır. Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda əksini tapan vəzifələrin ardıcıl olaraq yerinə yetirilməsi bu istiqamətdə qarşıda duran hədəflərə çatmağa imkan verəcək. Böyük Qayıdış proqramı çərçivəsində görüləcək işlər həmin ərazilərdə iqtisadi fəallığın təmin olunması və ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyətə malik olmaqla yanaşı, sosialyönümlü iqtisadiyyatın inkişafına, o cümlədən məşğulluğun artmasına, əhalinin rifahının yüksəlməsinə əlavə təkan verəcək. İşğaldan azad edilmiş ərazilərdə tarixi, dini və mədəni abidələrin bərpası da quruculuq və Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsidir. Nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulması, dəmiryolu və avtomobil magistrallarının tikintisi isə bu ərazilərin simasını kökündən dəyişir, böyük iqtisadi potensialı, bol təbii ehtiyatları, aqrar istehsal və ixrac potensialı, xarici investisiyaların qoyuluşu üçün böyük perspektivlər vəd edir. 30 ildən çoxdur əzablı və məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımızın öz doğma yurd yerlərinə qayıdıb yaşamaları böyük qürurverici hadisədir. Öz doğma torpaqlarına qayıdan sakinlərin firavan və təhlükəsiz yaşamaları üçün cənab Prezident İlham Əliyev var gücü ilə çalışaraq möhtəşəm işlər görür. Görülmüş işləri yüksək qiymətləndirən qədirbilən xalqımız hər zaman Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək xalq və dövlət birliyinin vəhdətini yaradır. Şamo Qasımov Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini Geri dön |