Ana Sayfa > Manşet / Siyasət / Özəl > "Xocalı: xüsusi qəddarlıqla törədilən soyqırımı"

"Xocalı: xüsusi qəddarlıqla törədilən soyqırımı"


19-02-2025, 10:36. Yazar: sevinc1
"Xocalı:  xüsusi qəddarlıqla törədilən soyqırımı"

Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür". Bu fikir Xocalı faciəsinin mahiyyətini açıq-aydın göstərir. Xocalı faciəsi əsrlərdir azərbaycanlılara qarşı düşmən münasibət yeridən erməni şovinizminin ən qəddar, dəhşətli səhifələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayı Xocalıya divan tutdu, əsrin ən vəhşi qətliamlarından biri törədildi. Hadisə şahidlərinin Xocalı soyqırımına dair dünya mətbuatında çıxarışlardan, fotoşəkillərdən, ermənilərin etiraflarından göründüyü kimi, Xocalı faciəsi erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin ən qanlı formasıdır. Bu soyqırımı aktı başda Ümumdünya İnsan hüquqları Bəyannaməsi olmaqla, bir çox beynəlxalq hüquqi-normativ aktların (İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası, Cenevrə Konvensiyası və s.) kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Xocalı Ermənistanın Azərbaycana qarşı uzun illərdə apardığı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsi idi.

Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, Xocalı soyqırımına siyasi qiymətin verilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-nın Xocalı Soyqırımı Günü kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı. 1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu.Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olmuşdur. Ulu öndər bu barədə öz fikrini belə ifadə etmişdir: “1994-cü il 26 fevral ərəfəsində mən Milli Məclisə təklif verdim. Milli Məclis qərar qəbul etdi və Xocalı soyqırımı Xocalı faciəsi günü elan olundu. Bu gün bizim tariximizdə, bizim təqvimimizdə matəm günüdür, hüzn günüdür. Bunu biz qanunla qəbul etdik”. Soyqırımı qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan ümummilli lider Heydər Əliyev 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” fərman imzaladı. Prezident Heydər Əliyev Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına 2002-ci il 25 fevral tarixli müraciətində qeyd edirdi: “Bu gün Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə, ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”. Müsahibimiz onu da deyib ki, ğlkə başçısı cənab İlham Əliyev tərəfindən də hər il soyqırımı ümumrespublika səviyyəsində xatırlanır, faciənin qurbanları yad edilir. Soyqırımının 20 illik yubileyi isə 2012-ci ildə ümumxalq yürüşü ilə qeyd olunmuşdur. Paytaxtın Azadlıq meydanından başlayan, 60 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək və erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi daşıyırdı. 2017-ci ildə soyqırımının 25 illik yubileyi də ümumxalq səviyyəsində qeyd olunmuşdur. 2 fevral 2022-ci il tarixində Prezident İlham Əliyev Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Sərəncam imzaladı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən fəaliyyətə başlamış “Xocalıya ədalət!” kampaniyası Xocalı gerçəkliklərinin bəyan olunması istiqamətində səmərəli iş aparır Bundan əlavə, Xocalı qətliamının İslam ölkələrində dərsliklərə daxil edilməsi ilə bağlı təklifin də İKT nazirlərinin toplantısına təqdim edilməsi razılaşdırıldı. İKT Xarici İşlər Nazirləri Konfransının 35-ci sessiyasında “Xocalıya ədalət - Qarabağa azadlıq!” kampaniyası ilə bağlı qətnamənin Xarici İşlər nazirləri tərəfindən dəstəklənməsi dünyanın 57 ölkəsində müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradılmasına gətirib çıxardı. Xocalı soyqırımı Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və düşünülmüş siyasətin tərkib hissəsidir. Təsadüfi deyildir ki, XX əsrin ən qanlı və dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımının dünya dövlətləri tərəfindən tanınması və soyqırımı kimi qəbul oluması, ona siyasi qiymət verilməsi istiqamətində həyata keçirilən siyasət müsbət nəticələrini göstərmiş, dünyanın  bir çox dövlətləri tərəfindən  bu soyqırımı aktı pislənmişdir. Xocalı faciəsini dövlət səviyyəsində soyqırımı kimi tanıyan dövlətlər: Pakistan və Sudan, parlament səviyyəsində qəbul edən dövlətlər: Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Panama, Honduras, İordaniya, Cibuti, Şotlandiya. Faciəni tanıyan ABŞ ştatları: Massaçusets, Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Qərbi Virciniya, Konnektikut, Florida, İndiana, Arizona, Yuta. Xocalı faciəsi xalqımıza, eyni zamanda humanizmə, sülhə, təhlükəsizliyə, insanların ən əsas və vacib hüquqlarına  qarşı törədilmiş soyqırımıdır. Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 nəfər itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vurulmuşdur. “Erməni soyqırımı” altında dünyaya yalan informasiyalar yayan, tarixi və insanlığı ləkələməyə çalışan ermənilər yaxın keçmişdə baş verən faciəni “Xocalı döyüşü” adı altında təqdim edir, vəhşi niyyətlərini gizlətməyə çalışırlar. Əsl döyüşün necə olduğunu isə 44 gün ərzində şanlı ordumuz onlara göstərdi-deyə E. Süleymanov fikrini yekunlaşdırıb. .
Geri dön