Ana Sayfa > Manşet / Siyasət > Heydər Əsədov: "Azərbaycan beynəlxalq münasibətlər sistemində: güclü dövlət, etibarlı və perspektivli tərəfdaş"

Heydər Əsədov: "Azərbaycan beynəlxalq münasibətlər sistemində: güclü dövlət, etibarlı və perspektivli tərəfdaş"


Bu gün, 16:09. Yazar: sevinc1
Heydər Əsədov: "Azərbaycan beynəlxalq münasibətlər sistemində: güclü dövlət, etibarlı və perspektivli tərəfdaş"

Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində mövqeyi, əldə etdiyi uğurlar və strateji planları barədə mühüm məqamlara toxundu. Səsləndirilən fikirlər ölkəmizin beynəlxalq arenada yerinin möhkəmləndirilməsi və qlobal məsələlərdə fəal iştirakının əhəmiyyətini ortaya qoyur.

Son illərdə iqtisadiyyatın inkişafı və maliyyə sabitliyinin gücləndirilməsi istiqamətində atılan addımlar öz bəhrəsini verir. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın ümumi daxili məhsula nisbətdə xarici borcunun 6,9 faiz olduğunu açıqlayaraq, bunun ölkənin iqtisadi müstəqilliyinin göstəricisi olduğunu diqqətə çatdırıb: “Biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz”.

Dünya maliyyə böhranı bir çox dövlətlərin iqtisadiyyatını sarsıtmaqda davam edir. Buna baxmayaraq, Azərbaycan dünya iqtisadiyyatında etibarlı tərəfdaş kimi tanınır. Dövlətimiz səmərəli beynəlxalq əlaqələri vasitəsilə önə çıxır. Həyata keçirilən xarici siyasət kursu nəticəsində bir çox strateji layihələr uğurla icra edilib. Ötən dövrdə əldə edilən misilsiz tarixi nailiyyətlərin davamı olaraq ölkəmiz mötəbər beynəlxalq tədbirlərdə fəal iştirak edir. Təxminən 200 ölkəni bir araya gətirən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a ev sahibliyi etmək Azərbaycanın şaxələnmiş xarici siyasətinin mühüm uğuru kimi dəyərləndirilir. Dövlətimizin başçısı sözügedən müsahibədə qeyd edib: “Bizim hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, bizim namizədliyimiz bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəkləndi”.

Xarici siyasət kontekstində mühüm məsələlərdən biri Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində çoxşaxəli əməkdaşlıq əlaqələridir. Dövlət başçısı bildirib ki, ölkəmiz bu təşkilatda dialoq üzrə tərəfdaşdır. Bu, tərəfdaşlıq müstəvisində əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı iradənin nümayişidir. ŞƏT və BRICS-ə üzv ölkələrlə yaxın münasibətlər ölkəmizin dünya birliyinə inteqrasiyasını sürətləndirir.

Azərbaycanın coğrafi mövqeyi və Xəzər regionundakı əhəmiyyəti beynəlxalq nəqliyyat və infrastruktur layihələrində iştirakını daha da əhəmiyyətli edir. Bu layihələr Azərbaycanın yalnız iqtisadi baxımdan deyil, həm də siyasi arenada güclü bir tərəfdaş olmasına imkan verir. Ölkəmiz müasir nəqliyyat infrastrukturunun Şərqdən Qərbə gedən əsas tranzit yolunda yerləşir, bu mövqe dövlətimizin beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayır. Azərbaycan bu mövqeyindən istifadə edərək, regionlararası əməkdaşlığı təşviq edir və həm Şərq, həm də Qərb ölkələri ilə daha sıx əlaqələr qurur.

Prezident İlham Əliyev Qlobal Cənubun bir hissəsi olaraq inkişaf etməkdə olan ölkələrin və xüsusən kiçik ada dövlətlərinin maraqlarının müdafiəsinin diqqət mərkəzində olduğunu bildirdi. Bu yanaşma Azərbaycanın beynəlxalq iqlim siyasətindəki fəallığını və qlobal iqlim dəyişikliyi ilə mübarizədəki rolunu nümayiş etdirir. Kiçik ada dövlətlərinin mövcudluğu iqlim dəyişikliyi səbəbindən təhlükə altındadır və bu ölkələrin daha çox beynəlxalq dəstəyə ehtiyacı var. Azərbaycan COP29-da bu ölkələrə əməli dəstək vermək üçün iddialı bir gündəlik irəli sürüb.

Azərbaycanın beynəlxalq siyasətdəki rolunun genişlənməsi həm regional, həm də qlobal miqyasda dövlətimizin etibarlı tərəfdaş kimi yerini möhkəmləndirir. Ölkəmiz şaxələnmiş iqtisadi siyasəti və fəal xarici əlaqələri ilə qlobal siyasətdə daha da güclü bir mövqeyə sahib olur. Bu, Azərbaycanın həm iqtisadi, həm də siyasi gücünün artırılmasında mühüm rol oynayır.

Heydər Əsədov,
​Milli Məclisin deputatı

Geri dön