Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 > Bugünkü uğurlarımızın əsasını cənab Prezident İlham Əliyevin ədalət və həqiqət əsaslı liderlik fəlsəfəsi təşkil edir
Bugünkü uğurlarımızın əsasını cənab Prezident İlham Əliyevin ədalət və həqiqət əsaslı liderlik fəlsəfəsi təşkil edirBu gün, 10:17. Yazar: sevinc1 |
![]() Əziz Ələkbərli, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Cari il yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibə fevralın 11-də bu televiziya kanalında yayımlanıb və geniş maraq doğurub. Bu marağın kökündə bir sıra mühüm amillər, dünyaya və qlobal siyasətə, eləcə də liderliyə münasibətə yeni baxış, yeni yanaşmalar durur. Ölkəmizin başçısı cənab İlham Əliyev ona ünvanlanmış suallara səmimi, konkret cavablar verməklə yanaşı, hazırda və gələcəkdə Azərbaycanın hədəflədiyi strateji məqsədlərin mahiyyətini açıqlayıb və ölkəmizin maraqlarının müdafiəsi üçün aparılan işlərin miqyasını xarakterizə edən açıqlamalar verib. Müsahibədə bir sıra qlobal məsələlərə toxunan ölkə başçısının fikirlərini aşağıdakı kimi qruplaşdırmaq olar. İqtisadi inkişafın əsası. Məlum olduğu kimi, Ulu Öndər tərəfindən irəli sürülmüş inkişaf strategiyası bu gün də qabaqcıl dünya təcrübəsinə və milli iqtisadi reallıqlara əsaslanır. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu strategiya milli iqtisadiyyatın davamlı inkişafını təmin etmiş, istehsal və maliyyə potensialı, infrastruktur bazalarının yaradılması bir çox problemləri aradan qaldırmaqla yanaşı, regionlararası inkişafa səbəb olmuşdur. İqtisadiyyatın miqyas effektliyi sübut edir ki, hər bir milli iqtisadiyyat o halda uğurlu inkişaf etmiş sayıla bilər ki, kifayət qədər həcmi böyük olan bazarlara çıxışı olsun. Ticarət müharibələrinin fonunda yeni xarici iqtisadi fəaliyyət istiqamətlərinin konturlarını müəyyən edən Azərbaycan xarici bazarlara çıxış imkanlarını yenidən qiymətləndirir, öz iqtisadi siyasətini bu əsasda davam etdirir. Məhz bu strategiyanın düzgün yerinə yetirilməsi nəticəsində Azərbaycan öz iqtisadi modelini quraraq güclü və dayanıqlı inkişafı təmin etmiş, güclü iqtisadiyyat, güclü müdafiə potensialı olan ordu formalaşdıra bilmişdir. Hal-hazırda dünyada baş verən hərbi, siyasi və maliyyə böhranının sürətlə dərinləşməsinə baxmayaraq ölkədə iqtisadi inkişafı qoruyub saxlamaq, təbii ki, böyük nailiyyətdən xəbər verir. Cənab Prezident bu nailiyyəti belə xarakterizə edir: “Ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi cəmi 6,9 faizdir. Buna əsaslanaraq regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz.” Bərabərhüquqlu tərəfdaşlıq strategiyası. Azərbaycan müstəqil dövlət kimi yalnız bu cür əməkdaşlığı və tərəfdaşlığı qəbul edir. Kimin və kimlərinsə diqtəsi ilə deyil, müstəqil siyasət yürüdülməsi daha effektli bir siyasət nümunəsi olaraq məhz ölkəmizin başçısının həyata keçirdiyi ən mühüm strategiyadır. Siyasi iradə, hər cür proteksionizmə və ikili standartlara qarşı aparılan mübarizədə qazanılan müsbət nəticələr dayanıqlı inkişafın əsas amili kimi çıxış etməkdədir. Cənab Prezidentin dediyi bu fikir də yerinə düşür: “Artıq Azərbaycanın iqtisadiyyatı özünü təmin edir. ÜDM-ə münasibətdə ən aşağı səviyyəli xarici borcumuz var. Konvertasiya oluna bilən valyuta ehtiyatlarımız xarici borcu 14 dəfə üstələyir. Beləliklə, hər hansı əlavə bir imtiyaz lazım deyil. Malik olduqlarımızı itirmək istəmirik.” Dünya iqtisadi nəhənglərindən biri olan Çinlə strateji tərəfdaşlıq da bu yöndə inkişaf edir. Eləcə də Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaşlıq güclü qarşılıqlı iradənin nümayişi hesab olunmalıdır. Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətlərinin olması bir tərəfdən əlverişli coğrafi mövqeyimizlə, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəmizlə şərtlənirsə, digər tərəfdən etibarlı tərəfdaş mövqeyimiz də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşməklə yeni qlobal layihələrdə mühüm rol oynamaqdadır. Aydın məqsədlər və inkişafa yönəlmiş hədəflər. Bu gün dövlət olaraq Azərbaycanın məqsədləri və hədəfləri aydındır. İlk növbədə daxili işlərə müdaxilənin qarşısının alınması, digər tərəfdən isə iqtisadi cəhətdən müstəqilliyə nail olmaq. Bu prosesdən uğurla keçən Azərbaycan bu gün öz milli maraqlarını müdafiə etmək iqtidarındadır: “İdeologiya, iqtisadiyyat və milli ideyalar - bunlar hamısı birlikdə Azərbaycanı layiq olduğu yerə gətirib çıxardı.” Cənab Prezident İlham Əliyev məqsədlərin daim yeniləndiyini, hədəflərin isə daha da dəqiqləşdiyini ifadə edərək deyir: “Hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. 2027-ci ilə qədər olan hədəfimiz 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır.” Ədalət və həqiqət əsaslı liderlik fəlsəfəsi. Bu gün bu fəlsəfənin daşıyıcılarından biri və birincisi olan cənab İlham Əliyev öz siyasətinin mahiyyətində bu iki prinsipi rəhbər tutur və bunu bəyan edir. Ölkəmizin başçısı bu prinsipləri öz liderlik fəlsəfəsinin əsası kimi görür. Qazanılan uğurların da kökünü məhz bu fəlsəfədə axtarmaq lazım gəldiyini söyləyir: “Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır.” 2003-cü ildən keçən 21 il ərzində verdiyi bütün vədləri yerinə yetirən bir Lider kimi, xalqa, milli iradəyə söykənərək ədaləti və həqiqəti ən güclü silah, ən etibarlı dayaq bilən cənab İlham Əliyev müvəffəqiyyətinin, qələbəsinin sirri də bundadır. Bu fəlsəfəyə söykənən Lider dünyaya, ayrı-ayrı liderlərə səslənərək deyir: “Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin.” Geri dön |