Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Azərbaycan bütün proqressiv qlobal proseslərdə fəal rol oynayır”

Novruzəli Aslanov: “Azərbaycan bütün proqressiv qlobal proseslərdə fəal rol oynayır”


Bu gün, 08:57. Yazar: sevinc1
Novruzəli Aslanov: “Azərbaycan bütün proqressiv qlobal proseslərdə fəal rol oynayır”

“Azərbaycanın Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməsi bu ölkəmizin istər Avropa, istərsə də Asiya dövlətləri ilə əlqələrinin yüksək səviyyədə qurulması üçün əlavə imkanlar yaradır. Bu gün Azərbaycanın etibarlı münasibətlər qurduğu ölkələrdən biri də dünyanın ən nəhəng iqtisadiyyatlarından birinə malik olan Çin Xalq Respublikasıdır. Cənab Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunda iştirakı zamanı yanvarın 20-də Çinin CGTN televiziya kanalına verdiyi müsahibəsində də qeyd etdi ki, ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və Azərbaycan təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi də daxil olmaqla Çin ilə tərəfdaşlığın genişləndirilməsini arzulayır. Azərbaycan ilə Çin arasında 30 il ərzində davam edən siyasi münasibətlər, iki ölkənin beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığı və bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi artıq ölkələrimizin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir. Təbii ki, siyasi münasibətlər həmçinin iqtisadi əlaqələri inkişaf etdirmək üçün möhkəm zəmin deməkdir. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini hər zaman dəstəkləyib. Çünki Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil. Dövlət başçımızın dediyi kimi, bizim hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. Əlbəttə ki, Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilmişdir. Azərbaycanın hədəfi ticarət limanında 15 milyon ton yükaşırma qabiliyyətinə malik olmaq idi və bu da onilliklər ərzində yetərli olardı. Lakin indi ölkəmiz ola bilsin ki, növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməli olsun. Məhz buna görə hazırda dövlətimiz tərəfindən Bakı dəniz ticarət limanının və dəmir yolu infrastrukturunun genişləndirilməsi maliyyələşdirilir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat bildirib ki, cənab Prezident İlham Əliyevin ölkəmizin yaşıl gündəliyi barədə səsləndirdiyi fikirlər beynəlxalq ictimaiyyət üçün xüsusi əhəmiyyət kəsb edir: “Aparıcının ölkəmizin aktiv yaşıl gündəliyi ilə bağlı sualını cavablandıran möhtərəm dövlət başçımız bir daha ümumbəşəri maraqları təlqin edən prinsipial mövqe nümayiş etdirərək bildirdi ki, qazıntı enerji növlərinə malik olan ölkələrin məsuliyyəti əldə etdikləri gəlirləri yaşıl texnologiyaya və yaşıl enerjiyə investisiya etməkdən ibarətdir. Azərbaycan da bu gün məhz bunu edir. Ölkəmizin 2027-ci ilə qədər olan hədəfi 2 giqavat həcmində Günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilə qədər isə bu hədəf 6 giqavatdır. Bu, Azərbaycanda enerji sahəsində bir inqilab olacaqdır. Cənab Prezident bunu da qeyd etdi ki, bu layihələrə sərmayə yatıran xarici şirkətlər olan investorlar, o cümlədən Azərbaycandan olan yerli şirkətlər Çin texnologiyasından istifadə edirlər. Çünki burada söhbət məhsulun keyfiyyəti və qiymətindən gedir və heç bir ölkə Çinlə bu rəqabəti apara bilmir. Diqqətəlayiq haldır ki, hazırda Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir. Beləliklə, Azərbaycan yaşıl keçiddə çox fəal rol oynayır” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Geri dön