Ana Sayfa > Siyasət > Azər Kərimli : " Ermənistan Zəngəzur dəhlizi ilə bağlı konstruktiv yanaşma nümayiş etdirməlidir "

Azər Kərimli : " Ermənistan Zəngəzur dəhlizi ilə bağlı konstruktiv yanaşma nümayiş etdirməlidir "


Dünən, 20:23. Yazar: sevinc1
Azər Kərimli : " Ermənistan Zəngəzur dəhlizi ilə bağlı konstruktiv yanaşma nümayiş etdirməlidir "

Ermənistan Zəngəzur dəhlizi ilə bağlı konstruktiv yanaşma nümayiş etdirməlidir.

Bu barədə mətbuata açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli deyib.

Deputat ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 28-də keçirdiyi müşavirədə nəqliyyat məsələlərinə dair verdiyi açıqlamalara diqqət çəkib.

“Prezidentin çıxışında Bakının və ümumiyyətlə Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı, bu sahədəki problemlər və onların həlli yolları ətraflı müzakirə olundu. Dövlət başçısı Azərbaycanın coğrafi mövqeyinin ölkəyə beynəlxalq nəqliyyat qovşağı kimi böyük üstünlük verdiyini qeyd etdi”, - A.Kərimli qeyd edib.

Deputat daha sonra vurğulayıb ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanın iqtisadi inkişafına deyil, həm də regional əməkdaşlığın güclənməsinə töhfə verəcək:

“Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi ölkəni Avrasiyanın əhəmiyyətli logistika mərkəzlərindən birinə çevirir. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması istiqamətində aparılan işlər də ölkənin tranzit potensialını daha da artıracaq”.

Müsahib bildirib ki, Azərbaycan artıq bu dəhlizin açılması üçün bir sıra konkret addımlar atıb:

“İnfrastruktur layihələrinə böyük investisiyalar qoyulub, dəmir yolu və avtomobil yollarının çəkilməsi istiqamətində ciddi irəliləyişlər var. Beynəlxalq tərəfdaşlarla da bu mövzuda intensiv danışıqlar aparılır. Əsas məsələ Ermənistan tərəfinin konstruktiv yanaşma nümayiş etdirməsidir”.

Deputat hesab edir ki, Ermənistanın bu məsələdə müqaviməti bir neçə amillə bağlıdır və bunlardan birincisi ölkə daxilindəki bəzi siyasi qüvvələrin bu yolun açılmasını milli maraqlara zidd hesab edərək mövcud hakimiyyətin Azərbaycanla hər hansı razılaşmaya gəlməsinə qarşı çıxmasıdır:

“İkincisi, Ermənistanın bəzi xarici havadarları bu yolun açılmasının onların regiondakı təsirini zəiflədəcəyindən ehtiyatlanırlar. Üçüncüsü, Ermənistanın indiyə qədər apardığı qeyri-konstruktiv siyasət səbəbindən bu ölkə sülh danışıqlarında passiv mövqe tutub və real əməkdaşlıq perspektivlərini dəyərləndirməkdən çəkinir”.

A.Kərimli sonda diqqətə çatdırıb ki, Zəngəzur dəhlizinin açılması bütün region üçün iqtisadi və siyasi baxımdan faydalıdır:

“Beynəlxalq nəqliyyat marşrutlarının diversifikasiyası, yeni ticarət imkanları və ümumi sabitlik bu layihənin həyata keçirilməsindən birbaşa asılıdır. Ermənistan bu prosesə mane olmaq əvəzinə, əməkdaşlığa yönəlsə, özü üçün də yeni imkanlar yarada bilər”.
Geri dön