Ana Sayfa > Manşet / Özəl > "Azərbaycanın uğurları Çin televiziyasında..."
"Azərbaycanın uğurları Çin televiziyasında..."Bu gün, 17:30. Yazar: sevinc1 |
![]() Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Dövlətimizin başçısının müsahibəsi fevralın 11-də bu televiziya kanalında yayımlanıb. Əvəlcə onu deyim ki, bu il yanvarın 21-24-də İsveçrənin Davos-Klosters şəhərində 50-ci Dünya İqtisadi Forumu keçirilmişdir və Azərbaycan bu tədbirdə ali rəhbərlik səviyyəsində təmsil olunmuşdur. Davos Forumu keçirilən müddət ərzində dünyanın hər yerindən 250-yə yaxın siyasi xadim də daxil olmaqla ümumilikdə 3000-dən çox şəxsin iştirak etdiyi görüşlərdə ən mühüm məsələlər barədə müzakirələr aparılmışdır. Davos Forumu həm də yüksək səviyyəli iştirakçıları ilə məşhurdur. Beləliklə, dünya birliyinin bütün sektorlarından ən vacib liderləri bir araya gətirmək və ən önəmli qlobal problemlərin mümkün həll yollarını müəyyənləşdirmək Forumun əsas strategiyasıdır. Dünyanın böyük önəm verdiyi Davos İqtisadi Forumunda diqqətin Prezident İlham Əliyevə yönəlməsi ayrıca vurğulanmalı məqamdır. Ötən illərin təcrübəsinə əsasən bu xoş tendensiyaya, necə deyələr, öyrəncəkliyik. Hərçənd, Azərbaycanın DİF-də hər iştirakçılığının yeni ovqat yaratdığını da söyləyə bilərik və qətiyyətlə vurğulayaq ki, bu ovqatın müəllifi dövlətimizin başçısıdır. Əvvəldə dediyim kimi cənab Prezidentin Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibəsi çox önəmli idi və bu müsahibədə bir çox məsələrə yenidən aydınlıq gətirilib, həqiqətlər dünya ictimaiyyətin çatdırılıb. Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib. Müsahibimiz deyib ki, cənab Prezident İlham Əliyev dünyada sözü ilə əməli eynilik təşkil edən rəhbər kimi tanınır və bu cəhət onun siyasi liderlik keyfiyyətlərindəki başlıca halqanı təşkil edir. Dünya belə bir liderliyə hazırda daha çox ehtiyac duymaqdadır. Cənab Prezident ilk olaraq deyib ki, “Ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var”. Çoxqütblü dünyada Azərbaycanın yerinə gəldikdə isə cənab Prezidet bunları nəzərə çatdırıb. “ Biz ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğumuz yerdəyik. Biz güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula (ÜDM) nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir. Buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq. Əlbəttə ki, milli maraqlarımızı, həyat tərzimizi və müstəqil siyasətimizi qəti şəkildə müdafiə etmişik və çoxlu uğur qazanmışıq. Mən deyərdim ki, dünya xəritəsində nisbətən yeni olan Azərbaycanın öz milli maraqlarını müdafiə edən və bütün dünyada yaxşı əlaqələr quran ölkə kimi nümunəsi onu göstərir ki, cəmiyyətdə sabitlik, birlik varsa, siz öz maraqlarınızı müdafiə edə bilərsiniz”. Artıq dünya qəbul edir ki, Azərbaycanın hüdudlarından kənara baxdıqda ölkəmizi çox proaktiv beynəlxalq oyunçu kimi görmək mümkündür. İndi Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaq istəyir. Bununla bağlı son vaxtlar Çinlə müzakirələr aparılıb. Həmçinin qlobal iqlim sammitinə ev sahibliyi etmişik. Bu, nəhəng bir tədbir idi və bu siyahını davam etdirmək olar. Azərbaycanın proaktiv yanaşmasını görmək olar. Cənab Prezidentin daha böyük planları var və onun rəhbərliyi və qətiyyəti ilə dövlətimiz irəliləməkdə davam edir. Bu barədə danışarkən Cənab Prezident vurğulayıb: “ Bizim hədəfimiz Azərbaycanın dünyanın siyasi və iqtisadi xəritəsində öz yerini tutmasından ibarət idi. Təxminən 200 ölkəni bir araya gətirən İqlim konfransına ev sahibliyi etmək böyük çağırış, böyük məsuliyyət, eyni zamanda, böyük nailiyyət idi. Azərbaycanın şaxələnmiş xarici siyasətinin daha bir nümayişi ondan ibarət idi ki, bizim namizədliyimiz bütün iştirakçı dövlətlər və qurumlar tərəfindən dəstəkləndi. Demək yerinə düşər ki, təqribən 200 ölkə və beynəlxalq təşkilat Azərbaycanın namizədliyini yekdilliklə dəstəklədi. Bundan əvvəl biz 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 4 il ərzində uğurla sədrlik etdik. Bu onu göstərir ki, bizim dostluğa, əməkdaşlığa, heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz həqiqətən də beynəlxalq arenada dəstəklənir. Ona görə də biz belə qlobal, beynəlxalq bir tədbirə ev sahibliyi edə bilərik”. Şanxay Əməkdaşlıq Təşkilatına gəldikdə cənab Preziden deyib: “Ölkəmizin statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır. Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Əlbəttə ki, beynəlxalq təşkilatlarla işləyəndə və ya onlarla daha yaxın olmaq istəyəndə siz təşkilatın tərkibinə, üzv ölkələrinə nəzər salırsınız. Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Bundan başqa, bizim coğrafi mövqeyimiz, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəmiz nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Əlbəttə ki, Çin və Mərkəzi Asiya ölkələri ilə üzərində fəal iş apardığımız məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Beləliklə, biz praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilərik. Əlbəttə ki, istənilən təşkilata qoşulmaq siyasi addımdır, lakin həmin iqtisadiyyat ölkələri daha da birləşdirən praktiki infrastruktur layihələri ilə dəstəklənməlidir. Qlobal Cənubun bir hissəsi olaraq biz Qlobal Cənubun maraqlarını müdafiə etmişik və yeri gəlmişkən, COP29-a qayıdaraq bizim ideyalarımızdan biri Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq idi. Çünki COP29-a ev sahibliyi edən ölkə kimi biz gördük ki, iqlim məsələlərinə gəldikdə, hər iki tərəf müəyyən səviyyədə bir-birinə etibar etmir və söhbət təkcə iqlimdən getmir”. Həqiqəti inkar yolu tutanlar olsa da, dövlətimizin başçısının artıq ənənəyə çevrilmiş Davos zəfərləri dünyada ölkəmizin regionun lideri obrazını möhkəmləndirməklə yanaşı, beynəlxalq aləmin anti-Azərbaycan ritorikasına da ağır zərbə vurur-deyə E. Süleymanov fikrini tamamlayıb. Geri dön |