Ana Sayfa > Özəl > Gənc alimin uğuru

Gənc alimin uğuru


Bu gün, 14:10. Yazar: sevinc1
Gənc alimin uğuru

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin əməkdaşı Sara Rəhimzadə növbəti uğura imza atıb. Onun müəllifi olduğu “Ağıllı Suvarma Texnologiyasının (SmAgTech) yaradılması” layihəsi uğurla yekunlaşıb. Sara Rəhimzadə Bakı Dövlət Universitetinin Fizika fakültəsində 2013-2017-ci illərdə bakalavr, 2017-2019-cu illərdə magistr təhsilini alıb, hal-hazırda doktoranturada təhsilini davam etdirir. O, 2022-ci ildə Azərbaycanda keçirilən TEKNOFEST Aerokosmik və Texnologiya Festivalında “Sosial yönümlü texnologiylar” kateqoriyasında üçüncü yeri tutub və həmin il Türkiyənin Samsun şəhərində keçirilən TEKNOFEST Aerokosmik və Texnologiya Festivalında iştirak edib, 2023-cü ildə İstanbulda və 2024-cü ildə Antalyada keçirilən TEKNOFEST Aerokosmik və Texnologiya Festivalında “Aqrar texnologiyalar” kateqoriyası üzrə üçüncü olub.
Sara Rəhimzadə 2024-cü ildə Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələr üzrə Qrant Müsabiqəsində Smart Agro technology layihəsi ilə qalib olub, Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022, 2023 və 2024” Gənclərin Fərdi Layihələr üzrə Qrant Müsabiqəsində qalib gəlmiş layihələrin komanda üzvü olub.

Haqqında danışacağımız “Ağıllı Suvarma Texnologiyasının (SmAgTech) yaradılması” layihəsi 2024-cü ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə keçirdiyi 5-ci qrant müsabiqəsində qalib gəlib. Həmin layihə çərçivəsində hazırlanmış cihaz və mobil tətbiq Bakı şəhəri Türkan qəsəbəsində yerləşən fərdi fermer sahələrində (kahı və kələm sahələrində) sınaqdan keçirilib.

Layihənin icrası zamanı mövcud sistemlərlə müqayisədə daha ucuz başa gələn, istifadəsi daha rahat olan avtomatik suvarma sistemi yaradılıb və təbliğ və təşviq vasitəsilə kənd təsərrüfatı ilə məşğul olan fərdi fermerlərə bu sistemin istifadəsi və tətbiq potensialı ilə bağlı məlumatlar verilib.
Bu sistem bitkilərə yalnız ehtiyac duyduqları qədər su verərək su israfını minimuma endirir və su istifadəsini daha səmərəli idarə edir. Layihənin əsas məqsədi suvarma proseslərini daha effektiv və sürətli həyata keçirmək, kənd təsərrüfatı sahəsində daha yüksək məhsuldarlıq əldə etməkdir. Layihədə uzaqdan idarə vasitəsilə əkin sahələrinin, tarlaların və istixanaların monitorinqinin həyata keçirilməsi nəzərdə tutulub. Mobil tətbiq vasitəsilə bir çox parametrin, o cümlədən, torpaq nəmliyinin, temperaturun, torpaqdakı duzlaşmanın və gübrə miqdarı kimi göstəricilərin canlı izlənməsi mümkündür. Hazırlanmış qurğuda zərərvericiləri əkin sahəsindən uzaqlaşdırmaq üçün xüsusi səs sistemi də yaradılıb. Layihə çərçivəsində meliorasiya sahəsində bilik, bacarıq və təcrübəsi olan şəxslərlə müzakirələr aparılaraq sistemin təkmilləşdirilməsi üçün yeniləmələr edilib.

Layihə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin maliyyə və Bakı Dövlət Universitetinin təşkilatı dəstəyi ilə həyata keçirilib.


Geri dön