Ana Sayfa > Manşet / Siyasət > Cəzadan yayınmaq mümkün olmayacaq !
Cəzadan yayınmaq mümkün olmayacaq !Bu gün, 13:08. Yazar: sevinc1 |
![]() Rusiya AZAL-a məxsus sərnişin təyyarəsini vuraraq cinayət törədib. Bu cinayət nəticəsində günahsız insanlar həlak olublar. Bu, təkzibolunmaz bir faktdır və hətta davamlı qarayaxma, böhtan kampaniyaları, həqarət və azğın təhdid dolu hay-küylə də inkar edilməsi mümkün deyil. Amma buna baxmayaraq, nə rəsmilərimiz, nə də media mənsublarımız heç vaxt Rusiyanın bu cinayəti bilərəkdən törətdiyini deməyiblər. Azərbaycanlılara məxsus təmkin, səbr, mərdlik, ləyaqət və yüksək əxlaq nümayiş etdiriblər. Amma hər kəsə bəllidir ki, bilməyərəkdən cinayət törətmək məsuliyyətdən azad etmir. ![]() Lakın təəsüf ki, məsuliyyət, sivil qonşuluq münasibəti və beynəlxalq hüquqa hörmət nümayiş etdirmək əvəzinə, Rusiyanın bəzi rəsmi şəxsləri nə qədər yüksək mənəvi deqradasiyaya uğradıqlarını nümayiş etdirmək yolunu seçiblər. Üzr istəmək əvəzinə böhtan, günahı etiraf etmək əvəzinə Azərbaycana qarşı iftiralar, həqiqəti etiraf etmək yerinə isə bəhanələr və hədə-qorxu cəhdləri bəzilərinin sağlam düşünmək və davranmaq imkanlarının tamamilə sıradan çıxdığını göstərir. Bütün bunların qarşılığında, təəssüf ki, indi yalnız rus ədəbiyyatının klassiklərinin əsərlərində özünü büruzə verən bir sual çıxır ortaya: “Cənablar, siz əminsiniz ki, seçdiyiniz bu yol sizə şərəf gətirəcək?” Dostoyevski “Cinayət və Cəza” əsərində məhz sizin kimilərin gələcəyini çox gözəl təsvir edib: Raskolnikov inanırdı ki, cinayət törətmək hüququna malikdir, lakin sonda günahının yükünün ağırlığı altında sarsıldı. O düşünürdü ki, güclülər heç bir məsuliyyət olmadan, cəzasız şəkildə cinayət edə bilər, amma reallıq fərqli oldu – dəhşət, tənha qalmaq qorxusu və cəzanın qaçılmaz olması hissi onu günahını etiraf etməyə məcbur etdi. Bugünkü Rusiya “kollektiv” Raskolnikova bənzəyir. Siz cinayət törətmisiniz və indi cəzadan yayınmağa çalışırsınız. Güc yolu ilə həqiqəti unutdurmağa ümid edirsiniz, lakin tarix bunun əksini sübut edir: yalan böyüdükcə, ədalətin səsi daha gur eşidilir. Məsuliyyətdən qaçmağa çalışdıqca, süqutunuz daha ağır olacaq. Seçim etmək vaxtıdır, cənablar, ya günahınızı etiraf edib həyatını itirmiş günahsız insanların qarşısında baş əyirsiniz, ya da Raskolnikovun yolu ilə gedirsiniz – səhv edənlərin, qorxu içində tənha qalanların və sonda ədalət qarşısında diz çökənlərin yolu ilə! Qaçmağa çalışa bilərsiniz, amma cəzadan yayınmaq mümkün olmayacaq! Azər Kərimli Milli Məclisin deputatı Geri dön |