Ana Sayfa > Siyasət > " Türkçülük ideologiyası dövlət siyasəti statusu qazanmaqdadır "

" Türkçülük ideologiyası dövlət siyasəti statusu qazanmaqdadır "


Dünən, 19:30. Yazar: sevinc1
" Türkçülük ideologiyası dövlət siyasəti statusu qazanmaqdadır "

Türk dünyasının ortaq elmi irsi olan “Divani lüğət-it-türk”ün yazılmasından 950 il keçir. Türk yazılı ədəbiyyatının ən dəyərli incilərindən olan bu əsər türklüyün və türkçülüyün ensiklopediyası hesab olunur. Bu gün bütün türk dövlətlərinin xarici siyasətində aparıcı istiqamətə çevrilməkdə olan türkçülük ideologiyası dövlət siyasəti statusu qazanmaqdadır. Ötən il sentyabrın 23-də VII Milli Məclisin açılış sessiyasında çıxış edən Prezident İlham Əliyev deyib: “Bu, bizim üçün prioritetdir, ... indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Bu çıxış bütün türk dövlətlərinin siyasi-iqtisadi qurumları ilə bərabər, həm də bu ölkələrin mədəni-elmi dairələri üçün birliyə çağırış idi. Bu, ortaq tarixi, mədəni və elmi-ədəbi irsimiz əsasında bütün Türk xalqlarının xoşbəxt gələcəyini birlikdə qurmağa çağırış idi. Bu çağırışın işığında türkçülük ideyasının məhək daşlarından biri olan “Divani lüğət-it-türk”ün 950 illiyi bütün türk ölkələrində xüsusi həssaslıqla, ortaq tariximizə və mədəni irsimizə böyük qayğı və məhəbbətlə qeyd olunur.



Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun Prezidenti Cavanşir Feyziyev deyib.

Deputatın sözlərinə görə, türk xalqlarının dil xüsusiyyətlərini özündə əks etdirən, türkün dili, ədəbiyyatı, mədəniyyəti, ictimai-siyasi tarixi, coğrafiyası, məişəti, düşüncə sistemi haqqında fikir formalaşdıran və türkün ilk sözlüyü hesab edilən “Divani lüğət-it-türk” kitabı türkün özünütanıma və özünütanıtma yoluna işıq salan ən möhtəşəm mədəni abidələrimizdən biridir. Türk dilinin ilk sözlüyü, ilk dil bilgisi kitabı olan ərəbcə yazılmış bu əsər Mahmud Kaşğarinin iyirmi il toplama, iki il isə düşünüb yazmaq zəhmətinin məhsuludur.

Əsərin müəllifindən danışan C.Feyziyev bildirib: “Astanada Türk dünyasının görkəmli alim və mütəfəkkiri Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsərinin 950 illik yubileyinə həsr edilmiş sərgidə nümayiş olunan əsər və xəritə, o cümlədən ötən il Parisdə baş tutan konfransın “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divani lüğət-it-türk”ün 950-ci ildönümü” adlandırılması bir daha onu təsdiqləyir ki, tarixdə ilk türk xəritəsini yaradan da məhz Mahmud Kaşğari olub”.

Deputat deyib ki, ensiklopedist, folklorçu, etnoqraf, tarixçi, ədəbiyyatşünas, coğrafiyaçı kimi müxtəlif sahələri öz şəxsində cəmləşdirən Kaşğari bütün fəaliyyətini türkçülüyə xidmət missiyası üzərində kökləmişdi. Türklərin İslamı qəbul etdikləri dövrdən bir qədər sonra iki dünyanın, iki sivilizasiyanın, iki mədəniyyətin qovuşduğu bir dövrdə yaşamış bu unikal zəka sahibi tarixdə ilk türkçü, türkçülüyün banisi, nəzəriyyəçisi və təbliğatçısı kimi öz tarixi missiyasını ərəb dünyasına Türk dünyasını bütün əlvanlığı ilə tanıtmaqda görürdü. Kaşğari zəhməti və fədakarlığı ilə bu missiyanı uğurla həyata keçirib. Tariximizə, mədəni-mənəvi təkamülümüzə minillik yol bələdçisi olan “Divani-lüğət it-türk” əsəri, sözün həqiqi mənasında, türkün yaratdığı böyük mənəvi xəzinədir. Məhz həmin "Divan"da müəllifin verdiyi dairəvi dünya xəritəsində vətənimiz Azərbaycan “ərzi Azərabadqan” şəklində göstərilir.

Əsərin yazılışının 950-ci ildönümündə Astanada sərginin keçirilməsi isə "Divani lüğət-it-türk"ün dünya mədəniyyətinə, eyni zamanda, türk xalqlarının dilinin inkişafına və mədəni irsinin öyrənilməsinə verilmiş töhfələri işıqlandırmaq məqsədi daşıyır.

“Astanada bu əsərin işığına toplaşmağı, əsərin ideyası ətrafında aparılan elmi müzakirələri də türk dilinə, mədəniyyətinə və tarixinə ehtiramın bariz nümunəsi hesab edir”, – deyə Cavanşir Feyziyev vurğulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Qazaxıstan Milli Muzeyində Türk dünyasının görkəmli alim və mütəfəkkiri Mahmud Kaşğarinin “Divani lüğət-it-türk” əsərinin 950 illik yubileyinə həsr edilmiş sərginin açılış mərasimi keçirilib. Sərginin açılışında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva, xarici işlər nazirinin müavini Alibek Bakayev, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Gülbara Abdıkalıkova, Türkiyənin Astanadakı səfiri Mustafa Kapucu, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev və Türk Akademiyasının prezidenti Şahin Mustafayevlə yanaşı, çox sayda qonaq və media nümayəndələri iştirak ediblər.
Geri dön