Ana Sayfa > Özəl > Mənim seçimim - İlham Əliyev! Qalib Xalqın Qalib Lideri!

Mənim seçimim - İlham Əliyev! Qalib Xalqın Qalib Lideri!


Dünən, 20:58. Yazar: sevinc1
Mənim seçimim - İlham Əliyev! Qalib Xalqın Qalib Lideri!

2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçilməsi xalqın öz Liderinə sarsılmaz inamından qaynaqlanmaqla, son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyərdir
Çoxəsrlik dövlətçilik tariximizdə özünəməxsus yeri olan, nadir, bənzərsiz şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev tarixin yaddaşında əbədi iz qoymaqla yanaşı - rifahı, gələcəyi üçün həyatının son gününə kimi çalışdığı doğma Vətənini müəllifi olduğu möhkəm təməllər üzərində davam etdirən layiqli davamçısı cənab İlham Əliyevə əmanət etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 21 il ərzində öz inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olmuş və hərtərəfli inkişafa nail olmuşdur.
Cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən demişdi ki, Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirəcək, hər bir vətəndaşın Prezidenti olacaq. Qeyd etmişdi ki, biz öz torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağıq, Azərbaycanın ərazilərində ikinci Ermənistan dövlətinin yaradılmasına yol verməyəcəyik. Bu və digər vədlərin hər biri əməli işlərlə tamamlanıb. Nəticə göz qabağındadır: Azərbaycan heç vaxt tarixdə bu qədər güclü və qüdrətli olmayıb. Qazanılan uğurlar sırasında Qarabağ Zəfəri isə xüsusi yer tutur. Prezidentimiz iqtisadiyyatı və ordumuzu gücləndirərək, diplomatik müstəvidə illər boyu yorulmadan fəal və təsirli iş apararaq, xalqımızı öz ətrafında yumruq kimi birləşdirərək Qələbəni addım-addım yaxınlaşdırdı. Ulu Öndərin vəsiyyətini yerinə yetirərək bizi doğma Qarabağımıza qovuşdurdu. Azərbaycanı qalib ölkəyə çevirdi, adını tariximizə qızıl hərflərlə yazdırdı. Qarabağ Zəfəri həm də türk dövlətlərinin ümumi qələbəsi kimi dəyərləndirilir və Prezidentimizin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması bunun əyani təsdiqidir. Bu gün hərtərəfli inkişaf edən, dünyada öz sözü və çəkisi olan qalib ölkə - Azərbaycan İlham Əliyevin əsəridir. Son 20 ildə regionda həyata keçirilən bütün qlobal layihələrdə Azərbaycanın müdrik Prezidentinin imzası var. Türkiyə və Azərbaycanı, Mərkəzi Asiya və Çini birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, yeddi ölkəni əhatə edən, dəyəri 40 milyard dollar olan Cənub Qaz Dəhlizi layihəsini qeyd etmək kifayətdir. Bu layihə çərçivəsində Azərbaycan qazının Avropaya çatdırılması müasir neft-qaz epopeyamızın ən parlaq fəslidir. Müasir Azərbaycan adlı əsərin digər parlaq fəsillərini dünyada böyük maraq doğuran inkişaf modelləri, intellektual brendlər təşkil edir. Son vaxtlar bu sıraya müharibənin Azərbaycan modeli də əlavə olunub. XXI əsrin müharibəsini apararaq çətin relyefə malik böyük ərazini 44 gündə azad edən Azərbaycanın hərb təcrübəsi dünyanın inkişaf etmiş ölkələrində öyrənilir.
Göründüyü kimi, Prezident İlham Əliyev xalq-hakimiyyət birliyini, başçısı olduğu dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini mükəmməl şəkildə tənzimləyən, xalqını arxasınca aparmağı bacaran güclü və savadlı Liderdir. Elə bir Lider ki, müstəqil siyasət aparmaqla yanaşı, xalqının və dövlətinin milli maraqlarını bütün mənafelərin üstündə tutur, özünü bu xüsusiyyətləri ilə sevdirir və xalqına seçkilərdə onu seçməsində haqlı olduğunu hər dəfəsində sübut edir. İstər 2003, 2008, 2013, 2018-ci illərdəki, istərsə də 2024-cü il 7 fevral prezident seçkilərində Azərbaycan siyasətində onun alternativinin olmadığı bütün dünyaya şəffaf seçkilər vasitəsi ilə və xalqın böyük dəstəyi ilə sübut olundu. Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və müdrik seçim etdi, səsini Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yolu layiqli davam etdirən, Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi cənab İlham Əliyevə verdi. Müstəqillik tariximizdə bu, tamamilə fərqli seçki idi. Çünki 7 fevral seçkisi suverenliyimizin tam bərpa olunduğu şəraitdə, işğaldan azad edilmiş Qarabağ daxil, bütün ölkə ərazisində reallaşan ilk seçki idi. Son 30 ildə ilk dəfə olaraq Qarabağda - Şuşada, Laçında, Cəbrayılda, Füzulidə, Ağdamda, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Xocalıda, Xocavənddə, Suqovuşanda seçki məntəqələri yaradılmışdı. Səsvermə günü səhər saatlarından seçicilər kütləvi şəkildə seçki məntəqələrinə axın etdi, Azərbaycanda indiyədək keçirilən seçkilərdə görünməyən seçici fəallığı müşahidə olundu. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verdilər. İlham Əliyevin səsvermə məntəqəsi kimi Xankəndini seçməsi simvolik məna daşıyırdı. Bu, dünyaya və dünya ermənizminə verilən mesajdır. Xankəndinin Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu şəhər bizim və bütün Türk dünyası üçün çox önəmlidir. Beləliklə, cənab İlham Əliyev seçicilərin 92,05 faizinin səsini qazanaraq seçkilərin qalibi oldu. Azərbaycan xalqı Zəfər seçkisində Qalib Sərkərdə İlham Əliyevə bir daha ən yüksək etimadı göstərdi, ona dövlətimizin daha da inkişafı, güclənməsi üçün növbəti 7 illik mandat verdi. Azərbaycan xalqı indi öz Prezidentini tam haqlı olaraq Müzəffər Ali Baş Komandan adlandırır və hər bir qədirbilən azərbaycanlı zəmanəmizin ən görkəmli liderlərindən biri olan, beynəlxalq arenada mühüm rol oynayan Prezidenti ilə qürur duyur!

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Geri dön