Ana Sayfa > Siyasət > " ABŞ USAID kimi təşkilatların fəaliyyətinə yenidən baxmalıdır "
" ABŞ USAID kimi təşkilatların fəaliyyətinə yenidən baxmalıdır "Bu gün, 13:42. Yazar: sevinc1 |
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkəmizdə fəaliyyətinin dayandırılması ilə bağlı qərar çox müsbət addımdır. Çünki Azərbaycan USAID-in fəaliyyətinə qadağa qoymaqla dövlətimizi təhlükələrdən qorudu. Prezident İlham Əliyevin ifadə etdiyi hər bir ifadənin real həyatda əksini tapmasının dəfələrlə şahidi olmuşuq. Belə ki, ötən ilin sonunda Prezident İlham Əliyev Dmitri Kiselyova verdiyi müsahibədə Donald Trampın USAID-i qadağan edə biləcəyi ilə bağlı proqnoz vermişdi. Bu proqnoz artıq reallaşmaqdadır. Bunun nəticəsidir ki, dövlətimizin başçısının praqmatik, uzaqgörən siyasəti Azərbaycanı qalib, dünyada sözünün çəkisi olan dövlətə çevirib. Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib. Deputat deyib ki, USAID ABŞ-ın maraqlarını ifadə etmirdi və ancaq çirkin məqsədlər üçün pulların yuyulması ilə məşğul olurdu. Belə ki, onun büdcəsindən tədbirlər, seminarlar və konfranslar keçirmək adı ilə on milyonlarla dollar vəsait silinirdi. USAlD demokratiyaya və inkişafa dəstək adı altında fəaliyyət göstərsə də, bir çox ölkələrdə sabitliyi pozmaqla dövlətlərin zəiflədilməsinə çalışırdı. Reallıq isə ondan ibarətdir ki, hansı ölkələrdə dövlətin lideri vaxtında addım atmadısa, orada inqilablar baş verdi və uzun illər formalaşdırdıqları milli dəyərlər məhv olmaq təhlükəsi ilə üzləşdi. Məsələn, Gürcüstanda, Ukraynada, Misirdə və digər ölkələrdə həyata keçirilən “məxməri inqilab”lar da buna nümunə ola bilər. “USAID Cənubi Qafqaz regionu ilə bağlı çirkin əməllərini davam etdirərək, Ermənistana müxtəlif adlarla verilən maliyyəni iki dəfədən çox artıraraq 250 milyon dollara çatdırmışdı ki, bu vəsaitlər də silahlanma üçün nəzərdə tutulurdu. Ermənistanı silahlandırmaqla regionda yenidən münaqişəni alovlandırmaq USAID-in hazırladığı planın tərkib hissəsi idi”, - deyə o əlavə edib. Deputatın sözlərinə görə, USAID, həmçinin Gürcüstanda gəncləri, bəzi media nümayəndələrini və QHT-ləri maliyyələşdirməklə uzun müddətdir ki, etiraz aksiyalarının həyata keçirilməsinə dəstək verirdi. Dövlətlərin daxili işlərinə qarışmaqla yanaşı, USAID-in məkrli planları arasında çirkli pulların yuyulması və dövlətləri daxildən dağıtmaq da olub. Bu səbəbdəndir ki, D.Trampın USAID-lə bağlı qərarı sağlam ideologiyaya sahib dünya ictimaiyyəti tərəfindən müsbət qarşılandı. ABŞ da dövlət maliyyəsinin çirkin məqsədlərlə mənimsənilməsinin qarşısı almalı və milli maraqlarını ifadə etməyən USAID kimi təşkilatların fəaliyyətinə yenidən baxmalıdır. Geri dön |