Ana Sayfa > Karusel / Siyasət / Özəl > Fərid Mustafayev: “Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Milli Konstitusiyamızda əksini tapan müddəaların böyük əksəriyyəti insan hüquqlarının qorunmasına həsr edilib”
Fərid Mustafayev: “Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Milli Konstitusiyamızda əksini tapan müddəaların böyük əksəriyyəti insan hüquqlarının qorunmasına həsr edilib”Bu gün, 10:59. Yazar: sevinc1 |
Bu gün Azərbaycan xalqı əsrlər boyu arzusu ilə yaşadığı, uğrunda mübarizə apardığı müstəqil, suveren dövlətə sahibdir. Ölkənin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. Bütün ölkə ərazisində konstitusiya quruluşumuz bərqərar olunub. Bu il xalqımız müəllifi Ulu Öndər Heydər Əliyev olan Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbəmizin 5-ci ildönümünü böyük təntənə ilə qeyd edəcək. Mövzu ilə bağlı YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Fərid Mustafayev aia.az-a müsahibə verib. - Xoş gördük Sizi Fərid müəllim. Bildiyimiz kimi Ölkə Prezidenti cənab İlham Əliyev 28 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında sərəncam imzalayıb. İlk növbədə bu qərarın mahiyyəti barədə Sizin fikirlərinizi almaq istərdim... - İlk növbədə birmənalı olaraq deyə bilərik ki, mühüm tarixi və siyasi əhəmiyyət kəsb edən bu sərəncam Vətən müharibəsində əldə olunmuş Zəfərimizin regionda və dünya siyasətində ortaya çıxardığı yeni reallıqların, eyni zamanda, 1995-ci ildə Milli Konstitusiyamızın qəbul edilməsindən sonra ötən dövr ərzində Azərbaycanın hüquqi dövlət kimi getdikcə möhkəmlənən mövqelərinin beynəlxalq təqdimatında önəmli rol oynayacaq. Eyni zamanda da bu Sərəncam milli istiqlal uğrunda tarixi mübarizəmizin məntiqi nəticəsidir. Sizin də vurğuladığınız kimi, məhz bu il Azərbaycan xalqı həm də 2020-ci il sentyabrın 27-də Ermənistanın çoxsaylı təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində əldə olunmuş tarixi Qələbəmizin 5 illiyinu qeyd edəcək. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsindən sonra isə, Konstitusiyamızın hüquqi qüvvəsi işğaldan azad edilmiş bütün ərazilərimizdə tətbiq olunub. Bu gün müqəddəs üçrəngli Bayrağımız artıq bütün əzəli torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır. Azərbaycan xalqı müdrik liderinin rəhbərliyi ilə Qarabağı və Şərqi Zəngəzuru yenidən dirçəldir, keçmiş məcburu köçkün vətəndaşlarımızın doğma ata-baba yurdlarına böyük qayıdışı təmin olunur. Əlbəttə ki, möhtərəm Prezidentimizin imzaladığı bu Sərəncam tariximizin bütün şərəfli anlarının xalqın qan yaddaşına həkk olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. - Məlumdur ki, keçmişini, tarixini bilməyən xalqın gələcəyi də olmaz. Amma təəssüflər olsun ki, Azərbaycan xalqının tarixində ağrılı-acılı dönəmlər də az olmamışdır. O cümlədən ötən əsrin sonlarına təsadüf edən müstəqilliyimizin ilk illərində gedə proseslər də heç qürurverici deyildi. Bu barədə nə deyə bilərsiz? - Bəli, 1991-93-cü illər Azərbaycan tarixinin ən qaranlıq, ölkəni bürümüş xaos və hərcmərcliklə yadda qalan səhifələridir. Həmin dövrdə müstəqilliyini yeni bərpa etmiş Azərbaycanın qarşısında duran tarixi vəzifələrinin öhdəsindən o dövrdəki iqtidar gələ bilmədi, ölkəmiz böyük çətinliklərlə, faciələrlə üz-üzə qaldı, cəmiyyət həyatının bütün sahələrində kəskin böhran, anarxiya baş alıb getdi. Torpaqlarımız cəfəng “Böyük Ermənistan” xülyası ilə yaşayan bədnam qonşularımız tərəfindən işğal edildi, xalqımızın milli mənliyinə sarsıdıcı zərbələr endirilirdi. Müstəqilliyin ilk illərində həlli çətin görünən problemlərlə üzləşmiş Azərbaycan Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamaq riski ilə, hətta deyərdim ki, ondan daha böyük təhdidlərlə, parçalanmaq və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsilə üz-üzə qalmışdı. Belə bir mürəkkəb dövrdə xalqın təkidli tələbi və çağırışı ilə ikinci dəfə respublikada siyasi hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin qorunub saxlanması və inkişafı üçün taleyüklü problemləri müdrikcəsinə həll etdi, ölkəni öz inkişaf yoluna çıxardı. Beləliklə də Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də əldə etdiyi dövlət müstəqilliyini məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirdi. 1995-ci il noyabrın 12-də isə Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Həmin hadisələrdən 30 il sonra yaşanan Azərbaycan reallıqları isə bundan ibarətdir ki, bu gün hər birimiz müasir müstəqil Azərbaycanın uğurlarından, regionda və dünyada söz sahibliyindən, möhtərəm dövlət başçımızın sözünün imzası qədər əhəmiyyətli olmasından qürur hissi ilə söhbət açırıq. Məhz ölkəmizin hazırkı vəziyyətini müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə biz qazandığımız uğurlara görə kimə borclu olduğumuzu bir daha aydın şəkildə dərk edir və bunu gələcək nəsillərə çatdırmağı qarşımıza məqsəd kimi qoyuruq. - Həqiqətən də xalqımızın azadlıq və milli istiqlal uğrunda mübarizə tarixi şanlı və şərəfli olduğu qədər də faciəvi olub. Sizcə tarixən yaşadığımız bu qədər məşəqqətlərin əsas səbəbi nə idi? - Azərbaycan xalqı məğrur və azadlıqsevər xalqdır. Lakin tarixin müxtəlif dönəmlərində müstəqillik uğrunda gedən mücadilələr son nəticədə məğlubiyyətə uğrayıb. Etiraf edək ki, bu acı məğlubiyyətlərdə obyektiv səbəblərlə yanaşı, subyektiv amillər də ciddi rol oynayıb. Daxili çəkişmələr və münaqişələr, regional və sinfi maraqların milli mənafelərdən üstün tutulması, ən başlıcası, xalqın bütün təbəqələrini vahid məqsəd ətrafında birləşdirməyi bacaran liderin olmaması məhz bu cür subyektiv amillərdəndir ki, xarici müdaxiləyə meydan açıb, milli müstəqillik üçün yaranmış tarixi şansın gerçəkləşməsinə imkan verməyib. O cümlədən XX əsrin sonlarında xalqımızın öz müstəqilliyinə yenidən qovuşması üçün növbəti tarixi şərait yarandı. 1988-ci ildən vüsət alan xalq hərəkatı Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi, xalq hərəkatının içərisindən çıxmış siyasi qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələndi. Lakin bir tərəfdən Ermənistanın torpaqlarımıza təcavüzü, digər tərəfdən isə hakimiyyət təcrübəsi və səriştəsi olmayan milli qüvvələrin daxili və xarici siyasətdə buraxdığı səhvlər xalqımızı ciddi təhlükə qarşısında qoydu. Siyasi didişmələr və silahlı qruplaşmaların mübarizəsi ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxardı. Bütün bunlar yenicə qazanılmış müstəqilliyin itirilməsinə səbəb ola bilərdi. Lakin bu dəfə tarix təkrarlanmadı. Çünki əvvəlki dövrlərdən fərqli olaraq indi xalqın bütün təbəqələrinin inandığı və güvəndiyi Ümummilli Lider, böyük siyasi iradəyə və təcrübəyə malik şəxsiyyət – Heydər Əliyev var idi. Xalqın mütləq əksəriyyətinin, o cümlədən hakimiyyət nümayəndələrinin təkidli tələbi ilə Bakıya gəlib Ali Sovetin sədri, daha sonra ölkə prezidenti seçilən Ulu Öndər bu dəfə müstəqilliyimizə qarşı yönəlmiş bütün ssenariləri pozdu, Azərbaycanın hansısa xarici qüvvələrin əlində oyuncağa çevrilməsinə imkan vermədi. Bu, çoxəsrlik tariximizdə şəxsiyyətin roluna dair ən bariz nümunə, ən parlaq örnəkdir. - Fərid müəllim, ümumiyyətlə Azərbaycanda konstitusiya quruluşunun tarixi və formalaşması barədə nə deyə bilərsiniz? - Məlum olduğu kimi, 1918–1920-ci illər ərzində, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu məsələlərində bir çox önəmli nailiyyətlərə imza atsa da, dövlətin əsas Qanununu qəbul edə bilmədi. Azərbaycanın ilk Konstitusiyası isə artıq sovetlər dönəmində, 1921-ci ildə qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci ildə həmin Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci ildə Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsindən sonra, 1937-ci ilin mart ayında Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib. Nəhayət, Sovet İttifaqının tarixində sonuncu dəfə 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra, digər müttəfiq respublikalarda olduğu kimi, Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi də hazırlanıb. Təbii ki, bu konstitusiyalar tamamilə SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı və bu səbəbdən də Azərbaycan xalqının milli mənafeylərinə qətiyyən xidmət edə bilməzdi. Bununla belə, son dərəcə vacib bir məqamı qeyd etmək lazımdır ki, həmin dövrdə Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev 1977-ci ildə qəbul edilmiş yeni Konstitusiyanın mətninə milli-ideoloji mənsubiyyətimizi vurğulayan həyati əhmiyyətli məqamların əlavə edilməsinə, Əsas Qanunda ana dilimizin dövlət statusunun təsbit edilməsinə nail olmuşdu. Əlbəttə ki, bu addım Kremlin siyasətinə tamamilə zidd idi və buna görə də böyük risklərlə bağlı idi. Lakin öz xalqının müstəqil gələcəyi üçün canından keçməyə hər an hazır olan Ulu Öndər heç zaman belə təhlükələr qarşısında geri çəkilməyib. - Məlumdur ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının və dövlətçiliyinin qarşısında olan sonsuz sayda müstəsna xidmətlərindən biri də məhz Milli Konstitusiyamızın qəbul olunmasıdır. Bu xüsusda Sizin də fikirlərinizi eşitmək çox maraqlı olardı... - Tamamilə sizinlə razıyam. Ulu Öndər Heydər Əliyevin öz xalqı qarşısında olan misilsiz xidmətlərindən danışarkən əlbəttə ki, Ümummilli Liderimizin müstəqil Azərbaycan Konstitusiyasının hazırlanmasında oynadığı müstəsna rolu xüsusi qeyd olunmalıdır. 1993-cü ildə, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublikada siyasi hakimiyyətə qayıdışı müstəqil Azərbaycan dövlətçiliyinin əsasını qoydu. Ümummilli Lider xalqı müstəqil Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdirməklə özünün tarixi missiyasını yerinə yetirdi və dövlətçiliyik tariximizin ən şərəfli səhifələrini yazdı. Ulu Öndərin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkədə tezliklə bərpa edilmiş qanunçuluq və hüquq qaydası bərpa edildi. Bununla da Azərbaycan xalqının və dövlətinin tarixində ilk milli Konstitusiyanın qəbul edilməsi üçün lazımi ictimai-siyasi şərait yaranmış oldu. 1995-ci ilin mayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyevin imzaladığı 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Həmçinin əsas Qanun ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirdi, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Yeni Konstitusiya humanizm və demokratiya prinsipləri ilə ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, dövlətçiliyimizin tərəqqisi naminə hərtərəfli zəmin yaratdı. - Fərid müəllim, bəs sonrakı illərdə Konstitusiyaya olunmuş əlavə və dəyişikliklər barədə nələri deyə bilərsiniz? - 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı. İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Ölkə Prezidenti cənab İlham Əliyev bu tarixi sənəd barədə demişdir: “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.” Milli Konstitusiyamızda əksini tapan müddəaların böyük əksəriyyəti də insan hüquqlarının qorunmasına həsr edilib. Konstitusiyamızın qəbulundan ötən dövr ərzində bu ali sənədə 3 dəfə: 2002, 2009 və 2016-cı illərdə əlavə və dəyişikliklərin edilməsi və əlbəttə ki, cənb Prezident İlham Əliyevin Sərəncamı ilə 18 iyun tarixinin ölkəmizdə” İnsan Hüquqları Günü” kimi təsis olunması insan hüquqlarının qorunmasının prioritetliyini təsdiqləyir. 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi də ölkəmizdə bu sahədə atılan növbəti addımların davamıdır. - Fərid müəllim, ətraflı müsahibənizə görə Sizə təşəkkür edirəm. Sağ olun. - Mən də sizə təşəkkür edirəm, sağ olun. Geri dön |