Ana Sayfa > Manşet / Siyasət > Nəsib Məhəməliyev: "Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız təsəvvür etmək mümkün deyil"

Nəsib Məhəməliyev: "Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız təsəvvür etmək mümkün deyil"


Dünən, 18:30. Yazar: sevinc1
Nəsib Məhəməliyev: "Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız təsəvvür etmək mümkün deyil"

Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil.

Hazırda ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılır və ortaq müəssisələr, müştərək müəssisələr qurulur.
Azərbaycan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevrilib. Adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq dənizlərə çıxışı var. Bizim isə dünya okeanlarına çıxışımız yoxdur. Amma buna baxmayaraq, dövlətimizin gördüyü işlər nəticəsində Azərbaycan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevrilib. İşlər davam edir, həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə indi əlavə tədbirlər görülür. Çünki vaxtilə hesablanmış yüklərin həcmi artıq onu göstərir ki, bu yollardan daha böyük həcmdə yüklər keçəcək.

Bundan əlavə, bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilmişdir. Kənd yolları, şəhərlərarası yollar, magistral yollar çəkilmişdir. İllər keçdikcə indi əvvəlki vəziyyət yaddan çıxır. Ancaq əgər 20 il əvvələ nəzər salsaq görərik ki, o vaxt yollarımız nə vəziyyətdə idi. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Yanvarın 28-də Prezident İlham Əliyevin sədrliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə nəqliyyat sahəsində mövcud problemlər müzakirə edilib, bu sahədə son illlərdə görülən işlər və qarşıda duran vəzifələrdən danışılıb.

Çıxış edərək mövcud vəziyyətlə bağlı bir sıra məsələlərə toxunan dövlətimizin başçısı son illər ərzində bu istiqamətdə bir çox işlərin görülməsinə, böyük infrastruktur layihələrinin icra edilməsinə baxmayaraq, yenə də Bakı şəhərində tıxacların sayının ildən-ilə artdığını vurğulayıb. Bunun təbii səbəblərinin olduğunu diqqətə çatdıran prezident İlham Əliyev bildirib ki, “Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir.”

Çıxışı zamanı bütün ölkə üzrə nəqliyyat infrastrtukturunda əldə olunan uğurlu nəticələri rəqəmlər əsasında xatırladan dövlətimizin başçısı bildirib ki, “Son 20 ildə Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib.” Bəli, Azərbaycanda nəqliyyat məsələləri həmişə diqqət mərkəzində saxlanılıb və ölkəmizdə nəqliyyat infrastrukturu sürətlə inkişaf edir. Son 20 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni yollar salınıb, yeni metro stansiyaları istifadəyə verilib. 2008-ci ildən bu günə qədər metronun yeddi yeni stansiyası tikilib, qəbul ediləcək Dövlət Proqramında yeni 10 metro stansiyasının tikintisi nəzərdə tutulub. Şəhərimizə artıq 161 yeni elektrik avtobusu gətirilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yaxın gələcəkdə Bakı sakinləri bunun xeyrini görəcəklər.

Azərbaycanın şəhərləri arasındakı bağlantıların təmin edilməsi üçün bir neçə yeni qatar istiqaməti müəyyənləşdirilib – Bakı-Qəbələ, Bakı-Balakən və Bakı-Ağstafa dəmir yolları fəaliyyətini bərpa edib. Ölkəmizdə səkkiz beynəlxalq hava limanı inşa edilib. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir.

Son 20 ildə reallığa çevrilən nəqliyyat layihələri sırasında Bakı-Tbilisi-Qars xüsusi yer tutur. Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən və qitələri birləşdirən önəmli layihə kimi dünya birliyinin diqqətini cəlb edən Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın tranzit ölkə kimi mövqeyini daha da möhkəmləndirib. Müşavirədə ölkə Prezidenti bu layihənin bizim üçün strateji layihə olduğunu önə çəkərək qeyd edib ki, gələcəkdə bu layihədən digər ölkələr, o cümlədən onların müttəfiqləri də faydalanacaq.

Ölkə başçısı müşavirədə son illərin vacib layihələrdən biri olan yeni Dəniz Ticarət Limanının inşasına da toxunulub. Köhnə limanın şəhər mərkəzindən çıxarıldığını, həmin ərazidə abadlıq işlərinin aparılacağını və bu zonanın şəhərimizin ümumi inkişafına əlavə töhfə verəcəyini bildirib. Prezident İlham Əliyev Bakıda gəmiqayırma zavodunun inşa edilməsinin də olduqca uğurlu layihə olduğunu vurğulayıb.

Dövlətimizin başçısı eyni zamanda, hazırkı dövrün əsas çağırışlarından olan işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri fonunda həyata keçirilən mühüm nəqliyyat layihələrindən də geniş bəhs edib və Zəngəzur dəhlizinin açılması üçün praktiki addımlar atıldığını, Azərbaycan tərəfindən irəli sürülmüş bu layihənin mütləq həyata keçiriləcəyini vurğulayıb. Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Bakı şəhərində nəqliyyatın gələcək inkişaf məsələlərinə xüsusi olaraq toxunaraq bildirib ki, “Bakı şəhərinə və onun ətrafında yerləşən ərazilərə, burada yenə də deyirəm, yeni dövlət proqramının qəbul edilməsi zəruridir. Bu, çox böyük proqram olacaq, böyük maliyyə tutumlu proqram olacaq. Bütün aidiyyəti qurumların birgə fəaliyyətini və səmərəli işlərini tələb edən proqram olacaq”.

Bəli, bu gün dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən layihələr və yeni qəbul olunacaq Dövlət Proqramı paytaxtımızın və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını təmin edəcək, vətəndaşlarımızın nəqliyyat imkanları daha da yaxşılaşdırılacaq.

Nəsib Məhəməliyev
Milli Məclisin deputatı

Geri dön