Ana Sayfa > Manşet / Siyasət > "Gənclər İlham Əliyevin siyasətini dəstəkləyir"

"Gənclər İlham Əliyevin siyasətini dəstəkləyir"


Bu gün, 15:00. Yazar: sevinc1
"Gənclər İlham Əliyevin siyasətini dəstəkləyir"

Sürətlə inkişaf edən ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni və siyasi-ictimai həyatın bütün istiqamətlərində gənclərin fəal iştirakı nəzərə çarpır. Gənclər sadəcə bu prosesin iştirakçısı deyil, həyata keçirilən fəaliyyətlərin aparıcı qüvvələri kimi çıxış edirlər. Hazırda istənilən sahədə gənclərin fəallığına rast gəlmək mümkündür.

Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qazanılması, qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Yeni dövrdə də gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması dövlət siyasətinin mühüm tərkib hissəsidir. Dövlətimizin gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını ortaya qoymaları, cəmiyyətdə layiqli yer tutmaları üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemini nəzərdə tutur. “Gənclər siyasəti haqqında” Qanunda məhz bu məqsədlər öz əksini tapıb.

Heydər Əliyev gənc nəslin dövrün tələblərinə uyğun yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndərin imzaladığı sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı.

Gənclər forumu Ümummilli lider Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təqdimatı idi. 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında I Forumun keçirildiyi tarix - 2 fevral günü Azərbaycanda Gənclər Günü elan edildi. Sonrakı illərdə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərimizin fəaliyyət istiqamətlərinin genişləndirilməsində əhəmiyyətli rol oynadı.

Bu qayğı zamanın çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən günümüzdə məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların təhsil qayğıları və sosial iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər), “Xüsusi istedada malik olan gənclərin yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” kimi proqramları təsdiq edib. Proqramlara uyğun olaraq gənclərin təhsili, sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli-mənəvi dəyərlərin qorunması, hərbi vətənpərvərlik hissinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliğ edilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Ölkə başçısının ardıcıl səyləri sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Respublikamızın bütün bölgələrində beynəlxalq standartlara cavab verən idman komplekslərinin tikintisi kütləvi idmanın inkişafına səbəb olub. Bakıda Dünya və Avropa miqyaslı yarışların keçirilməsi ölkəmizin idman şöhrətindən, müxtəlif yarışlarda qazanılan çoxsaylı mükafatlar isə gənclərin uğurlarından, onlar üçün yaradılmış gözəl şəraitdən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu tam aydınlığı ilə ortaya qoyur. Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın nüfuzlu ali məktəblərində dövlət hesabına təhsil almağa göndərilməsi gənclərin təhsilinə göstərilən qayğının təzahürüdür.

Müstəqillik dövründə gənclərin ictimai-siyasi fəallığı vətəndaş cəmiyyətinin qurulması üçün zəruri şərtlərdən biri kimi yeni demokratik münasibətlərin formalaşmasına təkan verib. Gənclərin ictimai-siyasi fəallığının yüksəlməsi, gənclərə öz xalqı və dövlətinin gələcəyi üçün məsuliyyət hisslərinin aşılanması, onların milli - mənəvi tərbiyəsinin, siyasi mədəniyyətinin yüksəlməsi ilə sıx bağlı olub. Bu mənada, Ümummilli lider Heydər Əliyevin fikirləri gənclər üçün həmişə çıraq olub. “Gənclər özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır”- deyən Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilk, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsinə xidmət edir. Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi – hüquqi və iqtisadi-sosial islahatların həyata keçirilməsi ilə bağlı Ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi bu strategiyanın verdiyi töhfələr bütün dünya xalqlarını heyrətləndirməkdədir.

“Yalnız milli xarakterli, milli düşüncəli gənclər müstəqil dövləti inkişaf etdirə və qoruya bilər” deyən ulu öndərin Azərbaycan gəncliyi ilə bağlı olan konsepsiyasına görə hər bir gəncin müstəqil düşüncə tərzi olmalı və bunun nəticəsi olaraq milli özünüdərk formalaşmalıdır. Məhz bu mənəviyyat üzərinə köklənən Azərbaycan gəncliyi Qarabağın azad olunmasında, tarixi Zəfərdə öz sözünü deyib.

Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan Azərbaycan Ordusu sıralarında Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyətini gənclərimiz təşkil edir. Azərbaycan gənclərinə günü-gündən artan dövlət qayğısı nəticəsində bu gün orduda vətənpərvər, mənəviyyatca saf, fiziki cəhətdən sağlam gənclər xidmət edirlər. 2016-cı ilin aprelində təmas xəttində düşmənin hər cür təxribatına inamla cavab verən, 2020-ci ilin sentyabrında 44 günlük Vətən savaşında, 2023-cü ilin sentyabrında antirerror əməliyyatlarında sinəsini sipər edən Azərbaycan əsgərinin hər an, hər dəqiqə xalqın dəstəyini hiss etməsi, gənclərimizin bir nəfər kimi Vətən torpağının müdafiəsi uğrunda son nəfəsinəcən mübarizəyə, mücadiləyə hazır olmasını əyani şəkildə nümayiş etdirməsi, gənclərə münasibətdə Heydər Əliyev kursunun və İlham Əliyev siyasətinin təntənəsidir.

Çağdaş dövrdə Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

Cavanşir Feyziyev,
Millət vəkili, fəlsəfə doktoru
Geri dön