Ana Sayfa > Manşet / Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 > Ulu Öndərin ideyalarına sadiq olan müasir gənclik millətimizin və dövlətimizin etibarlı gələcəyidir

Ulu Öndərin ideyalarına sadiq olan müasir gənclik millətimizin və dövlətimizin etibarlı gələcəyidir


Bu gün, 17:40. Yazar: sevinc1
Ulu Öndərin ideyalarına sadiq olan müasir gənclik millətimizin və dövlətimizin etibarlı gələcəyidir

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri

Ulu Öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutub. Müdrik dövlət xadimi ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkədə sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü kimi tariximizə düşüb. Gənclər siyasətinin bünövrəsi məhz həmin dövrdə qoyulmuşdur. Qeyd etmək zəruridir ki, keçən əsrin 70-80-ci illərində müdrik rəhbərin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilib. Təkcə, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc bu qayğı ilə əhatə olunub.
Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə qayıdışını ən çox alqışlayanlar elə gənclərin özü idi. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclər də onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsindən sonra gənc nəslə münasibət kökündən dəyişdi və Ulu Öndər ilk görüşünü məhz gənclərlə keçirdi. Ümummilli lider 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında onlara dərin inam bəslədiyini bildirdi. Onun “Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir” -sözləri hər kəsin həyat devizinə çevrildi.
Ümummilli lider Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox mühüm və önəmli hesab edərək söyləyirdi: "Mənim üçün ən əziz nemət, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır".
1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”
1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər Heydər Əliyev hər il fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında Sərəncam imzaladı. Məhz Ulu Öndərin təşəbbüsü ilə bir sıra dövlət idarələrində, nazirliklərdə yüksək ixtisaslı gənc kadrların işə cəlb olunması, müxtəlif məsul vəzifələrə təyinatları Azərbaycan gəncliyinə olan diqqət və qayğının təzahürü idi.
Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf və tərəqqi siyasəti nəticəsində bu gün ölkəmiz yeni bir inkişaf dövrünə qədəm qoyub. Artıq prezident İlham Əliyevin uğurlu siyasətinin nəticələri özünü əhalinin rifah halının yüksəlməsində və iqtisadi inkişaf sahəsində göstərməkdədir.
Dövlət başçısının 2007-ci ili gənclər ili kimi qeyd etməsi də çox mühüm tarixi hadisə idi. Bu sərəncam Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğını əyani şəkildə sübut edir. İndi iqtisadiyyatın müxtəlif sahələrində aparıcı qüvvə kimi gənc nəsil iştirak edir. Cəmiyyətin hər bir sahəsində gənclərin rolu böyük əhəmiyyət kəsb edir. Bu, hər şeydən əvvəl dövlətimizin gənc nəslə göstərdiyi qayğının bariz nümunəsidir. Azərbaycan gəncliyinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası sahəsində böyük uğurlar qaznılmışdır. Respublikanın gənclər təşkilatları BMT-nin, YUNESKO-nun, Avropa Şurasının, Avropa Birliyinin və s. beynəlxalq qurumların gənclər proqramlarına qoşulur, birgə layihələrdə iştirak edir, MDB və digər ölkələrin gəncləri ilə müntəzəm tədbirlər keçirirlər.
Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Bu siyasət gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa edilib, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşub.
Gənclərin ictimai-siyasi proseslərdə, müstəqil Azərbaycanın inkişafında lazımı səviyyədə iştirak edə bilməsi üçün mənəvi əsas olmalıdır. Bu mənəvi əsas əsrlər boyu xalqımızın əldə etdiyi milli dəyərlər, vətənpərvərlik duyğusu, torpağa bağlılıq, milli tariximizə olan sevgi və Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi ideoloji bazadan ibarətdir.

Bu gün gənclərimiz məhz bu zəmin əsasında ölkəmizin bütün idarəetmə stukturlarında, qurumlarda, vətəndaş cəmiyyəti institutlarında layiqincə təmsil olunur. Azərbaycan gəncliyi bu mövqedə öz məsuliyyətini dərindən dərk edir və üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışır. Çünki Azərbaycanın gələcək uğurları bu gün gəncliyin sahibləndiyi bilik, bacarıq və mənəvi tərbiyədən asılıdır. Müstəqilliyin qısa tarixi dövründə yüksək ideyalarla, müqəddəs amallarla, milli-mənəvi dəyərlərlə, müasir texnologiyaya əsaslanan elm və təhsilin son nailiyyətləri ilə silahlanan Azərbaycan gəncliyinin əldə etdiyi, həmçinin, dünya gəncləri ilə mədəni və mənəvi inteqrasiyada qazanılmış uğurları millətimizin və dövlətimizin etibarlı gələcəyindən xəbər verir.

Geri dön