Ana Sayfa > Manşet / Siyasət > Bədəl Bədəlov: "Vətənpərvər Azərbaycan gəncliyi - müasir, qüdrətli və qalib Azərbaycanın etibarlı gələcəyi"

Bədəl Bədəlov: "Vətənpərvər Azərbaycan gəncliyi - müasir, qüdrətli və qalib Azərbaycanın etibarlı gələcəyi"


Dünən, 20:35. Yazar: sevinc1
Bədəl Bədəlov: "Vətənpərvər Azərbaycan gəncliyi - müasir, qüdrətli və qalib Azərbaycanın etibarlı gələcəyi"

"Ulu Öndər Heydər Əliyev gənclərin inkişafı və təhsilinə xüsusi diqqət yetirərək, bu sahəni ölkənin gələcəyinin prioriteti hesab etmişdir. Ümummilli Liderin gənclərə olan inamı və dəstəyi onların müasir dövrdəki mühüm rolu və gələcəkdəki mövqeləri barədə dərin təhlil və müzakirələrə zəmin yaradır. Ulu Öndər gənclərin ölkə iqtisadiyyatı, mədəniyyəti və sosial həyatı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Heydər Əliyev qeyd etmişdir: “...Mən əminəm ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Çünki bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclərdir, vətənpərvər gənclərdir, xalqını, millətini sevən gənclərdir. Mən əminəm ki, müstəqil Azərbaycanın gələcəyini qoruyub saxlaya bilən gənc nəsillər yetişir”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.


B. Bədəlov qeyd edib ki, Heydər Əliyev həmçinin gənclərin xaricdə təhsil alması üçün geniş imkanlar yaradıb: "Ulu Öndərin təşəbbüsü ilə ölkə gəncləri beynəlxalq təhsil proqramlarına cəlb edilmiş, onların peşəkar inkişafı və qlobal səviyyədə rəqabət qabiliyyətliliyinin artırılması üçün mühüm addımlar atılmışdır. Bu təşəbbüslər nəticəsində minlərlə gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq imkanı qazanmışdır. Ümummilli Lider gənclərə öz bilik və bacarıqlarını artırmaq üçün sərhədsiz imkanlar yaradılmasını vacib hesab etmişdir. 2001-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərə Prezident təqaüdünün təyin edilməsi gənclərin təhsil sahəsindəki motivasiyasını yüksəldib. Bu qərar, eyni zamanda, istedadlı və potensiallı gənclərin inkişafı üçün böyük bir stimul olub".

Deputat bildirib ki, Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2007-ci ilin ölkəmizdə “Gənclər ili”nin elan edilməsi gənclərin ölkənin ictimai-siyasi həyatında daha fəal iştirakını təmin etmiş və bu istiqamətdə çoxsaylı proqramlar həyata keçirilib: "Azərbaycan gəncləri Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq, dövlətçilik prinsiplərinə əsaslanan bir şəxsiyyət kimi ölkəmizin inkişafına töhfə verirlər. Milli vətənpərvərlik ruhunda yetişən gənclər 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ildə keçirilən lokal xarakterli antiterror əməliyyatlarında fəal iştirak etməklə ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Zəfərin qazanılmasında həlledici rol oynayıblar. Müasir dövrün gəncləri, həmçinin müxtəlif sahələrdə inkişaf edərək iqtisadiyyatdan idmana, mədəniyyətdən elmə qədər geniş bir spektrda ölkənin inkişafına töhfə verirlər".

O, vurğulayıb ki, 2 Fevral - Azərbaycan Gəncləri Günü gənclərin təhsili, mədəni inkişafı, sosial fəaliyyəti və dövlətin onlara göstərdiyi dəstəyin bariz nümunəsidir. Bu əlamətdar gün gənclərin inkişafına və dövlətin onlara verdiyi dəyərin təntənəsi olaraq, hər il daha da genişlənən fəaliyyət və təşəbbüslərlə qeyd olunur: "Gənclər müxtəlif seminarlar, konfranslar, sərgilər və digər tədbirlərdə fəal iştirak edir, bütün imkanlardan səmərəli şəkildə yararlanırlar. Gənc nəsil hər zamankindən daha güclü, bilikli və vətənpərvər ruhda yetişərək Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu gənclər siyasəti və Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət sayəsində ölkənin parlaq gələcəyinin təminatında mühüm rol oynayır".


Geri dön