Ana Sayfa > Siyasət > "Azərbaycanın yaratdığı müasir nəqliyyat infrastrukturu beynəlxalq və regional müstəvidə ölkəmizin rolunu daha da artırır"
"Azərbaycanın yaratdığı müasir nəqliyyat infrastrukturu beynəlxalq və regional müstəvidə ölkəmizin rolunu daha da artırır"29-01-2025, 15:30. Yazar: sevinc1 |
Azərbaycanın yaratdığı müasir nəqliyyat infrastrukturu beynəlxalq və regional müstəvidə ölkəmizin rolunu daha da artırır. Təsadüfi deyil ki, bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir və bu, ölkəmizin iqtisadi inkişafına mühüm töhfə verir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı söyləyib. “Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında qeyd etdiyi kimi, ölkəmizdə müasir nəqliyyat infrastrukturunun formalaşdırılması istiqamətində olduqca mühüm layihələr reallaşdırılıb. Bütün yol infrastrukturu yenilənib, o cümlədən kəndləri, qəsəbələri, şəhərləri birləşdirən yollar salınıb. İşğaldan azad olunmuş ərazilərdə də bu gün müasir yol infrastrukturu qurulur”, - deyə deputat bildirib. O vurğulayıb ki, Azərbaycan yerləşdiyi coğrafi mövqeyin yaratdığı imkanlardan səmərəli istifadə edərək strateji nəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçməsinə nail olub. Belə ki, ölkəmizin təşəbbüsü və iştirakı ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu bu gün Avrasiyanın nəqliyyat xəritəsində önəmli rola malikdir. Yaradılan müasir infrastruktur nəticəsində Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin ölkəmizin ərazisindən keçməsi təmin edilib. M.Qasımlı, həmçinin deyib: “Nəqliyyat infrastrukturundan danışarkən, əlbəttə, ölkəmizin ərazisində mövcud olan müasir hava limanlarının imkanlarını xüsusi qeyd etmək lazımdır. İşğaldan azad edilən Füzulidə və Zəngilanda müasir beynəlxalq hava limanları artıq istifadəyə verilib, Laçın hava limanının inşası davam etdirilir. Həmçinin Qəbələdə və Zaqatalada müasir hava limanları var. Digər hava limanları isə əsaslı təmir olunub. Bir sözlə, bu gün bütün sahələrdə dayanıqlı inkişafa malik Azərbaycan müasir nəqliyyat infrastrukturu ilə də diqqət mərkəzindədir”. Azərbaycanın uzun illər ərzində Ermənistanı bütün regional və qlobal əhəmiyyətli layihələrdən kənarda saxladığını xatırladan M.Qasımlı qeyd edib ki, Vətən müharibəsindən sonra Ermənistan yaranmış fürsəti dəyərləndirə bilmir. Zəngəzur dəhlizinin açılması 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatla Ermənistanın üzərinə götürdüyü öhdəlikdir. Regional kommunikasiyaların açılması hazırkı vəziyyətdə Ermənistanın inkişaf yoluna qədəm qoyması üçün yaxşı çıxış yolu ola bilər. Bu regionda Azərbaycanın razılığı olmadan hər hansı beynəlxalq layihənin icrası mümkün deyil. Buna görə də Ermənistan Azərbaycandan Azərbaycana heç bir maneənin olmadığı yolun açılmasını təmin etməlidir. Bu, Ermənistanın üzərinə götürdüyü öhdəlik, Azərbaycanın isə haqlı tələbidir. Vətəndaşların yüksəkkeyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunmasının daim dövlətin diqqət mərkəzində saxlanıldığını söyləyən Mircəlil Qasımlı qeyd edib ki, iqtisadi inkişaf, əhalinin artımı bu gün dünyanın qabaqcıl şəhərlərində olduğu kimi, ölkəmizdə də tıxacların artmasına gətirib çıxarıb. Dövlətimizin başçısının tapşırığı ilə həyata keçirilən layihələr, yeni qəbul olunacaq Dövlət Proqramı bu məsələni həll etməklə yanaşı, paytaxtımızın və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını təmin edəcək. Geri dön |