Ana Sayfa > Özəl > Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar

Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar


Bu gün, 10:36. Yazar: sevinc1
Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin yanvar ayının 17-də Gürcüstan Respublikasının Baş naziri İrakli Kobaxidze ilə görüşmüşdür. Görüşdən sonra mətbuata bəyanatla çıxış edən dövlətimizin başçısı bildirib ki, bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.
Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır.
Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.
Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir.

Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Geri dön