Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-5 > Novruzəli Aslanov: “Azərbaycan-Gürcüstan strateji əlaqələri uğurla inkişaf edir”
Novruzəli Aslanov: “Azərbaycan-Gürcüstan strateji əlaqələri uğurla inkişaf edir”Bu gün, 09:00. Yazar: sevinc1 |
“Dost və qonşu ölkə olan Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidzenin ilk olaraq məhz Azərbaycana səfər etməsi ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Cənab Prezident İlham Əliyev yanvarın 17-də Gürcüstanın Baş naziri ilə mətbuata birgə bəyanatla etdiyi çıxışında da “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə təbriklərini çatdıraraq, cənab Kobaxidzenin ilk xarici səfərə məhz Azərbaycana gəlməsini yüksək qiymətləndirdiyini bildirdi. Qeyd olundu ki, Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar və bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Ölkələrimiz arasındakı siyasi əlaqələr isə bütün qonşular üçün nümunə ola bilər. Qeyd etmək yerinə düşər ki, cənab Prezidenti İlham Əliyev Gürcüstana indiyədək 11 dəfə səfər etmişdir. Son rəsmi səfər 05-06 noyabr 2015-ci ildə, işgüzar səfər 08 oktyabr 2023-cü ildə həyata keçmişdir. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə 2024-cü ilin 11 noyabr tarixində Azərbaycanda işgüzar səfərdə olmuşdur.” Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Fikirlərini davam etdirən deputat daha sonra Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan və Gürcüstanın mühüm rol oynamalarına dair cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin əhəmiyyətini qeyd edərək bunları diqqətə çatdırıb: “Məlumdur ki, Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları olaraq, onun reallaşdırılmasında da xüsusi rola malikdirlər. Bu barədə mətbuata bəyanatla etdiyi çıxışında öz fikirlərini bildirən cənab Prezident İlham Əliyev vurğuladı ki, bu gün Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir və bu, əlbəttə ki, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq. Çünki Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə artır. Müasir dünyada gedən geosiyasi proseslər isə, yaxın gələcəkdə bu tendensiyanın davam edəcəyini deməyə bütün əsasları verir. Dövlət başçımızın dediyi kimi, Avropa qitəsində Azərbaycan qazına tələbat ildən-ilə artacaq. Bu tələbatı ödəmək üçün ölkəmizin həm resursları, həm də sərmayə qoymaq üçün maliyyə imkanları var. Həmçinin Azərbaycan Gürcüstan kimi etibarlı dost ölkələrlə qurduğu sağlam münasibətlər sayəsində geniş tranzit imkanlarına sahibdir. Bu isə o deməkdir ki, Azərbaycan və Gürcüstanın iki etibarlı tərəfdaş kimi çıxış etdikləri enerji layihələri bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |