Ana Sayfa > Özəl > İlk siyasi hüquqi qiymət

İlk siyasi hüquqi qiymət


Dünən, 17:12. Yazar: sevinc1
İlk siyasi hüquqi qiymət

Süquta məhkum olmuş Sovet rejimi özünün son günlərində bütün mövcudiyyəti ərzində törətdiyi cinayətlər sırasına misli görünməmiş bir faciəni də əlavə etdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə yeridilən Sovet ordusu hissələri Ermənistanın respublikamıza qarşı ərazi iddialarını SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəkləməsinə və Azərbaycanın o zamankı rəhbərliyinin xəyanətkar siyasətinə etiraz əlaməti olaraq ayağa qalxmış xalqımıza vəhşicəsinə divan tutdu. Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz etmiş, nəsildən-nəslə qan yaddaşı və genlərlə ötürülmüşdür. O ağır günlərdə faciə ətrafında xəyanət sükutunu ilk yaran Heydər Əliyevin haqq səsi oldu. Faciənin ertəsi günü ilk dəfə olaraq Heydər Əliyevin Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə qarşı etiraz səsi ucaldı. Təbii ki, milli-azadlıq istəyi ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilən bu müdhiş faciə qəlbi Vətən eşqi ilə döyünən xalqın mərd və mübariz oğlunu narahat etməyə bilməzdi. Çünki dahi insan, uzaqgörən şəxsiyyət yaxşı bilirdi ki, bu faciə totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayətidir.

Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi “1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərarda 20 Yanvar faciəsinə ilk hüquqi-siyasi qiymət verildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı kifayət qədər vaxtları və imkanları olsa da, nə o zamankı iqtidar, nə də ondan sonra hakimiyyəti zəbt etmiş AXC-Müsavat qaragüruhu bunu etdi. Əksinə, onlar müxtəlif səthi qərarlar qəbul edərək bu cinayəti xalqımıza unutdurmağa çalışdılar.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər xiyabanını ziyarət etdi və tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Məhz Onun Sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olundu. Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına çevrildi. Şəhid ailələri dövlət qayğısı ilə əhatə olundu. 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi və müavinət təminatını daimi diqqət mərkəzində saxladı. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli Fərmanı ilə 20 Yanvar təcavüzü zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verildi, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 2003-cü il 15 yanvar tarixli Sərəncama əsasən əlil olmuş şəxslərə verilən aylıq müavinət artırıldı və bu iş davamlı olaraq həyata keçirilir.

Müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində bünövrəsini Ümummilli Liderin qoyduğu işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu yöndə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun daha da yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Şəhidlər xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurularaq abadlaşdırılıb. 2006-cı il yanvarın 19-da dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdü təsis edilib.

Şəbnəm Uğurlu
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının 54 saylı ərazi partiya təşkilatının sədri
Azərbaycan Respublikası Qabaqcıl Təhsil işçisi, Laçın şəhər 2 nömrəli tam orta məktəbin direktor müavini
Geri dön