Ana Sayfa > Ölkə > İqtisadiyyat Nazirliyində 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib

İqtisadiyyat Nazirliyində 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib


Dünən, 16:33. Yazar: sevinc1
İqtisadiyyat Nazirliyində 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirilib

20 Yanvar Azərbaycan xalqının tarixi yaddaşına istiqlaliyyətə gedən yol, milli qürur və mübarizə günü kimi əbədi həkk olunub.
İqtisadiyyat Nazirliyində 20 Yanvar Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov 20 Yanvar hadisələrinin tarixi-siyasi aspektləri barədə çıxış edərək qeyd edib ki, 20 Yanvar – istiqlaliyyətə gedən yol, milli qürur və müqavimət günü kimi Azərbaycan xalqının tarixi yaddaşına əbədi həkk olunub. 20 Yanvar 1990-cı il tarixi xalqımızın mübarizə əzminin və möhkəm iradəsinin simvoludur. 20 Yanvar hadisələrində Azərbaycanın qəhrəman oğul və qızları canlarından keçməklə SSRİ rəhbərliyinin apardığı ədalətsiz və qərəzli imperiya siyasətinə kəskin etirazlarını bildirdilər. İmperiya ordusunun vəhşiliklərinə və Bakıda fövqəladə vəziyyət olmasına baxmayaraq, yanvarın 22‐də yüz minlərlə insan 20 Yanvar şəhidləri ilə vidalaşmaq üçün şəhərin mərkəzinə toplaşdı. Azadlıq meydanında izdihamlı mitinq keçirildi. Bütün bunlar haqq-ədalət, azadlıq, ərazi bütövlüyü və suverenlik uğrunda ümumxalq hərəkatını bariz şəkildə göstərirdi. Xalqımızın qətiyyəti və cəsarəti dövlətimizin müstəqilliyinin bərpası ilə nəticələndi.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov vurğulayıb ki, Azərbaycanın azadlıq və müstəqillik uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 1990-cı ilin 20 Yanvar hadisələri xalqımızın iradəsinin sarsılmazlığını bir daha sübut etdi. Qeyd olunub ki, Azərbaycan xalqının ədalət tələbini, istiqlaliyyət və suverenlik istəyini, Vətən sevgisini boğmaq üçün törədilmiş cinayət azadlıq əzmini qıra bilmədi, əksinə, milli özünüdərk və özünəqayıdış prosesini gücləndirdi. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinə qarşı kəskin bəyanatla çıxış etməsi, qırğına görə sovet rəhbərliyini, qətliamın təşkilatçılarını sərt ittiham etməsi nəticəsində bu faciəni törədənlər əməllərini gizlədə bilmədilər. 20 Yanvara dövlət səviyyəsində siyasi-hüquqi qiymətin verilməsi də, məhz Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur.
Vurğulanıb ki, 20 Yanvar faciəsindən sonra xalqımız bir yumruq kimi birləşərək suverenliyini bərpa etdi. Sonrakı dövrlərdə Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik siyasətinin uğurla həyata keçirilməsi bu birliyi daha da gücləndirdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Şanlı Ordumuzun şücaəti ilə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi və ərazi bütövlüyümüz bərpa olundu.
Tədbirdə 20 Yanvar hadisələri barədə İctimai Televiziyanın hazırladığı film nümayiş etdirilib.
Geri dön