Ana Sayfa > Manşet / Siyasət / Özəl > YAP Zəngilan rayon təşkilatında “20 Yanvar Qəhrəmanları – 35 il” adlı anım tədbiri keçirildi
YAP Zəngilan rayon təşkilatında “20 Yanvar Qəhrəmanları – 35 il” adlı anım tədbiri keçirildiBu gün, 13:09. Yazar: sevinc1 |
16 yanvar 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının müavini Nizami Mönsümov, Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin Zəngilan rayonu üzrə baş məsləhətçisi Mehman Nəsirov, Mərkəzi Rayon Xəstəxanasının direktoru Ceyran Abbasova, Zəngilan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Sənan Məhərrəmov, ərazi partiya təşkilat sədrləri, partiya fəalları və qazilər iştirak etdilər. Tədbir Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra 20 Yanvar hadisələrinə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbiri giriş nitqi ilə açan YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə bildirdi ki, Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi məqsədli şəkildə törədilmiş, xalqımızı qorxutmağa və susdurmağa yönəlmiş ən böyük və ən dəhşətli cinayətlərdən biridir. 20 Yanvar və Azərbaycan tarixində daha əvvəl baş vermiş digər faciəli hadisələr bütün iyirminci əsr boyunca xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə Qarabağda baş qaldıran separatizm, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir. Daha sonra diqqətə çatdırılmışdır ki, 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymətin verilməsi də xalqımızın dahi oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edərək Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. Natiq Quluzadə onu da vurğulamışdır ki, Möhtərəm Prezidentimiz də Azərbaycanın bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. Digər çıxış edən natiqlər də qeyd etdilər ki, 20 Yanvar - Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədə yeni bir səhifə açdı. O gecə, Azərbaycan xalqının iradəsi, mətinliyi və birliyi bütün dünyaya nümayiş olundu. Şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıq bizim üçün əziz və müqəddəs bir mirasdır. Şəhidlərimizin igidliyi və onların fədakarlığı heç zaman unudulmayacaq. Bu gün qürurla deyə bilərik ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. 20 Yanvar - ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Sonda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin 20 Yanvar hadisələrinə dair fikirlərini əks etdirən video çarx nümayiş olundu. aia.az Geri dön |