Ana Sayfa > Özəl > İsa Həbibbəyli: Ömrünü elmə və bəşəri dəyərlərə həsr etmiş görkəmli alim

İsa Həbibbəyli: Ömrünü elmə və bəşəri dəyərlərə həsr etmiş görkəmli alim


Dünən, 09:00. Yazar: sevinc1
İsa Həbibbəyli: Ömrünü elmə və bəşəri dəyərlərə həsr etmiş görkəmli alim

1949-cu il oktyabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində müəllim ailəsində anadan olmuş İsa Həbibbəyli uşaqlıqdanədəbiyyata, yaradıcılığa böyük həvəsi ilə yaşıdalrından seçilmişdir. Hələ 9-cu sinifdə oxuyarkən “Gülümov” adlı səhnə əsəri doğma kəndlərindəki klubda özünün və şagird yoldaşlarının iştirakı ilə tamaşaya qoyulub.

Gənc yaşalrında “Azərbaycan pioneri”, “Şərq qapısı”, “Zəfər”, “Gənc müəllim” qəzetləri ilə əməkdaşlıq edən İsa Həbibbəyli orta məktəbdə və institutda oxuyarkən dövri mətbuatda xeyli məqaləsi, şeirləri çıxış edib. Bədii yaradıcılığa erkən başlayan İsa Həbibbəyli biliyini günbəgün artırmağa səy göstərib və bunun bəhrəsini görüb. Pillə-pillə yüksələrək ədəbiyyatşünaslıq elminə, ictimai-siyasi dairələrə, ümumiyyətlə, Azərbaycan elminə, təhsilinə verdiyi dəyərli töhfələrə görə qürur hissi keçirir.
Əlbəttə, hələ yeniyetmə və gənclik illərindən bədii yaradıcılığa, elmi araşdırmalara nüfuz edən, uşaq yaşlarından fitri istedadını nümayiş etdirən, dərin biliyi, zəkası, intellekti, zəhmətkeşliyi, təşkilatçılığı, milli mədəniyyətimizin, ədəbiyyatımızın inkişafının zəruriliyini dərk edən və bunlara dəyərli, qiymətsiz töhfələr verən, yuxusuz gecələr hesabına, çətin yollarla elmin zirvəsinə ucalan, müasir dövrdə siyasi xadim kimi öz sözünü deyən fenomen bir şəxsiyyət, təmənnasız, obyektiv, ziyalılıq təcəssümü olan insan - akademik İsa Həbibbəyli elmi camedə öz sözü və izi olan bir şəxsiyyətə çevrilib. Pillə-pillə yüksələrək ədəbiyyatşünaslıq elminə, ictimai-siyasi dairələrə, ümumiyyətlə, Azərbaycan elminə, təhsilinə verdiyi dəyərli töhfələrə görə qürur hissi keçirir. İsa müəllimin uğurlarına, yaradıcılığına xalqımızın demək olar ki, bütün zümrələri - elm adamları, ədəbi mühitin, ictimaiyyətin nümayəndələri, siyasətçilər, təhsil işçiləri və başqa sahələrin təmsilçiləri yaxından maraq göstərirlər.

Akademik İsa Həbibbəylinin həyat və yaradıcılığının bütün mərhələləri diqqət çəkir. Onu orta məktəb illərindən akademikliyədək aparan şərəfli yola nəzər saldıqda bunu açıq-aydın görmək olur. İsa müəllim ictimai işlərdə də, elmi araşdırmalarda da, təhsil quruculuğunda da əzmkarlıq göstərib, bilik və bacarığını, istək və qabiliyyətini əsirgəməyib. Onun məqsədi, məramı xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, elmimizin, mədəni irsimizin, ədəbiyyatımızın inkişafına töhfələr vermək, yeniliklər gətirmək olub. Alim bu sahələrdə böyük uğurlar, gözəl nailiyyətlər qazanıb. Bax bu dəyərli amillər akademik İsa Həbibbəylini yüksək zirvələrə ucaldıb. Onun bu zirvədə mayak kimi işıq saçmağa tam haqqı var.
Akademikin monoqrafiya, kitab və elmi məqalələri isə kifayət qədərdir. Onların sayı 1500-dən artıqdır. Bu, böyük rəqəmdir. Bəlkə də dünyada elə bir alim yoxdur ki, onun bu qədər qələm məhsulu olsun. Özü də hər bir məqalədə, kitabda yenilik, elmi nailiyyət olsun. Akademik İsa Həbibbəylinin hətta kiçik məqaləsində, qısa çıxışında belə bu amillər açıq-aydın nəzərə çarpır. Bunu görkəmli ədəbiyyatşünasın mətbuat səhifələrində vaxtaşırı dərc olunmuş məqalələrindən, ölkəmizin nüfuzlu nəşriyyatlarında və xaricdə nəşr olunmuş kitablarından, mötəbər məclislərdə etdiyi çıxışlardan görmək olur. Bunu hamı görür, dərk edir. Ona görə də özünün davranışı, istedadı, nailiyyətləri ilə hələ gənc yaşlarından həm el ağsaqqallarının, həm də elm korifeylərinin sırasına daxil olması elm, təhsil adamlarının da, ictimaiyyət nümayəndələrinin də, siyasətçilərin, hətta sadə insanların da akademikin yaradıcılığına, keçdiyi şərəfli yola marağını artırmışdır. Bəlkə də, bu insanların çoxu bunu elə İsa Həbibbəylinin özündən götürmüşdür. Çünki akademik İsa Həbibbəyli elmdə, təhsildə, ictimai sahədə nüfuz qazananlar, öz yaradıcılıqları ilə diqqət çəkən ziyalılarımız haqqında daim söz deyən, qayğısını əsirgəməyən şəxsiyyətdir. Bütün bunlara görə də akademikin ömürnaməsi ilə müəyyən qədər tanış olan hər kəs onun barəsində xoş sözlər demək istəyir. Bunu hörmətli alimimiz haqqında kütləvi informasiya vasitələrində, televiziya kanallarında gedən çoxsaylı yazılardan, verilişlərdən də görürük.

Nadir istedada malik İsa Həbibbəyli universal şəxsiyyətdir. Belə xüsusiyyət hər kəsdə olmur. Bunu böyük alimi, səriştəli siyasətçini, bacarıqlı təşkilatçını, qabiliyyətli insanı Yaradan ona bəxş edib. Akademik İsa Həbibbəyli müstəqil həyata qədəm qoyandan elmi araşdırmalarla ictimai işlərə fərq qoymayıb. Bu iki istiqamət onun yaradıcılığının əsas qayəsi olub.
Görkəmli akademikin əmək fəaliyyəti illərinə qısa bir nəzər salaq: İsa Həbibbəyli ali təhsil aldıqdan sonra bir il Şərur rayonunun Danzik səkkizillik məktəbində ana dili və ədəbiyyat müəllimi işləyib. 1971-ci ildə hərbi xidmətə çağırılıb, tərxis olunandan sonra - 1973-cü ildə Azərbaycan Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qiyabi aspiranturasına qəbul olunub. Aspirantura müddətində o, indiki Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim vəzifəsində çalışıb. İsa Həbibbəyli 1980-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb, 1990-cı ildə Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib. Onun 1996-cı ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müdafiə etdiyi “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusundakı dissertasiya işi tanınmış alimlər tərəfindən yüksək qiymətləndirilib və işin monoqrafiya şəklində nəşr edilməsi təklif olunub. Həmin il İsa müəllimə böyük etimad göstərilərək ona daha məsuliyyətli vəzifə təklif edilib və o, Naxçıvan Dövlət Universitetinin rektoru olub. 20 il bu vəzifəni ləyaqətlə daşıyan təşkilatçı-alim universitetin tərəqqi tapması üçün genişmiqyaslı işlər görüb. Onun minlərlə məzunu ictimai həyatımızın müxtəlif sahələrində mütəxəssis kimi fəaliyyət göstərir. Addım-addım yüksək və məsuliyyətli vəzifələrə irəli çəkilən İsa Həbibbəyli bir gün də olsun elmi yaradıcılıq işlərini kənara qoymayıb. O, təşkilati, idarəçilik işləri ilə yanaşı, elmi fəaliyyətini yüksək səviyyədə və dolğun şəkildə davam etdirib. Yaradıcılıq fəaliyyəti ilə siyasi baxışların, idarəçilik qabiliyyətinin vəhdətini özündə cəmləşdirən İsa Həbibbəylinin ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi istiqamətində fəal iştirakı, hadisələrə real münasibət bildirməsi və çevikliyi daim diqqət çəkir. Bütün bu xüsusiyyətlərinə görə İsa Həbibbəyli əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, sonra isə Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilib və deputat kimi də öz vəzifəsini şərəflə yerinə yetirib, Milli Məclisin Elm və təhsil komitəsinin sədri kimi yüksək vəzifənin öhdəsindən layiqincə gələ bilib. Hazırda AMEA-nın prezidenti vəzifəsində işləyən İsa Həbibbəyli 1999-cu ildən “Əməkdar elm xadimi” adını fəxrlə daşıyır..

Akademik İsa Həbibbəyli elmlə ideologiyanı, siyasi baxışları sintez edən, hadisələrə müdrikcəsinə münasibət bildirən alim, ictimai xadimdir. Ümummilli liderimiz Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin ideyaları İsa Həbibbəylinin yaradıcılığının ana xəttini təşkil edir.
Görkəmli alim İsa Həbibbəyli ən məhsuldar, ən fədakar elm fədaisidir. Yuxarıda qeyd etdiyimiz kimi, çoxsaylı monoqrafiya, kitab, elmi məqalə, publisistik yazı müəllifi olan bu böyük ziyalının hər bir əsərində yeni fikrin, sözün, dərin təhlilin, ümumiləşdirmənin şahidi olursan. İsa Həbibbəylinin monoqrafiya və kitabları, elmi əsərləri barədə respublikamızın görkəmli alimləri, söz sahibləri, ədəbi mühitin nümayəndələri ətraflı təhlillər aparıb, mətbuat səhifələrində geniş məqalələrlə çıxış ediblər.
Akademik Nizami Cəfərovun və Professor Yusif Seyidovun redaktorluğu ilə 2009-cu ildə “Elm-Təhsil” nəşriyyatında nəşr olunmuş “Akademik İsa Həbibbəyli” adlı monoqrafiyası akademikin həyat və yaradıcılığına işıq salan ən dəyərli mənbədir. Müəllif İsa müəllimin bir ədəbiyyatşünas alim, ictimai xadim kimi çoxcəhətli fəaliyyətini geniş işıqlandırıb. O, bir sıra ibrətamiz nümunələr gətirərək qeyd edir ki, tarixin çox maraqlı və qəribə həqiqətləri var. İstedadın ilk cücərtiləri lap kiçik yaşlardan özünü büruzə verir. İlk istedad görüntüləri sonradan inkişaf edir, böyüyür. İsa Həbibbəylinin yaradıcılıq yolu da öz başlanğıcını həyatının ilk çağlarından alıb.

Beynəlxalq aləmdə də tanınan İsa Həbibbəyli respublikamızı, elmimizi xarici ölkələrdə ləyaqətlə təmsil edən alimlərimizdəndir. O, on illərdir ki, xarici dövlətlərdə keçirilən konfrans və simpoziumlarda, konqres və qurultaylarda özünün zəngin, elmi-nəzəri çıxışları ilə ölkəmizin, elmimizin, mədəni irsimizin inkişafı, respublikamızın ümumi tərəqqisi barədə məlumatlar verir, müsbət fikirlər yaradır. Akademikin Rusiyada, Türkiyədə, Fransada, Çində, İranda, Misirdə, Almaniyada, Bolqarıstanda, Polşada, Macarıstanda və bir çox başqa xarici ölkələrdə müxtəlif vaxtlarda baş tutan elmi məclislərdə etdiyi məzmunlu çıxışları respublikamızın tərəqqisinə, elmimizin inkişafına, ölkəmizdə tolerantlığın bərqərar olunmasına həsr edilib.

Akademik İsa Həbibbəyli müxtəlif beynəlxalq elmi qurumların üzvüdür. O, həmin təşkilatlarda da respublikamızı layiqincə təmsil edir.
Görkəmli alim İsa Həbibbəyli sadə, səmimi insandır. Biliyə, bacarığa qiymət verən alimdir. Gənclərə qayğı göstərən ziyalıdır.

Nüfuzlu alim İsa Həbibbəylinin əməyi dövlətimiz, elmi qurumlar, beynəlxalq təşkilatlar, ictimaiyyət tərəfindən həmişə yüksək qiymətləndirilib. Böyük alim elmi və ictimai fəaliyyətinə görə 30-dan çox mükafata layiq görülüb.

“Əməkdar elm xadimi” fəxri adına, ABŞ-ın Bioqrafiya İnstitutu tərəfindən “İlin adamı” adına, Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Şöhrət” ordeninə, BMT-nin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnformasiyalaşdırma Akademiyası tərəfindən “Beynəlxalq informasiya aləminin elitası” mükafatı diplomuna və “Elmi istiqamətin rəhbəri” medalına layiq görülməsi və s. İsa Həbibbəylinin elmi, ictimai fəaliyyətinə verilən fəxri adların, diplom, orden və medalların müəyyən bir hissəsidir.

İnsan dövlət tərəfindən də, ictimai, elmi qurumlardan da çoxlu mükafatlar ala, müxtəlif orden və medallarla təltif oluna bilər. Belə mükafatlara layiq görülənlər gərək hiss etsinlər ki, onların təltifləri xalq tərəfindən də qəbul olunur. Akademik İsa Həbibbəylinin fəaliyyətinin, yaradıcılığının yüksək qiymətləndirilməsi geniş ictimaiyyət tərəfindən də iftixar hissi ilə qəbul edilir. Bu, insana verilən əvəzolunmaz dəyərdir!
Ulu öndər Heydər Əliyevlə məsləkdaş, çiyindaş olmuş bir elm adamı olan, bütün potensialını Azərbaycan elminin inkişafına, Azərbaycan dövlətinin möhkəmlənməsinə həsr etmiş və etməkdə olan İsa Həbibbəyli haqqında yazarkən, danışarkən bu nüansları hamının diqqətə alması vacibdir, lazımdır!

aia.az
Geri dön