Ana Sayfa > Gündəm > “Ürəyindən güllə yarası alıb” - Əsgərin əmisi
“Ürəyindən güllə yarası alıb” - Əsgərin əmisi30-01-2017, 18:00. Yazar: Sevinc |
Silahlı Qüvvələrin mərhum əsgəri Xanəli Fəttayevin ölümü ilə bağlı müəmmalar hələ də müzakirə olunur. Müdafiə Nazirliyi açıqlama yayaraq bildirib ki, Fəttayev şəhid olmayıb, intihar edib. “AİA.az" xəbər verir ki, Qafqazinfo”nun əməkdaşları da əsgərin yaşadığı Binə qəsəbəsindəki evində olub və qohumları ilə görüşüblər. Mərhumun əmisi İslam Qəribov bildirib ki, əsgərin hansı şəraitdə vəfat etməsi hazırda ailəyə də məlum deyil. Onlar açıqlama vermək üçün ekspertiza rəyini gözləyirlər: “Dünən saat 12-də hərbi hissədən zəng ediblər. Biz də Gəncədən tabutu gətirib bu gün dəfn etmişik. Sadəcə ekspertiza aparılır və biz hələ ki, cavabı gözləyirik. Hər şayiəyə inanmaq lazım deyil. Əsgərimiz hərbi hissədə yox, səngərdə həyatını itirib. Orada da adam çox olmayıb, iki-üç əsgər olub. Həmin əsgərlər də prokurorluq tərəfindən dindirilir. Ürək nahiyəsindən bir güllə yarası alıb və ballistik müayinələrin cavabı gözlənilir. Güllənin arxadan, ya qabaqdan vurulduğunu ekspert təyin edəcək. Hər şey ekspertiza rəyindən asılıdır. Rəylə razılaşsaq heç, razılaşmasaq, yuxarı instansiyalara müraciət edəcəyik. Biz balamızı vətən uğrunda böyütmüşük. Hansı şəraitdə olur, olsun. O, torpağa qurban gedib. Arxasınca şayiələr yayıb şəhidlərin ruhunu incitmək olmaz. Mətbuatdan xahiş edirik ki, yanlış informasiyalar yayılmasın. Deyirlər ki, guya, əsgərimiz intihar edib. Başqa bir şayiə yayılıb ki, erməni snayperi vurub və yaxud döyüş şəraitində olub. Biz bunların heç birini konkret olaraq bilmirik. Nə vaxt bizə Hərbi Prokurorluğun rəyi təqdim olunacaq, həmin rəydən sonra biz öz fikrimizi bildirəcəyik”. Mərhumun əmisi onu da bildirib ki, 19 yaşlı Xanəli savadlı gənc olub. Oktyabrda hərbi xidmətə çağırılıb, Tovuzda vəzifəsini icra edib. Ötən il universitetə qəbul olsa da, ailəsinin illik təhsil haqqını ödəməyə imkanı olmadığı üçün oxuya bilməyib. Hər hansı bir xəstəliyi də olmayıb. Geri dön |