Mobil versiya
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Tarix: 27-09-2024 | Saat: 12:46
Bölmə:Özəl | çapa göndər

Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu

“Əziz həmvətənlər, Anım Günü şəhidlərimizin xatirəsi qarşısında bir daha baş əyirəm. Onların yaxınlarına,
qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş
meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur
mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti,fədakarlığı artıq dastana çevrilib.” – Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev


Tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlanmış düşmənçilik siyasəti 200 ildən çox davam edir.
Ermənilər Azərbaycan ərazisində müvəqqəti qalmaq adı ilə məskunlaşdıqları dövrdən etibarən xalqımızın toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və çoxluq təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Bundan təngə gələn bir çox yerli əhali öz doğma evini tərk etməyə məcbur olmuşdur.

Bu bizim ağrılı bir tariximizdir ki, erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir. Ermənilər bundan sonra da-1948-1956-cı illərdə 150 minə yaxın azərbaycanlını öz doğma yerlərində deportasiya etmişlər. 1987-1988-ci illərdə isə ermənilər 300 minə yaxın azərbaycanlını öz tarixi vətənindən işgəncə verərək qovmuşdu. Sonra isə erməni quldur dəstələri Qarabağ və ətraf rayonda yaşayan dinc əhaliyə hücum etmiş, evlərini talan edib yandırmış, özlərini qətlə yetirmişlər. Bir çox yaşayış məntəqələrini demək olar ki, yer üzündən silmişlər. Xocalı əhalisini, eyni zamanda qocaları, qadınları, uşaqları kütləvi şəkildə qətlə yetirərək soyqırım törətmişlər. Bir milyon azərbaycanlı evsiz-eşiksiz qalaraq Azərbaycanın rayonlarına və Bakıya üz tutmuşdur.

Torpaqlarımızın 20 faizi erməni quldurları tərəfindən işğal edilmişdir. Ermənilər isə bununla belə kifayətlənməyərək hər gün digər yaşayış məntəqələrimizi atəşə tutaraq dinc əhalini qətlə yetirirdilər. ATƏT-in Minsk qrupu isə münaqişəni dayandırmaq, köçkünləri öz yerlərinə qaytarmaq əvəzinə vaxtı uzadaraq dondurmağa çalışmışdır. Və çox qəribədir ki, işğalçıya və işğal olunan ölkəyə eyni münasibət bəslənirdi. Hətta bir sıra ölkələr işğalçıya maddi cəhətdən kömək də edirdi.

Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin 1998-ci il 26 mart tarixində imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Lakin Azərbaycan xalqı işğalla heç zaman barışmamışdır. 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamışdır.

2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu.

Ali Baş Komandanın əmri ilə 27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusu əks hücuma keçdi.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarıldı.

Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı ilə 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik” - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev.

Biz fəxr edirik ki, övladlarımız vətəni canından üstün tutaraq, vətəni azğın düşməndən qoruyaraq şəhidlik zirvəsinə ucalıblar.

Lakin oğullarımızın qanı yerdə qalmadı, onların qisası Müzəffər Ali Baş Komandanımızın dediyi kimi döyüş meydanında alındı.

Azərbaycan öz torpaqlarını işğalçılardan təmizlədi. Düşməni kapitulyasiya aktına imza atmağa məcbur oldu.

Ali Baş Komandanımızın fenomenal bacarığı, Azərbaycan Ordusunun yüksək peşəkarlığı, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.

Mayisə Abbasova
Şəhid Səxavət Abbasovun anası, Abşeron rayon sakini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024