Mobil versiya
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir
Tarix: 01-02-2023 | Saat: 12:56
Bölmə:Özəl | çapa göndər

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir

Bu gün Azərbaycan xalqı, Azərbaycan dövləti öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır. Ölkəmiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsilə özünün ərazi bütövlüyünü bərpa etdib. Bununla da xalqımızın 30 ilə yaxın müddət ərzində davam edən yurd nisgili başa çatdı. Əlbəttə ki, bu böyük Zəfərin əldə olunmasında vətənpərvər Azərbaycan gəncliyi müstəsna rol oynadı. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimizin qəhrəmanlığı və fədakarlığı sayəsində bu Şanlı Zəfər əldə olundu, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bununla bağlı belə deyib: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Tarixi missiyanı həyata keçirən bizim qəhrəman gənclərimiz tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Rəşadətli gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Həmçinin Vətən müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və bu da müharibə zamanı gedən informasiya müharibəsində Azərbaycanı qalib edən amillərdən biri oldu. İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da qoşuldular - könüllü olaraq, öz təşəbbüsləri ilə. Birgə səylərin nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etdi. Əsasən gənclərdən ibarət sosial şəbəkə istifadəçiləri şəbəkələrdə üstünlüyü əldə edərək paylaşılan məlumatın həqiqiliyinə və təsirliliyinə nail oldular.
Ulu ondər Heydər Əliyev demişdir: “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Bu müdrik kəlamı ilə ölkə gənclərinə verdiyi önəmi vurğulayan Ümummilli Lider 1993-cü ildə hakimiyyətə qayıdışından dərhal sonra gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran ulu öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Heydər Əliyev müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb. O cümlədən ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə ulu öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Yaradılmış yeni Nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin etdi. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirildi. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Təşkil olunan Forumlarda mütəmadi olaraq çıxış edən ulu öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyuldu. Yenə də 1996-cı il 22 iyun tarixində Ulu Öndər Heydər Əliyevin imzaladığı Fərmanla elmi və mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyətini nəzərə alaraq istedadlı gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsini, onların yaradıcılıq potensialını inkişaf etdirmək üçün dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi. Ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı növbəti Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb.
Bu gün ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ötən illər ərzində Azərbaycanda gənclərin rifahına xidmət edən mühüm Dövlət Proqramları qəbul edilmişdir: “Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb oldu. Sərəncamla “2007-ci ilin "Gənclər ili” elan olunmasına dair tədbirlər planı” təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması nəzərdə tutulub. Həmçinin dövlətimizin başçısı tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamında gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsinin hazırlanması nəzərdə tutulub.
Gənclər siyasəti ölkədə həyata keçirilən ümumi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə hazırda cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Cənab Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.

İlqar Kərimov,
YAP Tovuz rayon təşkilanın sədr müavini.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024