Mobil versiya
“Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” beynəlxalq konfransında aparılan müzakirələr regiondakı reallıqların daha yaxşı qavranılmasına töhfə verəcəkdir
Tarix: 30-11-2022 | Saat: 17:04
Bölmə:Ölkə | çapa göndər

“Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” beynəlxalq konfransında aparılan müzakirələr regiondakı reallıqların daha yaxşı qavranılmasına töhfə verəcəkdir

Prezident cənab İlham Əliyev noyabrın 25-də Bakıda, ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib. Cənab Prezident konfransdakı çıxışı zamanı bir çox vacib məsələləri iştirakçıların nəzərinə çatdırmışdır. 
“Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfrans regionda baş verən hadisələrin müzakirəsi üçün önəmli platformadır. Konfransda postmüharibə dövründə sülh quruculuğu və yenidənqurma işlərinə xüsusi diqqət yetirilmişdir. Çıxışı zamanı Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələlərinin müzakirə olunmalı olduğunu vurğulayan cənab Prezident təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsinin mümkün olmadığını qeyd etmişdir. Çünki genişmiqyaslı layihənin icrasını təmin edən ən önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. Ölkəmizin coğrafi mövqeyinin üstünlüyü iki qitənin - Avropa ilə Asiyanın arasında yerləşməsindədir. Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və digər bütün amillər mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb. Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir. Xüsusilə indi təhlükəsizlik məsələləri hər zaman olduğundan daha vacibdir. Ənənəvi əlaqələri olan ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalı, bir-birimizi necə dəstəkləyə biləcəyimizə nəzər salmalıyıq.

Ölkəmizdə infrastrukturun inkişafına uzun illər ərzində böyük sərmayə yatırılıb. Azərbaycanda bütün nəqliyyat layihələri – istər Şərq-Qərb, istər Şimal-Cənub dəhlizləri, dəmir yolu və ya magistral yol, hava limanları, donanma, yaxud dəniz limanı - mövcuddur. Artıq fəaliyyət göstərən nəqliyyat marşrutları Xəzər regionunun bütün ölkələrinin daha da inteqrasiya olunmasına imkan verəcək. Beş il bundan əvvəl açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu üzrə ölkəmizdən keçən artan yük həcmlərini nəzərə alaraq, Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başlamışıq. Bu layihə ölkəmizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və layihənin bir il, bir il yarım müddətində bitirilməsi planlaşdırılır. Bu gün Azərbaycan Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradır və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer də ayrılıb.
Yeni geosiyasi vəziyyətin mövcudluğu və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət yaranmasına görə dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Həmçinin, Xəzər dənizinin şərq sahillərindən yükləri Azərbaycan ərazisindən nəql etmək üçün yeni tankerlər, bərələr və yük gəmiləri də lazımdır. Bu da özlüyündə gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarının olması ölkəmizin mövcud istiqamətdəki potensialını artırır. Azərbaycanda hava limanları layihələrinin də tamamlanması prosesi gedir. Yaxın gələcəkdə ölkəmizdə beynəlxalq hava limanlarının sayı doqquza çatdırılacaq. Bu, təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçün nəzərdə tutulmuşdur.

Şübhəsiz ki, “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda aparılan müzakirələr regiondakı reallıqların, Azərbaycanın planlarının və qarşılıqlı əlaqələrimizin daha yaxşı qavranılmasına töhfə verəcəkdir. 

Namiq Əhmədov
YAP Xəzər rayon təşkilatının sədri



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024