Mobil versiya
Eltun Süleymanov: “Azərbaycan dövlətinin əziz tutduğu şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq”
Tarix: 29-09-2022 | Saat: 09:54
Bölmə:Manşet / Siyasət | çapa göndər

Eltun Süleymanov: “Azərbaycan dövlətinin əziz tutduğu şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq”

Məlum olduğu kimi, sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər etdlər. Dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoydular.

Azərbaycan Prezidenti həmin vaxt etdiyi çıxışda Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizlə fəxr etdiyimizi, onların qanının yerdə qalmadığını, qisasımızı döyüş meydanında aldığımızı, doğma torpaqlarımızı düşməndən azad etdiyimizi deyib.

Ölkə başçısının ürəkləri riqqətə gətirən, qəlbləri fəxarət hissi ilə dolduran həmin çıxışında söylədiklərinə münasibət bildirən Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranının sədr müavini Eltun Süleymanov Prezidentin nitqində həm xalqımıza, həm də düşmənlərə önəmli mesajlar verdiyini bildirib:

“Cənab Prezidentin qeyd etdiyi kimi, Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Qaraxanbəyli Azərbaycan xalqının birlik, həmrəylik göstərdiyi 44 günlük Vətən müharibəsinin ilk günündə, yəni, indi Şəhidlərimizin Anım Günü kimi qeyd olunan sentyabrın 27-də düşməndən azad edilmiş 6 kənddən biridir. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik. Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında, ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın. 44 gün ərzində Azərbaycan Ordusu dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə - Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. Qorxmaz, cəsur əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə tutdu. 44 gün ərzində 300-ə yaxın şəhər və kəndi düşməndən azad etdi. Dövlətimizin başçısı haqlı olaraq vurğuladı ki, biz xoşbəxt nəsilik ki, bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Azərbaycanın hər bir vətəndaşı vəd verməlidir ki, daim müstəqilliyin keşiyində duracaqdır. Azərbaycan xalqı qoymayacaq ki, bir daha düşmən başını qaldırsın, qoymayacaq ki, bir daha bizim üçün təhdid yaratsın. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”.

Eltun Süleymanov həmçinin bildirib ki, Vətən müharibəsində ilk şəhidlərimizi verdiyimiz gün də, yer də onların uyuduqları məzarları kimi müqəddəsdir: “Azərbaycan 2020-ci il sentyabr ayının 27-dən başlayan II Qarabağ müharibəsindən uğurla və güclü formada çıxdı, vətəndaşlarımızın 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu, əldə olunan qələbə xalqın inamını özünə qaytardı. Torpaqlarımızın işğaldan azad olunması uğrunda canını, qanını fəda etmiş qəhrəman oğullarımızın, şəhidlərimizin, həmçinin həlak olan mülki vətəndaşlarımızın qisası alındı. Azərbaycan dövlətinin əziz tutduğu şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq və gələcək nəsillər onları hər zaman fəxrlə, qürurla yad edəcəklər”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024