Mobil versiya
Mütəxəssis: Günəş şüalarının xallara nüfuz etməsi çox ziyanlıdır
Tarix: 17-08-2022 | Saat: 16:11
Bölmə:Səhiyyə | çapa göndər

Mütəxəssis: Günəş şüalarının xallara nüfuz etməsi çox ziyanlıdır

Açıq havada işləyənlər və qızmar günəş altında istirahət edənlər günvurma təhlükəsini mütləq nəzərə almalıdır. İsti havalarda insanları günvurmanın hansı hallarda baş verməsi və bundan qorunmaq üçün hansı tədbirlər görülməsinin lazım olduğu daha çox maraqlandırır. Xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olanların isti havalarda xəstələnib yatağa düşməməsi üçün bir sıra tədbirlərin görülməsi vacibdir. Lakin istidən qorunmaq tədbirləri tamamilə sağlam insanlara da aiddir. Ümumiyyətlə, Günəşə qarşı həssas olan insanlar günün qızmar vaxtlarında çölə çıxmamalı, çıxarkən baş örtüklərindən, eynəklərdən, o cümlədən dərini qoruyan bir sıra kremlərdən istifadə etməlidir.

AİA.Az Azərbaycan Tibb Universitetinə istinadla bildirir ki, bunu Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, ATU-nun Dermatovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudov deyib.

“Bəzən açıq havada uzun müddət qaldıqdan sonra dəridə xoşagəlməz ləkələr yaranır. Bu xəstəliyə səbəb dərimizdə mövcud olan saprofit, yəni dərinin normal florası sayılan Pityrosporum ovale adlı zərərsiz maya göbələyidir. Onun sağlamlığa mənfi təsiri olmasa da, dəridə kosmetik deffekt sayılır. Ləkələr açıq çəhrayı, tünd və açıq qəhvəyi, bəzən də ağ rəngdə olur. Məhz ona görə də bu xəstəliyin adı rəngbərəng dəmrovdur. İsti və nəmli havada çox tərləmək, dərinin yağlı olması, zəifləmiş immun sistemi, hormonal dəyişikliklər göbələyin yayılma səbəbləridir. Bu problem daha çox yeniyetmə və gənc yaşlarda olur. Çünki bu dövrdə dəridə yağlanma başlayır və xəstəlik ən çox seboreik nahiyələrdə (sinə, kürək, qolların üst hissəsi, boyun və baş) görünür. Həmin ləkələrin üzərində bəzən incə pulcuqlar da görünə bilər. Bu zaman heç bir subyektiv şikayət vermir, lakin başa yayılanda şiddətli qaşıntı ilə müşayiət olunması mümkündür. Bu xəstəliyə diaqnoz müayinə zamanı qoyulur. Ona görə də bunun üçün heç bir analiz lazım deyil. Dərinin rəngindən asılı olaraq səpkilərin tonları dəyişir ki, bunun üçün “vud lampası” ilə müayinə etmək lazım ola bilər.

Günəş şüaları nəticəsində üzdə yaranan ləkələrə tibdə melasma deyilir. Bu, bədənin günəş görən hissələrində sonradan ortaya çıxan, qəhvəyi rəngdə ləkələr şəklində özünü göstərən dəri xəstəliyidir. Bu ləkələrə bəzən xloasma da deyilir. Adətən üzün hər iki tərəfi zədələnir. Ən çox yanaqlar, burun, alın və dodaq üstündə görünür. Bu xəstəlikdən qorunmaq üçün günəş işığına çıxmazdan öncə qoruyucu kremlərdın istifadə etmək lazımdır. Payız aylarında isə həmin tünd ləkələr nisbətən solur.

Yay aylarında insanların daha çox tərləməsinə də diqqət çəkən həkim öz məsləhətlərini səsləndirdi: “Həddən artıq tərləmənin ən müasir və təsirli müalicə növlərindən biri botulinoterapiya ilə müalicədir. Botoks tərkibində botulinum deyilən bir toksin olan dərman vasitəsidir. Kosmetologiyada üzdəki qırışların açılması üçün botoks inyeksiyalarından geniş istifadə olunur. Eyni zamanda, botoks qoltuqaltı bölgədə həddindən artıq tərləməyə qarşı da istifadə edilir. Botoks vurulandan dərhal sonra çox tərləmə problemi aradan qalxır. Dərmanın təsiri 4-6 ay davam edir. Adətən ildə bir dəfə, havalar istiləşəndə bu proseduru təkrar etmək lazımdır.

Dəriyə birbaşa nüfuz edən günəş şüaları sonradan hətta bədxassəli şişlərə də səbəb ola bilər. Şüaların dəriyə birbaşa təsiri müxtəlif günəş yanmalarına gətirib çıxarır. Bu hal müxtəlif qıcıqlanmalara səbəb ola və hətta bədxassəli şişin yaranması ilə nəticələnə bilər. Əgər başda, üzdə xallar varsa, günəş şüalarının ona nüfuz etməsi çox ziyandır. Ona görə də bədənin açıq olan hissələrinə mütləq krem sürtülməlidir.

İsti aylarda gigiyena qaydalarına riayət olunmalıdır. Bu, sağlamlıq və infeksiyalarla mübarizə baxımından önəmlidir. Dəri nə qədər nəfəs ala bilirsə, orqanizmə o qədər faydalıdır”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024