Mobil versiya
Ermənistanın yeganə yolu bütün öhdəliklərinə qeyd-şərtsiz əməl etməkdir
Tarix: 16-08-2022 | Saat: 15:31
Bölmə:Cəmiyyət | çapa göndər

Ermənistanın yeganə yolu bütün öhdəliklərinə qeyd-şərtsiz əməl etməkdir

Ölkə Prezidenti cənab İlham Əliyev avqustun 12-də Ağsu və İsmayıılı rayonlarına etdiyi səfərin gedişində, Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində qeyd etdi ki, bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Həqiqətən də Ermənistan hökumətinin qeyri-konstruktiv mövqeyi bu gün bütün Cənubi Qafqazda dayanıqlı sülhün və inkişafın bərqərar olmasını əngəlləyir. Halbuki, bu ölkənin öz maraqlarındadır ki, 10 noyabr 2020-ci il Bəyannaməsinin bütün şərtlərinə əməl olunsun. Yalnız bu yolla Ermənistan özünün gələcəyini qurmaq şansı əldə edə bilər. Azərbaycan qalib ölkədir və məğlub Ermənistanı bütün öhdəliklərini yerinə yetirməyə məcbur etmək gücünə sahibdir. İlk növbədə bütün erməni silahlıları Qarabağdan dərhal çıxmalıdırlar. Dövlət başçımızın dediyi kimi, 10 noyabr Bəyannaməsində açıq-aydın göstərilir ki, Ermənistanı Xankəndi ilə birləşdirən yeni yol çəkiləcək. Bu yolun çəkilməsində əsas məqsəd budur ki, Laçın şəhəri beş kilometr enində olan zonaya düşməsin və tez bir zamanda oraya keçmiş köçkün vətəndaşlarımızı qaytarmaq mümkün olsun. Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdırlar. Lakin Ermənistan hələ də fitnəkarlıqla məşğuldur. Əlbəttə ki, vaxt uzatmaq onlara heç nə verməyəcək. Əksinə, zaman indi ermənilərin əleyhinə işləyir və hər itirilmiş gün onlar bir qədər də inkişafdan geri qalır və zəifləyirlər. Azərbaycan isə inkişaf edir və getdikcə güclənir.

Təəssüflər olsun ki, bu ayın əvvəlində baş verən hadisələr Ermənistanın hələ də Vətən müharibəsindən sonra yaranmış yeni regional reallıqları tam dərk edə bilmədiyini söyləməyə əsas verir. Bu ölkənin hakim dairələrinin nəyə və kimə güvəndiklərini, hansı baş verə biləcək dəyişikliklərə ümid etdiklərini qətiyyən anlamaq olmur. Əlbəttə ki, zaman keçdikcə Qarabağda da, Şərqi Zəngəzurda da və ümumilikdə bütün regionda da dəyişikliklər olacaq. Bu labüddür. Lakin bütün bu dəyişikliklər, möhtərəm Prezidentimizin dediyi kimi, yalnız Azərbaycanın xeyrinə olacaq. Əgər Ermənistan da bütün bu yeniliklərdən faydalanmaq istəyirsə, bunun üçün mövcud olan yeganə yol Azərbaycanla sülh müqaviləsini mümkün qədər tez imzalamaq və münasibətləri normallaşdırmaqdır.

Maraqlıdır ki, Ermənistan hökuməti son baş verən hadisələrin fonunda Qarabağda yaşayan erməni əhalisinə təsir gücünü də sürətlə itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Qarabağda yaşayan ermənilərin hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək.

Öz müsahibəsində ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən də danışan Ölkə Prezidenti qeyd etdi ki, bu məqsədlə hazırda ölkəmizdə praktiki işlər aparılır və bu işlər davam etdiriləcək. Gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük dəstək olacaq. Azad edilmiş ərazilərdə kənd təsərrüfatının həm maldarlıq, həm bitkiçilik sahələrini inkişaf etdirmək üçün çox münbit iqlim və təbii şərait var və bundan maksimum dərəcədə səmərəli şəkildə istifadə olunmalıdır. Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etdirilməlidir. Kəlbəcər, Laçın, Zəngilan rayonlarında isə heyvandarlığın və arıçılığın çox böyük perspektivləri var.

Ceyhun Cahangirov,
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam
orta məktəbin direktoru, YAP Goranboy rayon təşkilatının fəalı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024