Mobil versiya
Azərbaycan torpaqlarında baş vermiş qanunsuz məskunlaşma - müharibə cinayətidir
Tarix: 15-08-2022 | Saat: 11:16
Bölmə:Media | çapa göndər

Azərbaycan torpaqlarında baş vermiş qanunsuz məskunlaşma -

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin avqust ayının 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində xüsusi olaraq vurğulamışdır ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır, çünki onların orada qalmaları beynəlxalq cinayətdir.

Ümumiyyətlə nəzərə almaq lazımdır ki, müharibələr və silahlı münaqişələrlə bağlı olan deportasiyalar, əhalinin qeyri-qanuni transferləri, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşmanın həyata keçirilməsi beynəlxalq humanitar hüququn fundamental normaları və prinsiplərini pozan və ağır beynəlxalq cinayətin tərkibini ehtiva edən əməllərdir. İşğal edilmiş ərazilərdə əhalinin etnik tərkibinin dəyişdirilməsi universal səviyyədə beynəlxalq birlik tərəfindən qətiyyətlə pislənir. Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları üzrə komissiyasının (hazırda - İnsan hüquqları Şurası) Xüsusi məruzəçisinin 27 iyun 1997-ci il tarixli Yekun məruzəsində vurğulanmışdır ki, işğal edilmiş ərazilərdə məskunlaşma və işğalçı dövlətin əhalisinin yerləşdirilməsi hüquqa zidd hərəkətdir, dövlətin məsulliyətinə və fərdi cinayət məsulliyətinə səbəb olur.

Həmçinin diqqətə almaq lazımdır ki, münaqişə tərəflərinin beynəlxalq müqavilələrdən irəli gələn hüquqi öhdəliklərindən asılı olmayaraq, işğal altında olan ərazilərə öz əhalisinin yerləşdirilməsinə qadağa hamılıqla tanınan beynəlxalq adət hüququnun normasıdır.
Məsələnin hüquqi tövsifinə gəldikdə, qeyd etmək lazımdır ki, Ermənistan beynəlxalq humanitar hüququn təməlini təşkil edən fundamental beynəlxalq müqavilələri kobud formada pozmuşdur.

Məlumdur ki, artıq tarixə qovuşan münaqişənin xüsusiyyətlərinə görə bütün baş verən hadisələrə 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalari birmənalı olaraq şamil edilirdı. Xatırlatmaq istərdim ki, “İşğal edilmiş Fələstin ərazisində divar inşasının hüquqi nəticələrinə dair” 9 iyul 2004-cü il tarixli Məsləhət Rəyində BMT-nin Beynəlxalq Məhkəməsi qeyd etmişdir ki, “Dördüncü Cenevrə Konvensiyası iki və ya daha çox Yüksək Razılığa gələn Tərəflər arasında yaranan silahlı münaqişə zamanı işğal olunmuş ərazilərə tətbiq edilir” Nəzərə almaq lazımdır ki, Qarabağ regionunda əvvəl mövcud olan münaqişənin tərəfləri Dördüncü Cenevrə Konvensiyasının iştırakçılarıdırlar: Azərbaycan Respublikası 21 aprel 1993-cü il tarixində, Ermənistan isə 6 iyun 1993-cü ildə bu beynəlxalq-hüquqi sənədə qoşulmuşdur.

Məlum olduğu kimi, “Mülki əhalinin müharibə dövründə müdafiəsi haqqında” IV-cü Cenevrə Konvensiyanın 49-cu maddəsinin 6-cı bəndinə əsasən “İşğalçı dövlət öz mülki əhalisinin bir hissəsini işğal etdiyi əraziyə deportasiya edə və yə köçürə bilməz”. Bu maddəni diqqətə alan 8 iyun 1977-ci ildə Cenevrə Diplomatik konfransında qəbul edilmiş “Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsi haqqında 12 avgust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına Əlavə Protokolun (I Protokol)” 85-ci maddəsinin 4-cü hissəsinin “a” bəndinə əsasən “işğalçı dövlət tərəfindən işğal edilən əraziyə öz mülki əhalisinin bir hissəsinin köçürülməsi bu Protokolun ciddi pozuntusu sayılır”, yəni bu əməllər müharibə cinayətin tərkibini ehtiva edir. Bunun təsdiqini 1998-ci ilin 17 iyul tarixdə Roma Diplomatik konfransında qəbul edilmiş və 1 iyul 2002-ci ildə qüvvəyə minmiş Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda tapmaq olar. Həmin Statutun 8-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin “vii” yarımbəndində Cenevrə Konvensiyalarına Əlavə Protokolun (I-ci Protokol) 85-ci maddəsində göstərilmiş əməlin törədilməsi beynəlxalq müstəvidə fərdi cinayət məsuliyyətinə səbəb olur.
Yuxarıda istinad olunan “İşğal edilmiş Fələstin ərazisində divar inşasının hüquqi nəticələrinə dair” Məsləhət Rəyində BMT-nin Beynəlxalq Məhkəməsi qeyd etmişdir ki, “Mülki əhalinin müharibə dövründə müdafiəsi haqqında” Cenevrə Konvensiyasının 49-cu maddəsinin 6-cı bəndi “nəyinki İkinci dünya müharibəsi dövründə həyata keçirilən deportasiya və ya əhalinin zorakılıqla köçürülməsinə bənzər hərəkətləri, həmçinin işğalçı dövlət tərəfindən işğal edilən əraziyə öz əhalisinin qruplarının köçürülməsinin təşkilini və ya bunun həvəsləndirilməsini qadağan edir”.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda qanunsuz məskunlaşma siyasəti yürüdən Emənistanın cinayət əməlləri onun beynəlxalq hüquq müqavilələri ilə öz üzərinə götürdüyü öhdəliklərə real münasibətinin göstəricisidir. 17 may 2005-ci ildə Ermənistanın “Müqavilələr hüququ haqqında” 1969-cu il tarixli Vyana Konvensiyasına qoşulmasına və həmin sənədin 26-cı maddəsinə əksini tapan qüvvədə olan hər bir müqavilənin məcburiliyi və onun vicdanla yerinə yetirilməsi prinsipinin (pacta sunt servanda) təsbit olunmasına baxmaraq, erməni tərəfi həmişə olduğu kimi beynəlxalq hüququ pozmağa üstünlük vermişdir. Ancaq Azərbaycan Respublikasının Prezidenti 12 avqust tarixli müsahibəsində ciddi mesajlar verərək, qeyd etmişdir ki, “bizim səbrimizi sınağa çəkməsinlər” və qeyri-qanuni olaraq məskunlaşdıqları Azərbaycan ərazilərini tərk etsinlər. Heç kəsdə şübhə olmamalıdır ki, döyüş meydanında qalib qələn və beynəlxalq hüququ rəhbər tutan dövlətimiz hər bir halda öz strateji məqsədlərinə nail olacaq, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin əhalisini yaxın zamanlarda öz doğma yerlərinə qaytaracaq.

Nizami Səfərov,

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024