Mobil versiya
Novruzəli Aslanov: "Ermənilər yeni reallıqları qəbul etsələr daha yaxş olar"
Tarix: 14-08-2022 | Saat: 11:20
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: "Ermənilər  yeni reallıqları qəbul etsələr daha yaxş olar"

“Ölkə Prezidenti cənab İlham Əliyevin respublikanın bütün rayon və bölgələrinə mütəmadi olaraq etdiyi səfərlər regionların iqtisadi inkişafına dair dövlət proqramlarının səmərəli icrası baxımından böyük əhəmiyyət kəsb edir. Dövlət başçısının hər belə səfəri çoxsaylı açılış və təməlqoyma mərasimləri ilə əlamətdar olur. O cümlədən, avqust ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağsu və İsmayıllı rayonlarına səfər çərçivəsində İsmayıllı rayonunda “Basqal Resort & Spa” otelinin açılışında iştirak edib, “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar. Əlbəttə ki, hər iki obyekt İsmayıllının turizm potensialının güclənməsinə və bölgədə turizmin inkişafına mühüm töhfələr verəcək.”

Bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov ifadə edib.

Millət vəkili həmçinin Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibəsində səsləndirdiyi fikirlərin əhəmiyyətinini vurğulayaraq bunları deyib: “Hər zaman olduğu kimi, möhtərəm Prezidentimizin İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində də müxtəlif məsələlərlə bağlı əhatəli təhlillər və konseptual xarakterli fikirlər öz əksini tapmışdır. Regionların iqtisadi inkişafına dair dövlət proqramlarının icrası çərçivəsində son illərdə Ağsu və İsmayıllı rayonlarında böyük infrastruktur layihələrin, xüsusilə qazlaşdırma, elektrik enerjisi, su təchizatı və yolların tikintisi ilə bağlı çox böyük layihələrin icra edildiyini vurğulayan dövlət başçısı qeyd etmişdir ki, dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda isə 100 faizə yaxındır. Həmçinin son bir neçə ildə bu iki rayonda 10-dan çox elektrik yarımstansiyası inşa edilmişdir ki, bunun da nəticəsi olaraq Ağsu və İsmayıllı əhalisinin elektrik enerjisinə olan tələbatları tam təmin edilir. Əlbəttə ki, infrastruktur layihələri arasında yol-nəqliyyat layihələri hər zaman xüsusi yer tutur. Bu baxımdan İsmayılı-Muğanlı yolunun yeni hissəsinin çəkilişi, eləcə də hər iki rayon ərazisində həm mərkəzi, həm də kənd yollarının çəkilişi mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin öz müsahibəsində bütün bu məsələləri xüsusi olaraq qeyd etməsi bir daha təsdiq edir ki, dövlət başçısı regionlarda aparılan işləri şəxsən diqqət mərkəzində saxlayır. Bu isə əlbətə ki, həyata keçirilən layihələrin effektiv icrası üçün ən vacib stimullardan biridir”, - deyə N.Aslanov bildirib.

Daha sonra deputat Prezident İlham Əliyevin birbaşa ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı səsləndirdiyi fikirlərin bütün Azərbaycan ictimaiyyəti üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib: “Bu gün bütün dünya ölkələrini, o cümlədən Azərbaycan ictimaiyyətini narahat edən məsələlərdən biri də bir çox ekspertlər tərəfindən proqnozlaşdırılan qlobal ərzaq qıtlığı ilə bağlıdır. Bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa Azərbaycanın ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət barədə söylədiyi fikirlər, güman edirəm ki, respublika ictimaiyyəti üçün xüsusilə böyük önəm kəsb etmiş oldu. Məlum olduğu kimi, bu gün bütün dünyada, xüsusilə Avrasiya ölkələrində artıq taxıl təminatında ciddi problemlər yaşanmaqdadır. Bunun da səbəbi Rusiya-Ukrayna müharibəsidir. Məhz bu səbəbdən bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə təmin edə bilmirlər. Lakin Azərbaycan dövləti tərəfindən, şəxsən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən vaxtında atılmış məqsədyönlü addımlar sayəsində respublikamızda bu sahədə heç bir problem yaşamır. Dövlət başçımızın dediyi kimi, Rusiyalı tərəfdaşlarla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana lazım olan qədər həm gübrə, həm də taxıl ixrac ediləcək və edilir. Eyni zamanda da ölkənin ərzaq təhlükəsizliyinin tam təmin olunması üçün bu gün Azərbaycanda məqsədyönlü iş aparılır, mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər həyata keçirilir. Bütün bunlar belə deməyə əsas verir ki, Azərbaycan artıq çox yaxın gələcəkdə özünün taxıla olan tələbatını yüz faiz daxili istehsal hesabına təmin edə biləcək.”

Həmçinin N.Aslanov “Qisas” əməliyyatı barədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin mühüm siyasi əhəmiyyət kəsb etdiyini bildirib: “Ona ünvanlanan növbəti suala cavab olaraq möhtərəm dövlət başçımız bildirdi ki, bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, Azərbaycan təbii ki, adekvat cavab tədbirləri görəcək. Ermənistan nəhayət dərk etməlidir ki, artıq heç kim Azərbaycanı durdura bilməz. Ermənistana dəfələrlə xəbərdarlıq edilib ki, odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidirlər və bunun heç bir alternativi ola bilməz. Bu, Ermənistanın imzaladığı 10 noyabr Bəyanatında təsbit edilmiş öhdəliklərindən biridir və Azərbaycan buna nail olacaq.”

Sonda millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin müsahibəsində yer almış ən vacib məqamlardan biri də Ermənistan hakimiyyətinin Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını getdikcə itirməsi ilə bağlı səsləndirdiyi fikirlər olub: “Qarabağın ermənilər yaşayan ərazisindən Ermənistana çıxışın təmin olunması üçün yeni Laçın yolunun inşası ilə bağlı bir sıra təfərrüatlar barədə danışan möhtərəm Prezidentimiz sonda çox maraqlı bir açıqlama verdi. Dövlət başçısı bildirdi ki, son vaxtlar gedən proseslər buna səbəb olmuşdur ki, Ermənistan hakimiyyəti artıq Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını getdikcə daha çox itirməkdədir. Əslində bu, tamamilə məntiqə uyğun bir haldır. Ölkə Prezidentinin dediyi kimi, Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların heç bir problemlərini həll etmək iqtidarında deyil. Həqiqətən də, istər təhlükəsizlik sahəsində, istər iqtisadi sahədə, istərsə də heç bir digər sahədə Ermənistan hökuməti bu gün nəinki Qarabağda yaşayan ermənilərin, hətta öz vətəndaşlarının belə problemlərini həll etmək iqtidarında deyil. Azərbaycan hakimiyyəti isə Qarabağda yaşayan ermənilərə məhz öz vətəndaşları kimi münasibət göstərir və Azərbaycan Prezidenti dəfələrlə deyib ki, onlar bizim vətəndaşlarımızdır. Əlbəttə ki, bu insanlar özləri də bu reallığı nə qədər tez dərk etsələr, o qədər də hamımız üçün və ilk növbədə onların özləri üçün daha yaxşı olar. Dövlət başçımızın ifadə etdiyi bu fikirlər isə eyni zamanda həm də böyüklüyün və insansevərliyin möhtəşəm bir nümunəsidir”, - deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024