Mobil versiya
Prezident İlham Əliyev: “Əminəm ki, Basqal qəsəbəsi bu bölgənin çox qədim tarixi yaşayış məkanı olaraq öz simasını bütün dünyaya açacaq”
Tarix: 13-08-2022 | Saat: 11:20
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident İlham Əliyev: “Əminəm ki, Basqal qəsəbəsi bu bölgənin çox qədim tarixi yaşayış məkanı olaraq öz simasını bütün dünyaya açacaq”

Novruzəli Aslanov: “Basqalda aparılacaq arxeoloji tədqiqat işləri nəticəsində aşkar olunacaq həqiqətlər Azərbaycan tarixinə zəngin töhfələr verəcək” – Müsahibə

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də Qobustan rayonunda “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olmuş, İsmayıllı rayonunda “Basqal Resort & Spa” otelinin açılışında iştirak etmiş, “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə maraqlanmışlar. Dövlətimizin başçısı bölgələrə səfər çərçivəsində Ağsu şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, Ağsu Bayraq meydanında Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak etmiş, “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olmuşdur.


Prezidentin və birinci xanımın səfəri adları çəkilən bölgələrin sakinləri, yerli ictimaiyyət tərəfindən hərarətlə qarşılanmışdır. Milli Məclisin İsmayıllı rayonunu təmsil edən deputatı, əslən Basqal kəndindən olan Novruzəli Aslanov saytımıza verdiyi müsahibədə dövlət başçısının məlum səfər çərçivəsində Basqal kəndində olmasının tarixi əhəmiyyət daşıdığını vurğuladı:

- Mən özüm basqallı olduğum üçün doğma kəndimin tarixi ilə bağlı məlumatlıyam. Bu mövzuda professor Qafar Cəbiyevin və başqa görkəmli alimlərimizin tarixi araşdırmaları ilə yaxından tanış olmuşam. Bilirəm ki, tarixən etnomüxtəlifliyi ilə seçilən İsmayıllı rayonunun sırf azərbaycanlıların yaşadığı Basqal kəndinin adının mənşəyinin iki versiyası var: Birincisi, “Bəs Qala”, ikincisi “Baş Qala”. Birmənalı olaraq, burada qədimdə qalanın olması arxeoloji tapıntılarla, aşkarlanmış qala divarları və böyük şəhərin qalıqları ilə sübuta yetirilib. Bilirsiniz ki, dövlətimizin başçısının sərəncamı ilə Basqalın tarixi irsinin qorunması üçün “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu yaradılması, qəsəbənin abadlaşdırılması, infrastrukturunun inkişaf etdirilməsi məqsədilə vəsait ayırılıb. Bu Sərəncam əsasında Dövlət Turizm Agentliyi burada artıq bir müddətdir ki, işlər aparır. Cənab Prezidentimiz bu dəfəki səfərində Basqalda bir neçə obyektdə görülən işlərlə tanış olmuş, tarixi mədəniyyət ocaqlarını ziyarət etmişdir. İnanıram ki, yaxın gələcəkdə möhtərəm Prezidentimiz Qədim Basqal Qalasının tarixi abidə olaraq daha dərin tədqiq olunmasına və bərpa edilməsinə dair müvafiq sərəncamlar imzalayacaq və Basqalda aparılacaq arxeoloji tədqiqat işləri nəticəsində aşkar olunacaq həqiqətlər Azərbaycan tarixinə zəngin töhfələr verəcək.


- Sözsüz ki, haqqında danışdığımız bu işlər turizmin inkişafı üçün də əhəmiyyətlidir...

- Ümumiyyətlə, İsmayıllıda, o cümlədən, Basqal və onun ətrafında görülən işlər turizm sahəsində böyük bir əhəmiyyət kəsb edən, iqtisadi cəhətdən perspektiv vəd edən layihələrdir. Bilirsiniz ki, avqustun 12-də “Basqal Resort & Spa” otelinin açılışı oldu. Bu, düşünülmüş və ağıllı marketinq yanaşması nümunəsidir. Müşahidələrimdən deyə bilərəm ki, Azərbaycanda hələlik ikinci belə otel yoxdur. Bütün parametrlərdə ondan öncə inşa olunmuş otellərdən iki dəfə üstündür. Ölkəmizin qonaqları, turistlər bu yeni oteldə yüksək səviyyədə xidmətdən yararlanacaq, oradan da birbaşa Basqal kəndinə gedib tarixi abidələrlə, yerli özəlliklərlə tanış ola, “Bazar meydanı”nda sənətkarlıq nümunələri, kələğayı, misgərlik, dulusçuluq məhsulları ala, Basqalın zəngin mətbəxinin ləzzətini dada biləcəklər. Yeni çəkilmiş yolla qonşu Lahıc və başqa kəndləri də gəzə, oradan Şamaxıya qayıda, yaxud, səyahətlərini Qəbələ, Şəki rayonlarında davam etdirə bilərlər.



– Sadə vətəndaşların bu layihələrə münasibətini necə ifadə edərdiniz?

- Cənab Prezidentin Azərbaycanın bölgələrində, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə nəzər salanda bir sistemli, bütün tarixi, milli-mənəvi, mədəni nüansların, multikultural dəyərlərin dəqiq nəzərə alındığı, zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş, pərakəndəliyə yer qoymayan, qədimliklə müasirliyi balanslı şəkildə çuğlaşdıran bir müdrik, uzaqgörən yanaşma müşahidə olunur. Əgər belə olmasaydı, qədim kəndlərimiz öz kaloritini itirə bilərdi ki, bu da əslində tarixdən silinmə demək olardı. Uşaqlıqdan yaxşı xatırladığım Basqalda son illər həyata keçirilən işlər göz oxşayır. İndi “mavi yanacaqla” təmin olunmuş Basqalın sakinlərinin vaxtilə odundan istifadə etdikləri, indi asfaltlanmış dağ yollarının vaxtilə dağılıb sıradan çıxması yadıma düşür. Müqayisə etdikdə və fərqi gördükcə ürəyim fərəh hissi ilə dolur. Təbii ki, bütün bunlar ilk növbədə insanların rifahına xidmət edir və məmnunluq doğurur. Bacılarımın, qardaşlarımın, həmkəndlilərimin necə sevindiklərini görürəm, basqallıların sosial şəbəkədə yazdıqları statuslardan, kommentlərdən cənab Prezidentin və Vitse-Prezidentin Basqal səfərinin necə müsbət, coşqu ilə qarşılandığını duyuram. Bilirəm ki, tarixdə ən güclü dönəmini yaşayan dövlətimizin başında duran bu şəxslərin mübarək qədəmlərinin dəydiyi, təşrif buyurduqları bütün bölgələrdə, eləcə də İsmayıllı rayonunun etnik azlıqların yaşadıqları bütün qəsəbə və kəndlərində əhali eyni sevinci yaşamışdır. Biz uşaq vaxtı qəhrəmanlarımız Babəkin, Cavanşirin, Tomirisin adlarını baba və nənələrimizin nağıllarından, dastanlardan eşidirdik, məktəbdə tarix dərsliklərindən oxuyurduq. İndi sevinməliyik ki, alnımıza sözün həqiqi mənasında qəhrəmanlar olan cənab İlham Əliyevin, xanım Mehriban Əliyevanın, Qarabağı, Şərqi Zəngəzuru işğaldan azad etmiş şəhidlərimizin, qazilərimizin müasirləri olmaq xoşbəxtliyi yazılıb. Bu qəhrəmanlar öz ölkələrini, Azərbaycanımızı həddən ziyadə, canlarından artıq dərəcədə sevirlər, ürəkləri daim Vətən eşqi ilə döyünür. Belə övladlar yetirmiş xalq da xoşbəxtdir, qəhrəman xalqdır. Ona görə də bir Azərbaycan vətəndaşı, bir Basqallı olaraq möhtərəm Prezidentimiz İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya xalqımızı bu firavan günlərə çıxardıqlarına görə dərin minnətdarlığımı bildirirəm.

- Müsahibə üçün çox sağ olun!

– Siz də sağ olun!

Müsahibəni apardı: Azər MƏMMƏDOV



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024