Mobil versiya
Bulvarda skuterlə “avtoşluq” edənlər: İnsanların rahatlığını pozanlar niyə cəzalandırılmır? - AÇIQLAMA
Tarix: 04-08-2022 | Saat: 14:30
Bölmə:Media | çapa göndər

Bulvarda skuterlə “avtoşluq” edənlər: İnsanların rahatlığını pozanlar niyə cəzalandırılmır? - AÇIQLAMA

Son günlər Dənizkənarı Bulvar ərazisində insanların istirahətini pozan bir sıra nüanslar artıq fəsadlar yaratmağa başlayıb. Belə ki, əvvəl gənclərin ehtiyatsız şəkildə velosiped sürməsi bulvarda istirahət edən digər şəxsləri narahat edirdisə, indi bu problemə skuter sürənlər də əlavə olunub.

Artıq neçə gündür ki, hər kəs sosial şəbəkədə bu məsələ ilə bağlı iradlar paylaşır. Ötən gün sosial şəbəkədə paylaşılan məlumatlardan birində iddia edilib:

“Bulvar ərazisində skuterlə “avtoşluq” edən bir şəxs balaca uşağı vurdu. Nəticədə uşağın ayağı qırıldı, atası da həmin şəxsi döydü. Skuter sürənlərin ucbatından axşam bulvarda normal gəzmək olmur”.

Bu sadəcə baş verən hadisələrdən biridir. Çoxsaylı şikayətləri nəzərə alaraq mövzuya toxunmaq qərarına gəldik.

Bulvar ərazisində mühafizə xidməti var. Bəs bu cür hallarda həmin mühafizə xidmətinin işi nədən ibarətdir? Mütləq hər hansı hadisə baş verməlidir ki, sonra reaksiya olsun?

Bulvar ərazisi boyu itlərin gəzintisi, velosiped və skuter sürülməsi üçün nəzərdə tutulan ərazilərdə xüsusi nişanlar var, doğrudur. Lakin əgər bu nişanlara riayət edilmirsə, kim, necə, hansı hadisənin, problemin qarşısını ala bilər?

Məsələ ilə bağlı “Dənizkənarı Bulvar İdarəsi”nin mətbuat xidmətinin rəhbəri Könül İmamverdiyeva Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən hadisə barədə məlumatlıdırlar:

“Təəssüf ki, belə bir hadisə olub. Eyni zamanda bir neçə vaxtdır skuterlə bağlı mövcud vəziyyətdən də İdarənin xəbəri var. Bildirmək istərdik ki, dənizkənarı bulvarda insanların kütləvi şəkildə istirahət etdiyi ərazilərdə skuterlərin, velosipedlərin hərəkəti ilə bağlı qadağanedici nişanlar yerləşdirilib. Ümumiyyətlə bütün bulvarın qadağanedici nişanlar olmayan ərazilərində skuterlərin, velosipedlərin hərəkətinə icazə verilir.

Lakin qadağanedici nişanlar qoyulubsa, orada skuter, velosiped sürmək olmaz. Bu, ərazidə istirahət edən sakinlərin təhlükəsizliyini qorumaq məqsədilə qoyulub. Bulvarın mühafizə xidməti insanların həmin nişanların tələblərinə riayət etmələrinə nəzarət edirlər. Skuterləri yüksək sürətlə sürən şəxslər gördükdə mühafizə xidmətinin əməkdaşları onlara xəbərdarlıq edir. Yəni, mühafizə xidmətinin səlahiyyəti yalnız xəbərdarlıq edərək, tövsiyə verməkdən ibarətdir.

Təəssüf ki, qanunvericiliklə elə bir səlahiyyətimiz yoxdur ki, hər hansı qadağa, məhdudiyyət tətbiq edək”.

Könül Cəfərli



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024