Mobil versiya
AzMİU-nun məzunları beynəlxalq müsabiqədə qalib gəliblər
Tarix: 21-01-2022 | Saat: 10:02
Bölmə:Gündəm / Təhsil | çapa göndər

AzMİU-nun məzunları beynəlxalq müsabiqədə qalib gəliblər

Memarlıq fakültəsinin müəllimlərinin hazırladıqları dərsliklər beynəlxalq diplomlara layiq görülüb

Bu gün MOOCAO-nun (Memarlıq təhsilinin təşviqi üzrə regionlararası ictimai təşkilat) Memarlıq və dizayn üzrə buraxılış işlərinin XXIX onlayn baxış-müsabiqəsinin qalibləri olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin bir qrup məzununa diplomlar təqdim olunub. Mərasimdə diplomları AzMİU-nun Tədris işləri üzrə prorektoru Akif Qasımov, Azərbaycan Memarlar İttifaqının sədri, professor Elbay Qasımzadə, İtaliya – Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov, Dizayn kafedrasının müdiri Təranə Bəkirova təqdim ediblər. Qeyd edək ki, MOOSAO-nun rəhbərliyi və Moskva Memarlıq İnstitutunun təşkilatçılığı ilə ötən ilin aprelində keçirilən onlayn müsabiqəyə Rusiya, Qazaxıstan, Moldova, Ermənistandan yüzlərlə iştirakçı qatılıb. Müsabiqədə Memarlıq fakültəsinin bakalavar və magistr səviyyəsi üzrə təhsil alan tələbələri iştirak edib, onların buraxılış işləri yüksək qiymətləndirilib, MOOCAO-nun 1-ci (8 iş) və 2-ci (19 iş) dərəcəli diplomlarına layiq görülüb. Karantin qaydalarına uyğun olaraq diplomların verilməsi ləngidiyindən diplomlara layiq görülən tələbələr artıq məzun olublar. Həmçinin məzunlardan Təhmasib Mollaeyyublu və Məryəm Rəhimlinin işləri Moskva Memarlıq İnstitutunun əlavə diplomunu (MARXİ) qazanıblar. Diqqətəlayiq haldır ki, müsabiqəyə təqdim olunan və 1-ci dərəcəli diplomlara layiq görülən Hüsniyyə Kərimova və Süsən Məlikovanın işləri işğaldan azad olunan Şuşa şəhərində abidələrin bərpası ilə bağlı olub. Onu da qeyd edək ki, Memarlıq fakültəsinin müəllimlərinin hazırladıqları dərsliklər, dərs vəsaitləri və s. müsabiqədə diplomlara layiq görülüb. Azərbaycan Memarlar İttifaqı da həmin müəllimləri mükafatlandırıb.

Məlumdur ki, bu gün ölkəmizdə inşaat sektorunda çalışan ali təhsilli mühəndis kadrlarının hazırlanması da ilk növbədə məhz Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən həyata keçirilir. Birmənalı olaraq deyə bilərik ki, bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, eləcə də bütün kollektivi dövlətimiz tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrasını uğurla və tüksək səmərəliliklə həyata keçirirlər. Elə yuxarıda qeyd olunmuş epizod da bu deyilənlərin daha bir təsdiqi, AzMİU kollektivinin səmərəli fəaliyyətinin bir göztəricisidir. Həmçinin qeyd etmək lazımdır ki, bu fəaliyyət Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, eləcə də Türk birliyi ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə gözəl töhfələr verir.

Türk Dünyası Memarlar və Mühəndislər Birliyinin nümayəndə heyəti AzMİU-nun qonağı olub

Türk Dünyası Memarlar və Mühəndislər Birliyinin sədri, Çevrə Şəhərcilik və İqlim Dəyişikliyi nazirinin yardımçısı Mücahit Dəmirtaşın rəhbərlik etdiyi geniş nümayəndə heyəti yanvarın 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin qonağı olub. Universitet rəhbərliyi ilə görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri, əlaqələrin möhkəmləndirilməsi istiqamətində birgə tədbirlər, seminar və konfranslar, təcrübə proqramları və layihələrin həyata keçirilməsi müzakirə olunub. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları salamlayıb, COVİD-19 pandemiyası səbəbindən uzun müddətdir ki, görmədiyi qonaqları yenidən universitetdə qarşılamaqdan məmnun olduğunu söyləyib. Rektor nümayəndə heyətinə rəhbərlik etdiyi ali məktəbin tarixi, inkişafı, müasir dövrdə fəaliyyəti, beynəlxalq əlaqələri, Türkiyə universitetləri ilə əməkdaşlığı haqqında geniş məlumat verib. G.Məmmədova Azərbaycanın tarixində yaşanan əlamətdar hadisə - torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan 44 günlük müharibə haqqında da danışaraq tarixi Qələbənin qazanılmasında Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla qalib Ordumuzun nümayiş etdirdiyi əzm və fədakarlıqdan, qəhrəmanlıqlardan bəhs edib, eyni zamanda da qardaş Türkiyənin rolunu xüsusi vurğulayıb. Türk Dünyası Memarlar və Mühəndislər Birliyi ilə bu günə qədər həyata keçirilən birgə tədbirlərin, layihələrin Universitet üçün önəmindən danışan rektor tələbə və müəllimlərimizin birliyin dəstəyi ilə Türkiyənin nüfuzlu qurumlarında iştirak etdiyi təcrübə proqramlarının yenidən bərpa olunması istəyini qonaqların diqqətinə çatdırıb. Nümayəndə heyətinin rəhbəri Mücahit Dəmirtaş qəbul üçün təşəkkür edərək AzMİU ilə sıx dostluq və işgüzar əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. Dostluq şəraitində keçirilən görüşdə Baş katib Türk Dünyası Memarlar və Mühəndislər Birliyinin növbəti qurultayının Azərbaycanda keçirilməsini təklif edib.

Təbii ki, bütün bu deyilənlərə rəğmən hər bir ali təhsil müəssisəsinin nüfuzu ilk növbədə tədrisin keyfiyyəti ilə müəyyən edilir. Bu keyfiyyətin nə dərəcədə yuxarı olması isə əlbəttə ki, daha çox özünü imtahan sessiyası dövründə göstərir. Elə Azərbaycan Memarlıq və İnşaat Universitetində hazırda davam edən payız semestrinin imtahan sessiyası da imtahanların təşkili üçün bütün hazırlıq işlərinin vaxtında və yüksək səviyyədə həyata keçirildiyini, eləcə də tələbələrin yüksək hazırlıq səviyyəsini nümayiş etdirir.

Payız semestrinin imtahan sessiyası uğurla davam edir

İmtahanlar hər gün səhər saat 10:00-dan etibarən başlayır və günün müəyyən olunmuş saatlarına qədər uyğun imtahan qrafiki ilə davam edir. Gün ərzində 1000-1200 tələbə imtahan verir. İmtahan prosesinə nəzarət etmək məqsədi ilə universitet daxilində xüsusi işçi qrupu da formalaşdırılıb. Bu qrup universitetin müəllim və əməkdaşlarından təşkil olunub ki, onlar yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işlərini yerinə yetirirlər. Universitetdə keçirilən imtahanlar yazılı və test üsulu olmaqla iki şəkildə aparılır. İmtahanların cavablarını isə tələbə elə həmin gün əldə edir. AzMİU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün tədbirlər görülüb. Universitetdə sessiyanın gedişinə nəzarət edilməsi və imtahan prossesi ilə bağlı şikayətlərin araşdırılması məqsədi ilə İmtahan Qərərgahı, imtahanların qiymətləndirilməsi ilə bağlı şikayətlərin baxılması üçün isə AzMİU-nun rektorluğu yanında Münaqişə Komissiyası yaradılıb.

Bütün bu deyilənlərdən belə nəticə çıxarmaq olur ki, professor professor Gülçöhrə Məmmədovanın rəhbərliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin fəaliyyəti pandemiya dövründə də tam dolğunluğu və səmərəliliyi ilə davam etməkdədir. Universitetin professor-müəllim heyəti istər tələbələrin keyfiyyətli təhsil almaları və gələcək həyata tam hazırlıqlı olmaları, istərsə də AzMİU-da aparılan elmi araşdırmaların səmərəliliyinin yüksəldilməsi üçün bütün imkanları düzgün şəkildə səfərbər ediblər. Lakin təəssüflər olsun ki, bütün bu görülən işlərə rəğmən bu gün yenə də bəzi saytlarda Azərbaycan Memarlıq və İnşaat Universitetində gedən proseslərə dair mövcud reallıqlara qətiyyən uyğun olmayan yazılara rast gəlinir. Hətta bu yazılarda AzMİU-da əldə olunan uğur və nailiyyətlərə qarşı aşkar qısqanclıq hissi müşahidə olunmaqdadır. Bununla bağlı həmkarlarımızdan bir daha xahiş edərdik ki, həqiqəti əks etdirməyən və milli birliyimizə yaraşmayan belə materialları öz saytlarında dərc etməkdən çəkinsinlər.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024