Mobil versiya
Vüqar Səlimov: “Prezident İlham Əliyev 18 il ərzində Azərbaycanı qüdrətli dövlətə çevirib”
Tarix: 15-10-2021 | Saat: 09:23
Bölmə:Gündəm | çapa göndər

Vüqar Səlimov: “Prezident İlham Əliyev 18 il ərzində Azərbaycanı qüdrətli dövlətə çevirib”

“Prezident İlham Əliyevin ötən 18 illik fəaliyyətində diqqəti cəlb edən ən üstün cəhətlərdən biri onun siyasi hakimiyyəti xalqa layiqli xidmət vasitəsi kimi dəyərləndirməsi, hökumətin fəaliyyəti ilə bağlı cəmiyyətə müntəzəm hesabatların verilməsini idarəçilikdə demokratik ənənələrdən biri kimi formalaşdırmasıdır. Artıq bir neçə ildir ki, bu cür hesabatlar həm də konkret dövr ərzində qazanılmış nailiyyətlərin qiymətləndirilməsi, əldə edilmiş uğurların ictimaiyyətə düzgün, obyektiv çatdırılması, mövcud problemlər ətrafında müzakirələrin aparılması və onların həlli yollarının tapılması üçün səmərəli vasitəyə çevrilmişdir.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov deyib.

Müsahibimiz ilk növbədə vurğulayıb ki, müstəsna xidmətləri ilə Azərbaycanın taleyində əvəzsiz rolu olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı ulu öndər Heydər Əliyevin öz milləti qarşısındakı ən dəyərli xidmətlərindən biri də, Azərbaycan üçün cənab İlham Əliyev kimi bütün ali insani keyfiyyətlərə malik şəxsiyyət və müdrik bir lider yetişdirməsi olmuşdur: “2003-cü ildə səhhətində ciddi problemlər yaranan vaxtlarda belə öz xalqını düşünən ulu öndər Heydər Əliyev ictimai rəyə və ümumxalq mövqeyinə əsaslanmaqla Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirmişdi. Xalq sonsuz inandığı rəhbərin tövsiyəsindən bəhrələnərək, düzgün seçim etməklə, bu gün dünyanın ən nüfuzlu liderlərindən biri olan cənab İlham Əliyevi özünə Prezident seçdi. Dövlət başçısı cənab İlham Əliyev özünün prezidentliyi dövründə, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək, daxili ictimai-siyasi sabitliyi daha da möhkəmləndirmiş, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin etmiş, vətəndaşların rifahının yüksəlməsinə nail olmuşdur. Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, formalaşdırdığı səmərəli dövlət idarəçiliyi sayəsində Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artmış, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da güclənmişdir. Ölkənin təbii ehtiyatlarından, coğrafi mövqeyindən, maddi, mənəvi və insan resurslarından səmərəli istifadəyə, transmilli nəqliyyat-kommunikasiya və enerji dəhlizləri sahəsində həyata keçirilən uğurlu regional siyasət və düzgün mövqe seçiminə, daxili və xarici siyasətin müstəqillik əmsalına, sosial-iqtisadi inkişafın davamlılıq və dinamiklik göstəricilərinə, gələcək inkişaf potensialına və digər parametrlərinə görə də hazırda Azərbaycan regionun özünü tam təmin edən dövlətinə çevrilmişdir. Xalqın rifah halının hərtərəfli yaxşılaşdırılması, onun layiqli həyat şəraiti ilə təmin edilməsi və dövlətin daha da qüdrətlənməsi məqsədi ilə yüksək elmi biliklərə, dərin zəkaya, zəngin siyasi təcrübəyə, mükəmməl rəhbərlik bacarığına və sarsılmaz iradəyə sahib olan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə nəhəng layihələr reallaşdırılır, qeyri-neft məhsullarının istehsalı və ixracı artırılır, dövlət-sahibkar münasibətlərinin və biznes-investisiya mühitinin daha da yaxşılaşdırılması üçün kompleks stimullaşdırıcı tədbirlər görülür, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılır. Ölkəmizdə bütün sahələrdə müntəzəm olaraq səmərəli islahatlar həyata keçirilir, regionlar tarazlı inkişaf etdirilir, hər bir istiqamət üzrə ardıcıl uğurlar əldə olunur ki, bütün bunların nəticəsində də Azərbaycan durmadan çiçəklənərək, daha da qüdrətlənir və intibah dövrünü yaşayır.”

Daha sonra Vüqar Səlimov Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin də ilk növbədə Prezident İlham Əliyevin 2003-cü ildən bəri həyata keçirdiyi möhtəşəm hazırlıq işlərinin nəticəsi olduğunu vurğulayaraq bunları deyib: “Cənab Ali Baş Komandan Vətən müharibəsində möhtəşəm Qələbə əldə etməklə müzəffər Ordumuzun yenilməz sərkərdəsi kimi özünün və qəhrəman əsgərlərimizin adını şanlı tariximizə qızıl hərflərlə həkk etdirdi. Zaman göstərdi ki, 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin may ayında olan Günnüt əməliyyatı zamanı əldə olunmuş uğurlu nəticələr 44 günlük Vətən müharibəsinin müjdəçiləri imiş. 27 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Silahlı Qüvvələrimizin mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ordumuzu mənfur düşmənin layiqli cavabını verməyə vadar etdiyindən Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları həyata keçirdi və bununla da ikinci Qarabağ müharibəsi başladı. Böyükdən kiçiyə hər kəs Vətən müharibəsinin qələbə ilə başa çatmasını qarşıya məqsəd qoydu. Dövlət başçısı cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı dillərdə əzbər olmaqla xalqı öz liderinin ətrafında daha da sıx birləşdirərək mülki vətəndaşlarda mübarizə əzmi, hərbçilərimizdə isə böyük ruh yüksəkliyi yaratdı. Müharibənin gedişində xalqımız müqəddəs amal uğrunda birləşməyin, vahid toplum olmağın, güclü “Dəmir yumruğa” çevrilməyin yeni bir nümunəsini yaratdı. Xalq öz təpəri ilə mübarizə meydanında, əsgərlərin yanında, dövlətin arxasında olduğunu göstərdi. 2003-2020-ci illər ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işləri sayəsində Vətən müharibəsində tarixi Qələbəmiz təmin olundu. Azərbaycanın güclü bir dövlətə çevrilməsinə və nəticə etibarı ilə öz ərazi bütövlüyünü bərpa etməsinə zəmin yaratmış ən önəmli faktor məhz ölkəmizdə xüsusilə müharibəyə qədər keçmiş 17 ildə müşahidə olunan dinamik iqtisadi inkişaf amili oldu. Ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, bu illər ölkəmiz üçün zəruri və vacib bir hazırlıq dövrü idi. Görülən tədbirlər sayəsində ilk növbədə daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra ölkənin iqtisadi inkişafı təmin edildi. Eyni zamanda həyata keçirilən düzgün xarici siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. Bütün bunlarla yanaşı isə münaqişənin həlli üçün ən mühüm olan sahədə, ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata keçirildi. Sonda bütün bu hazırlıqlar sayəsində bizim qürur mənbəyimiz, Vətən müharibəsində tarixi Qələbəmiz əldə olundu. Bu, Azərbaycanın son iki yüz ildə əldə etdiyi ən böyük tarixi nailiyyətdir.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024