Mobil versiya
Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü böyük sevinc və qürur hissi ilə qeyd edir – Sahibə Qafarova
Tarix: 25-06-2021 | Saat: 12:12
Bölmə:Siyasət | çapa göndər

Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü böyük sevinc və qürur hissi ilə qeyd edir – Sahibə Qafarova


Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü böyük sevinc və qürur hissi ilə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu xalqımızın qəhrəmanlıq tarixinə yeni parlaq səhifələr yazıb. Azərbaycan torpaqlarını 30 ildən bəri işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edilib, əzəli və tarixi torpağımız olan Qarabağ mənfur düşmənin əsarətindən xilas edilib.

Aia.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarova bildirib ki, tarixi ədalətin öz yerini tutması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması xalqımızın özünə inamını qaytarmış və ruhunu təzələmişdir:

“Bu gün biz yurd yerlərimizə, doğma Qarabağa qayıdırıq. Bu haqqı bizə qəhrəman ordumuz, onun Ali Baş Komandanı qaytarıb. Biz şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını heç zaman unutmayacağıq.

Xalqımız əmindir ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri nəinki Qarabağ bölgəsinin mənzərəsini kökündən dəyişəcək, həm də bütün Azərbaycanın inkişaf tarixində yeni bir dövr açacaqdır.

Azərbaycan bayrağını Şuşada, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Ağdamda, Hadrutda, Qarabağın digər şəhər və kəndlərində dalğalandıran qalib xalqımız erməni vandalları tərəfindən viran qoyulmuş yaşayış məntəqələrimizi bərpa edib qurucu xalq olduğunu bir daha dünyaya nümayiş etdirəcəkdir.

Bu gün Silahlı Qüvvələrimiz işğaldan azad olunmuş bölgənin müdafiəsi, dövlət sərhədlərimizin qorunması naminə öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Xalqımız həm Vətən müharibəsi dövründə, həm də bu gün, dinc dövrdə ölkəmizin hərbi təhlükəsizliyinin təmin edilməsində fədakarlıq göstərən hərbçilərimizlə haqlı olaraq fəxr edir. Biz əminik ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə də inkişaf edəcək və dünyanın ən güclü orduları sırasında öz yerini möhkəmləndirəcəkdir.

Silahlı Qüvvələr günü münasibəti ilə biz müzəffər Ali Baş Komandanı, Silahlı Qüvvələrin qəhrəman əsgər və zabitlərini, bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edir, Azərbaycanın mənafelərinin qorunması naminə şərəfli missiyalarını həyata keçirməkdə onlara yeni uğurlar arzulayırıq”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024