Mobil versiya
Dövlət İdarəçilik Akademiyasında konfrans: Heydər Əliyev və Azərbaycan Respublikasının müasir innovativ inkişafı
Tarix: 07-05-2021 | Saat: 16:51
Bölmə:Təhsil | çapa göndər

Dövlət İdarəçilik Akademiyasında konfrans: Heydər Əliyev və Azərbaycan Respublikasının müasir innovativ inkişafı

Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) doktorant və dissertantların ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Respublikasının müasir innovativ inkişafı” mövzusunda elmi-praktik konfransı keçirilib.

DİA-dan bildirilib ki, Elmi təşkilat və beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə baş tutan konfransı giriş sözü ilə akademiyanın rektoru, akademik Urxan Ələkbərov açıb. Azərbaycan Respublikasının sürətlə inkişaf etdiyini dilə gətirən akademik bu tərəqqi prosesinin hərtərəfli və universal olduğunu və iqtisadi, sosial, humanitar, hərbi təhlükəsizlik sahələrində tətbiq edilən innovativ dövlət idarəçilik texnologiyalarına əsaslandığını vurğulayıb. U.Ələkbərov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük şanlı Vətən müharibəsində qazanılmış parlaq qələbəni də məhz bu inkişafın nəticəsi kimi dəyərləndirib. Qeyd edilib ki, Azərbaycanın bugünkü hərtərəfli uğurlu inkişafının kökündə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş səmərəli və innovativ dövlət idarəçiliyi durur. Akademik son 18 ildə isə bu prosesin daha da gücləndiyini və yeni səviyyəyə qalxdığını və bunun Prezident İlham Əliyev tərəfindən innovativ dövlət idarəçilik elminə əsaslanan tam yeni texnologiyaların tətbiqinin nəticəsi olduğunu bildirib. U.Ələkbərov, həmçinin ölkədə Birinci vitse-prezident institutunun təsisi, bu vəzifədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın milli və beynəlxalq səviyyədə parlaq fəaliyyətinin iqtisadi nailiyyətlərin sosial və humanitar uğurlara səmərəli transformasiyasının təmin edilməsində əvəzsiz xidmətləri olduğuna diqqət çəkib. Bildirilib ki, bu, həmçinin dünyanın ən müasir prioriteti olan inklüziv cəmiyyətin formalaşdırılmasında öz əksini tapıb və Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda və xarici ölkələrdə həyata keçirilən inklüziv təhsil, inklüziv sağlamlıq və digər çoxsaylı sosial təşəbbüs və layihələr ölkənin davamlı inkişafına və inklüziv cəmiyyətin formalaşmasına güclü təkan verib.

Rektor U.Ələkbərov təhlillər əsasında müstəqilliyini yalnız 30 il əvvəl bərpa etmiş Azərbaycanın inklüziv inkişaf indeksinə görə dünyanın bir çox lider ölkələrini geridə qoyduğunu diqqətə çatdırıb. Bu ölkələr arasında “böyük yeddilik” (G7) qrupuna daxil olan dünya liderləri (ABŞ, İtaliya, Yaponiya), dünyanın iqtisadi baxımından ən inkişaf etmiş 39 ölkəsini birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvləri (İsrail, Argentina, Çili, Yunanıstan, Portuqaliya, Meksika və s.), Avropa İttifaqının üzvləri (Latviya, Polşa, Rumıniya, Bolqarıstan və s.) də var. Xüsusi vurğulanıb ki, məhdud resurslarla daha yüksək nəticələrin əldə edilməsi yalnız çox yüksək səviyyəli dövlət idarəçiliyinin təzahürü və Heydər Əliyev dövlət idarəçilik məktəbinin bəhrəsidir.

Sonra konfransda çıxış edən gənc alimlər “Xalqa mənsub olan həyat”, “Heydər Əliyevin dövlətçilik ideyaları: Azərbaycanı zəfərə aparan inkişafa konseptual baxış”, “Heydər Əliyev İkinci Qarabağ müharibəsində diplomatik uğura aparan yolun qurucusu kimi”, “Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının davamlı inkişafının təmin olunmasında rolu” və s. maraqlı mövzularda məruzələr ediblər.

Konfransın sonunda səsləndirilən məruzələrlə bağlı fikir mübadiləsi aparılıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024