Mobil versiya
Ələmdar Quliyev: “Ulu Öndər Heydər Əliyevin təhsil strategiyası bugünkü uğurların əsasında durur”
Tarix: 06-05-2021 | Saat: 14:30
Bölmə:Siyasət | çapa göndər

Ələmdar Quliyev: “Ulu Öndər Heydər Əliyevin təhsil strategiyası bugünkü uğurların əsasında durur”

Ümummilli Lider keçmiş İttifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq hər il 800-900 nəfər gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır.


Ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycan iqtisadiyyatının, eləcə də elm, təhsil və mədəniyyətinin dirçəlişi və dinamik inkişafı, həmçinin dövlət müstəqilliyinin möhkəmləndirilməsi, qısa bir zamanda Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması bilavasitə ümummilli lider Heydər Əliyevin adı və gərgin fəaliyyətilə bağlıdır. Ulu öndərin genişmiqyaslı, çoxcəhətli fəaliyyətində təhsilin inkişafına diqqət və qayğı prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin aktual problemlərini və perspektivlərini incəliklərinə qədər dərindən bilən, təhsilin cəmiyyətdə rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən ulu öndərin təhsillə bağlı dəyərli mülahizə və müddəaları bu sahənin inkişafı baxımından misilsiz əhəmiyyət kəsb edir. Bu mülahizə və müddəalar həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində Azərbaycan təhsilinin inkişaf yolunun proqramına çevrilmişdi. Ümummilli liderimizin hələ sovet ideologiyasının hökm sürdüyü illərdə təhsil sahəsi ilə bağlı irəli sürdüyü fikirləri bu gün üçün müasir səslənən ideyalarla müqayisə etdikdə onun zamanı necə və hansı səviyyədə qabaqladığına heyran olmaya bilmirsən. Müdrik və uzaqgörən siyasi xadim Heydər Əliyev Azərbaycanın müstəqillik üfüqlərini hələ sovet hakimiyyəti illərində respublikaya rəhbərlik etdiyi dövrlərdə yaxşı görürdü. Ulu öndər əmin idi ki, gələcək müstəqil dövlətin bünövrəsinin möhkəm qurulması üçün təhsilin inkişafına indidən güclü təkan verilməlidir. 1977-ci il avqustun 27-də keçirilmiş tələbələrin respublika fəalları ilə görüşündə gənclərə “Bu gün sizin başlıca vəzifəniz oxumaqdan, müstəqil işləmək vərdişləri əldə etməkdən, həqiqəti axtarmaq və ona nail olmaq bacarığına yiyələnməkdən, yəni kamil mütəxəssis olmaq, cəmiyyətimizə daha çox fayda vermək üçün zəhmətlə, səylə, əzmlə, gündən-günə misilsiz bilik, mədəniyyət, ictimai vərdiş ehtiyatı toplamaqdan ibarətdir” müraciəti də məhz həmin qənaətdən irəli gəlirdi.


Ümummilli liderimiz təhsil məsələlərinə toxunarkən onun inkişafyönümlü xarakterini, təhsilin cəmiyyətin, dövlətin, hər bir şəxsin məhz inkişafına, tərəqqisinə xidmət etməli olduğunu dönə-dönə vurğulayır, təhsil xidmətlərinin birmənalı olaraq həmin istiqamətə yönəldilməsini vacib sayırdı. Ulu öndərimizin orta məktəb təhsilinin məqsədləri, ümumtəhsil məktəbinin əsas vəzifələri haqqında qiymətli fikirləri bu gün də bütün təhsil işçiləri üçün aparıcı istiqamət, əsas ideya mənbəyidir. Ulu öndər biliklərə əzmlə yiyələnməyi, daha çox bilik əldə etməyi, əsas diqqəti biliklərə əsaslanan cəmiyyətin qurulmasına yönəltməyi ən aktual vəzifələrdən biri hesab edir, bu prosesdə orta təhsilin roluna böyük qiymət verirdi. Ümummilli liderimizin orta məktəblərdə fənlərin tədrisinin təşkili ilə əlaqədar vurğuladığı tələbi diqqətə çatdırarkən bir amili də qeyd etmək lazımdır ki, bu məsələ ulu öndərimizi bütün vaxtlarda daim düşündürmüşdür. O, fənlərə sadəcə olaraq şagirdlərə müəyyən çərçivədə müvafiq məlumatlar, nəzəri biliklər mənimsədən vasitə kimi deyil, hər şeydən əvvəl, şəxsiyyətin formalaşdırılmasını təmin edən, onlara həyatda müstəqil yaşayıb fəaliyyət göstərmək üçün zəruri həyati bacarıqlar aşılayan mühüm amil kimi baxırdı.

Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra təhsilimizin inkişafı, qabaqcıl ölkələrin təhsil sistemlərinə davamlı inteqrasiyası üçün əlverişli şəraitin yarandığı bir vaxtda ulu öndər bu tarixi şansı yüksək qiymətləndirməklə yanaşı, həm də çox vacib bir məqamı diqqətə çatdıraraq təhsil sahəsinin də milli məqsədlər, mənafelər əsasında qurulması vəzifəsini qarşıya qoymşdu. Ulu öndərimiz təhsilin milli məqsəd və mənafelər əsasında qurulması zərurətinə toxunarkən, ilk növbədə, heç şübhəsiz, uşaq və gənclərin əsl azərbaycanlı, əsl vətəndaşlıq, milli mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasını diqqət mərkəzinə çəkirdi. Özünün şəxsi keyfiyyətləri və fərdi xüsusiyyətləri ilə millətimizə nümunə olan ulu öndərimiz uşaq və gənclərin tərbiyəsində dini dəyərlərin də rolunu yüksək qiymətləndirir, bunları insan mənəviyyatının formalaşmasında əsas amil hesab edirdi.

Ümummilli liderimiz uşaq və gənclərin kamil şəxsiyyət kimi formalaşmasında onların həm doğma ana dilinə, həm də xarici dillərə yiyələnməsinə, ədəbi irsimizi, tariximizi dərindən öyrənmələrinə ciddi diqqət yetirilməsini dönə-dönə vurğulayır, bu işlərin məqsədyönlü şəkildə həyata keçirilməsini məktəbin, bütün müəllimlərin müqəddəs borcu olduğunu bəyan edirdi.

Əminliklə deyə bilərik ki, bu gün ulu öndər Heydər Əliyevin müəyyən etdiyi təhsil siyasəti Azərbaycanda uğurla davam etdirilir. Xüsusilə son illər iqtisadiyyatımızda baş verən sıçrayış, yüksək templi inkişaf digər sahələrin, o cümlədən təhsilimizin də yüksələn xətt üzrə inkişafı üçün mühüm təməl olmuşdur. Əlbəttə, bu inkişafın əsasında dövlətimizin və ölkə rəhbərliyinin təhsilə qayğısı durur. Təhsili Azərbaycanın davamlı inkişafının əsas amillərindən biri sayan Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk gündən təhsili özünün daxili siyasətində prioritet istiqamət kimi müəyyən etmiş və onun inkişafına daim qayğı göstərməkdədir. Məhz buna görə də təhsilin, elmin cəmiyyətdəki önəmli rolunun yüksək qiymətləndirilməsi və onlara göstərilən ardıcıl diqqət və qayğı sayəsində Azərbaycan təhsili son illər özünün yeni, daha yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur.


Ələmdar Quliyev,
İmişli Rayon Təhsil Şöbəsinin müdiri,
YAP Imişli Rayon Təşkilatının Üzvü.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024