Mobil versiya
Dəniz qızı
Tarix: 06-05-2021 | Saat: 14:30
Bölmə:Yazar1 | çapa göndər

Dəniz qızı


(Bu nağılı şagirdim Nərgiz Quluzadənin arzusu ilə qələmə aldım.)

Nərgiz bir nağılda oxumuşdu ki, dəryaların lap dərinliyində dəniz qızları yaşayır. Bunun nə qədər həqiqət olduğunu- atasından, anasından, babasından, nənəsindən elə hey soruşurdu, doğrudanmı Dəniz qızı var? Əgər varsa onun görünüşü, yaşam tərzi necədir? Amma istədiyi cavabı ala bilmirdi. Ona görə də bilikli hesab etdiyi hər kəsdən dəniz qızları haqqında məlumat toplamağa çalışırdı. Bu fikir heç vaxt Nərgizi rahat buraxmırdı. Onunçün də dəniz sahilinə gələndə gözünü sulardan çəkmirdi. Elə hey sulara tamaşa edirdi. Bəlkə Dəniz qızını görə bildi. Anası ona deyirdi ki, Nərgiz, Dəniz qızı barədə bu qədər çox düşünmə, yoxsa o, bir gün səni yanına çəkib aparar.

Günlərin bir günü Nərgiz yenə dənizin sahilində oturub sulara baxırdı. Birdən elə bil gözünə suyun altından sahilə doğru üzən bir məxluq sataşdı. Bir az da yaxına gəldi ki, görsün bu nədir? Elə bu vaxt dəniz dalğalandı, nə isə dənizdən şahə qalxıb Nərgizi ağuşuna aldı və sürətlə suların dərinliklərinə doğru üzdü. Nərgiz qorxdu, amma qulağına uğultuya bənzər gələn səs onu sakitləşdirdi:

- Qorxma, mənəm, sənin arzuladığın Dəniz qızı- ! Nərgiz gözlərini açmağa macal tapmamış özünü möhtəşəm büllur sarayın içərisində gördü. Burada bir inni – cinni belə gözünə dəymirdi. Hər yan sakit və boşluqdan ibarət idi. Ancaq dənizin uğultusu eşidilirdi.
Nərgiz sarayı gəzməyə başladı. Belə geniş otaqlar, iri, əlvan güllər görməmişdi. Güllər suda üzən kimi dalğalanır, ətrafa xoş ətir saçırdı.
Nərgiz beləcə bir neçə otaqdan keçdi, sonra otaqların birində, arxası ona tərəf oturan bir qız görüb sevindi və ona yaxınlaşdı. Qızın sarışın saçları ətrafa dağılmış, iri, mavi gözləri dənizin rəngini xatırladırdı. Əlləri uzun, əyri caynaqları, ayaqlarının yerində balığın quyruğuna bənzər çıxıntı vardı. Əynində paltarı yox idi, bədəni balığınkı kimi parlaq və sürüşkən idi. Qız sanki mehriban baxışları ilə ona demək istəyirdi ki, sənin arzuladığın Dəniz qızı mənəm, Nərgiz ! Buyur, nə soruşmaq istəsən, soruş!
Nərziz qıza yaxınlaşdı, ona toxunmaq istədi, əlləri qızın bədənində şürüşür, onu tuta bilmirdi.
-Sən danışa bimirsən? – soruşdu. Cavab əvəzinə yenə uğultu eşidilirdi. Qız Nərgizin gözü qarşısında dənizdə üzən kimi hərəkətə başladı və Nərgizə onunla bərabər getməyi işarə etdi.
Görünür o, Nərgizi öz sarayında gəzdirməyə çalışırdı.
Bayaq demişdik ki, otaqlar təsəvvür etmədiyimiz qədər geniş idi. Divarlara yaxınlaşdıqda, divarlar geri çəkilirdi, Nərgiz divarlara toxuna bilmirdi. Otaqların birində iri bir tac vardı. Bu tac dəniz mirvariləri və almazlarla bəzədilmişdi. Dəniz qızı tacı götürüb başına qoydu. Bu elə gözəl bir mənzərə idi ki, Nərgiz fikirləşdi ki, gərək bu təsviri çəkib dostlarına göstərsin. Qoy onlar da Dəniz qızının varlığına inansın. Kaş onun da belə bir tacı olaydı...
Sonra onlar narıncı çiçəklərlə əhatə olunmuş bir yerə gəldilər. Burada kiçik dəniz qızları oynayırdılar. Onlar o qədər çox idilər ki...
Dəniz qızı Nərgizə anlatmağa çalışırdı ki, bəli, onlar var və dəryaların çox dərin, insanların hələ öyrənə bilmədiyi yerlərində yaşayırlar.
Sonra başqa bir otağa keçdilər. Burada zəncirlənmiş insanlar vardı. Onlar təəccüblə Nərgizə baxırdılar, həm də gözləri ilə ondan kömək diləyirdilər. Dəniz qızı Nərgizə anlatdı ki, xoşlarına gələn insanları sevdikləri üçün sahildən oğurlayıb bura gətirə bilirlər.
Başqa otaqlarda, müxtəlif rəngdə, iri, parlaq mirvari, almaz tayaları vardı.

Sonda akvariuma bənzər iri bir su hövzəsinə gəldilər. Bura plankton (suda asılmış halda), bentoş (su hövzələrinin dibində), perifiton (sualtı qayaları örtən) su yosunları ilə bəzədilmişdi. Qara – yaşıl saçlı, əsasən insana, qismən balığa bənzər Dənizlər padşahı taxtda əyləşmişdi. Onun qüvvətli əlləri, iri qarnı vardı. Boyu o qədər də hündür olmayan bu sular padşahının alt dodaqları çənəsinə kimi uzanmışdı. Ətrafında özünə bənzər dəniz mələkləri, səcdə formasında düzülmüşdülər.

Dənizlər padşahı bərkdən qışqırdı. Nərgiz onun səsindən vahimələndi. Dəniz qızı anlatdı ki, qorxmasın, atası ondan arzusunu soruşur. Nə istəsə xahiş edə bilər. Nərgiz heç düşünmədən bundan əvvəlki otaqdakı zəncirlənmiş insanların azadlığa buraxılmasını istədi.
Dənizlər padşahı qəzəbləndi, sular titrəməyə başladı, Nərgizdən belə arzunu yəqin ki, gözləmirdi. Sonra bir qədər xəyala daldı. O, söz vermişdi, yəqin padşah sözünü poza bilməzdi. Dəniz pərilərinin ikisinə əmr etdi ki, gedin, həmin insanları azad buraxın.

Dənizlər padşahı yenidən bərkdən çığırdı. Nərgiz əlləri ilə qulaqlarını tutdu, amma daha qorxmurdu. Artıq bilirdi ki, dəniz mələkləri belə səslər çıxarırlar. Əllərində dəniz mirvarilərindən toxunmuş gözəl bir boyunbağı və almazlarla bəzədilmiş tac tutan, mavi donlu dəniz pərisi ona tərəf üzdü və boyunbağını Nərgizin boynuna bağlayıb, tacı onun saçlarına taxdı:

-Qoy bunlar mənim qızımdan sənə hədiyyə olsun- padşah çığırdı. Padşah hər dəfə belə “danışanda” sular titrəyir, yosunlar səsin dalğasından yellənirdi.
Nərgiz Dənizlər padşahına təşəkkür etməyə macal tapmamış, rəngbərəng yosunlarla bəzənmiş, daha uzunboylu su pəriləri onun qarşısında rəqs etməyə başladılar. “Rəqqasələr” rəqs etdikcə paltarları havada qəribə - ulduzabənzər naxışlar əmələ gətirirdi.
Nərgiz düşünürdü: - dəryalar hələ insanlar tərəfindən yaxşı öyrənilməyib. Gör bir suların ənginliklərində nələr var, nələr baş verir? İnsanların isə bunlardan xəbəri belə yoxdur.

Nərgiz özünü narahat hiss etməyə başladı. Dəniz qızı insanların suyun altında çox qala bilmədiyini haradan biləydi, axı o insan deyil, su canlısı idi.
Qızın halının pisləşdiyini görən Dəniz qızı başa düşdü ki, deyəsən quruda yaşamağa öyrəşmiş canlılar suyun altında çox da qala bilmirlər. Onu ağuşuna alıb sahilə tərəf üzdü və qızı sulardan kənara itələdi. Bir qədər kədərlə Nərgizə baxdı və yenidən dənizin sularında qeyb oldu. Axı o, Nərgizi çox sevsə də, onun vətəni dəryalar idi. O, suların ənginliklərində Dəniz qızı olurdu.
Nərgiz sahildə oturub düşünürdü:

“ Görəsən bütün bunlar xəyal idi, yoxsa həqiqətən baş vermişdi”? Əlini saçlarına doğru apardı...

Şəcahan Gün

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə