Mobil versiya
Hərbi Qənimətlər Parkı xalqımızın və dövlətimizin tarixi uğurunu təcəssüm edir
Tarix: 16-04-2021 | Saat: 11:11
Bölmə:Siyasət | çapa göndər

Hərbi Qənimətlər Parkı xalqımızın və dövlətimizin tarixi uğurunu təcəssüm edir

Düşmənin 30 ilə yaxın işğal altında saxladığı əzəli və əbədi torpaqlarımızın 44 gün kimi qısa bir müddət ərzində Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi xalqımızın qəhrəmanlıq salnaməsidir.Dünya təcrübəsində də qəbul olunduğu kimi, ölkənin qazandığı şanlı zəfərin paradlar, parklar, muzeylər və digər vasitələrlə əbədi yaşadılması hər bir xalqın mənəvi haqqıdır.

Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika sərgilənir.

Qənimətlər Parkının 44 günlük müharibənin şokundan hələ də ayıla bilməyən Ermənistanda, eləcə də Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə barışa bilməyən dairələrdə etiraz doğurması gözlənilən idi. Bu, parkın Ermənistan ordusunun necə darmadağın edildiyini, hərbi texnikasının necə yararsız hala düşdüyünü, uzun illər boyu ətrafında “məğlubedilməzlik” mifi yaradılan Ermənistan ordusunda real vəziyyətin necə olduğunu ən incə detallarına kimi ortaya qoyması ilə əlaqədardır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika nəticəsində düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri darmadağın edildi. Düşmən hərbi resurslarını, canlı qüvvələrini, mövqelərini qoyub qaçırdı. Ermənistan silahlı qüvvələrinin qoyub qaçdığı qiymətli atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimət kimi götürüldü. Ötən il dekabrın 10-da keçirilən Zəfər paradının ən yaddaqalan məqamlarından və rəmzi kompozisiyalardan biri rəşadətli ordumuzun işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə idi. Hazırda həmin lövhə yeni fəaliyyətə başlayan Hərbi Qənimətlər Parkında da öz əksini tapıb.

Bu park çox böyük əhəmiyyət daşıyır. Yetişən gənc nəsil, məktəblilər, tələbələr, ölkəmizə gələn turistlər bu parkı ziyarət etdikcə Ermənistanın məğlub, Azərbaycanın isə Qalib ölkə olduğunun bir daha şahidi olacaqlar. Bir faktı da qeyd edək ki, biz haqq işi uğrunda, ərazimizin beynəlxalq səviyyədə tanındığı ərazi bütövlüyü uğrunda mübarizə aparmışıq. Dövlət başçımızın düzgün müəyyənləşdirdiyi siyasi strategiya sayəsində buna nail olduq.
Hərbi Qənimətlər Parkı qürur parkıdır, inam parkıdır, şəhidlərimizin ruhuna əbədi ehtiram parkıdır, yaralı qazilərmizə şəfa parkıdır, bütün döyüş iştirakçılarına minnətdarlıq parkıdır! Özəlliklə uşaq və gənclərimiz üçün çox önəmli bir ziyarət yeri yaranmışdır paytaxtımızda. Bir daha mübarək olsun və bir daha dövlətimizə, müzəffər Silahlı Qüvvələrimizə, Ali Baş Komandanımıza minnətdarıq! Bəli, Şanlı Qələbəmiz də, onu estetik baxımdan əla şəkildə simgələyən Hərbi Qənimətlər Parkı da Azərbaycanın qüdrətinin göstəricisidir! Hamımız əminik ki, Hərbi Qənimətlər Parkı Ölkəmizin ən çox ziyarət edilən məkanı olacaq.


Məleykə Həsənova,
YAP Sabirabad rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024