Mobil versiya
Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının plenumu keçirilib
Tarix: 03-03-2021 | Saat: 20:09
Bölmə:Gündəm | çapa göndər

Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının plenumu keçirilib

Martın 3-də Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqının 2020-ci ilin yekunlarına həsr olunmuş onlayn formatda hesabat-plenumu keçirilib.

AZƏRTAC xəbər verir ki, plenumda ittifaqın sədri Mehman İsmayılov, nazirliyin aparat, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrləri iştirak ediblər.

Plenumda Mehman İsmayılovun FHN işçiləri həmkarlar ittifaqının 2020-ci ildəki fəaliyyətinə dair geniş hesabat məruzəsi dinlənilib. Bildirilib ki, dünyada baş verən COVID-19 pandemiyası səbəbindən ölkə ərazisində müəyyənləşdirilmiş karantin rejimi qaydalarına uyğun olaraq, hər il ittifaqın üzvlərinin azyaşlı uşaqları üçün təşkil edilən Yeni il və Novruz şənliklərinin keçirilməsi ötən hesabat ilində təxirə salınıb.

Məruzəçi bildirib ki, məlum pandemiya səbəbindən Fövqəladə Hallar Nazirliyi, FHN-in İdman-Sağlamlıq Klubu, Dövlət Yanğından Mühafizə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti ilə birgə keçirilən mədəni-kütləvi idman tədbirlərinin bir çoxu təxirə salınıb. Bu tədbirlərdən yalnız FHN-in İdman-Sağlamlıq Klubu və FHN işçiləri həmkarlar ittifaqının təşkilatçılığı ilə yanvarın 27-31-də nazirliyin qurumları arasında şahmat, fevralın 19-21-də çoxnövçülük üzrə yarışlar keçirilib. Ötən il yanvarın 31-də FHN-in həmkarlar ittifaqının təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən tədbirdə 53 gənc, eləcə də dekabrın 16-da FHN işçilərinin peşə bayramı günü münasibətilə FHN aparatı və qurumlarında vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş 177 nəfər təcrübəli əməkdaş fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Ötən ildə Aprel döyüşləri zamanı şəhid olan kiçik gizir Orxan Həmidovun iki övladı - 2007-ci il təvəllüdlü Vüsal Həmidli və 2009-cu il təvəllüdlü Fərid Həmidli FHN işçilərinin həmkarlar ittifaqı tərəfindən himayəyə götürülüb. Sentyabrın 1-dən etibarən hər ay, mütəmadi olaraq şəhidin ailəsinə hər övlada görə 150 manat olmaqla 300 manat məbləğində maddi yardım verilir.

İttifaq tərəfindən Mülki Müdafiə Qoşunları komandanlığının şəxsi heyətinə paylamaq məqsədilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslər haqqında məlumatları özündə əks etdirən “Milli Qəhrəmanlarımız” adlı kitabça hazırlanıb, 5 min nüsxədə çap edilərək müvafiq hərbi hissələrə göndərilib.

Natiq qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 2020-ci il 1 oktyabr tarixli məktubuna uyğun olaraq ittifaq tərəfindən Azərbaycan Ordusuna Yardım Fonduna maddi dəstəyin göstərilməsi məqsədilə AHİK-in maliyyə hesabına 90 min manat vəsait köçürülüb. Eyni zamanda, Vətənin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını və sağlamlıqlarını fəda etmiş qəhrəmanlara və onların ailələrinə diqqət və qayğının göstərilməsini hər zaman öz fəaliyyətinin başlıca istiqamətlərindən birinə çevirmiş FHN işçilərinin həmkarlar ittifaqı dekabrın 9-da “YAŞAT” Fonduna 50 min manat məbləğində pul vəsaiti köçürüb.

Bildirilib ki, oktyabrın 28-də düşmən tərəfindən Bərdənin mülki əhaliyə qarşı atılmış raket-artilleriya zərbələri nəticəsində xidməti borcunu yerinə yetirərkən həlak olmuş Mülki müdafiə qoşunları komandanlığının “N” saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Rəşad Şəfiyevin yas mərasiminin və qəbirüstü işlərinin həyata keçirilməsinə ittifaq tərəfindən 3 min manat dəyərində maddi kömək göstərilib.

M.İsmayılov məlumat verib ki, ötən il ittifaq üçün əlamətdar işlərdən biri Fövqəladə Hallar Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqı arasında “2020-2022-ci illər üçün Sahə Kollektiv Sazişi”nin bağlanmasıdır. Hesabat dövründə həmkarlar ittifaqının əsas işlərindən biri pandemiyaya qarşı profilaktik maarifləndirmə işlərinin görülməsi olub. Belə ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ittifaq tərəfindən AHİK-in maliyyə hesabına 50 min manat məbləğində vəsait köçürülüb. FHN tərəfindən hazırlanmış “Koronavirus (2019-CoV) yaddaş kitabçası”nın 10 min nüsxədə çap edilməsi ittifaqın maliyyə vəsaiti hesabına həyata keçirilib.

M.İsmayılov qeyd edib ki, ötən dövrdə maddi vəziyyəti aşağı olan, vəfat etmiş və ya ailə üzvlərindən birinin vəfatı ilə əlaqədar, özünün və ya ailə üzvünün xəstəliyinin müalicəsinə maddi kömək məqsədilə 381 üzvə maddi yardım ödənilib. 2020-ci ildə ümumilikdə 243 nəfər olmaqla, 50, 60, 70 illik yubiley yaşları tamam olan təcrübəli üzvlər həmkarlar ittifaqı tərəfindən fəxri fərmanla təltif edilib, qiymətli hədiyyə ilə mükafatlandırılıblar. Eyni zamanda, həmkarlar ittifaqına müvafiq qaydada müraciət etmiş, səhhətində problemlər yaranmış üzvlərdən 52 nəfərə məzuniyyət vaxtında sosial sığorta hesabına “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Qaranquş” və “Şıx” sanatoriyalarına müalicə və istirahət üçün dəyərinin 15 faizini ödəmək şərtilə yollayış verilib. Bundan əlavə, döyüşlərdə iştirak etmiş veteran və maddi imkanı az olan işçilər də unudulmamış, onlardan 6 nəfərə müvafiq yollayışlar pulsuz olaraq verilib.

Daha sonra ittifaqın digər illik cari məsələləri müzakirə olunub.

Sonda həmkarlar ittifaqı sahəsində göstərdiyi səmərəli əmək fəaliyyətinə görə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintidə Qiymətqoyma Mərkəzi işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri Qalib Qarayevə, FHN-nin Əməliyyat-istintaq idarəsi işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri Güldəstə Maqsudovaya, FHN-nin Dövlət Material Ehtiyatları Agentliyi işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri Sevda Həsənovaya və nazirliyin Mülki Müdafiə Qoşunları Komandanlığı işçilərinin həmkarlar ittifaqı komitəsinin sədri Xanlar Əliyevə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən təsis edilmiş “Azərbaycan Həmkarlar İttifaqları – 115 il” yubiley döş nişanları təqdim edilib. Döş nişanları Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov tərəfindən təqdim olunub.

AİA.Az
















Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024