Mobil versiya
Səməd Allahverdiyev: “Gəmiçilik regionun nəqliyyat sektorunda mühüm yer tutur”
Tarix: 01-03-2021 | Saat: 19:00
Bölmə:Ölkə | çapa göndər

Səməd Allahverdiyev: “Gəmiçilik regionun nəqliyyat sektorunda mühüm yer tutur”

“Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğının sayəsində bu gün bizə lazım olan bütün gəmilər Azərbaycanda istehsal edilə bilər. Qürurverici haldır ki, Hazırda Azərbaycan Xəzər dənizində 200-dən çox gəmisi olan ən böyük donanmaya malik ölkədir” – bu sözləri saytımıza verdiyi müsahibəsində Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səməd Allahverdiyev deyib.

Xəbər verildiyi kimi, martın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər. Ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edən bu hadisə barədə əməkdaşımızın suallarını cavablandıran Səməd Allahverdiyev qeyd edib ki, Azərbaycanın Xəzərdə ən böyük donanmaya malik olması bir çox kontekstlərdə son dərəcə önəmli bir faktordur: “İlk növbədə qeyd etməliyəm ki, bu gün gəmiçilik Azərbaycanın mövcud olduğu regionun nəqliyyat sektorunda mühüm yer tutur. Xüsusilə “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə Xəzər dənizi üzərindən keçən tranzit yük daşımaların həcmi durmadan artır. Əbəs yerə deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda gəmiçiliyin inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxlayır. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycana lazım olan bütün gəmilər öz ölkəmizdə istehsal edilə bilər. Mən bir qürurverici faktı da xüsusi olaraq qeyd etmək istəyirəm ki, hazırda Azərbaycan Xəzər dənizində 200-dən çox gəmisi olan ən böyük donanmaya malik ölkədir. Əlbəttə ki, ölkəmiz dənizdə üstün mövqeyə sahib olmaqla iqtisadi, enerji, humanitar, ekoloji və müdafiə aspektlərində də geniş imkanlar əldə etmiş olur. Eyni zamanda da Xəzər hövzəsi geosiyasi baxımdan son dərəcə böyük əhəmiyyət kəsb edən məkandır. Belə ki, məhz Xəzər hövzəsi Qafqazla Mərkəzi Asiyanı birləşdirən əsas coğrafi məkan olmaqla təhlükəsizliyin təminatı baxımından xüsusi önəm daşıyır. Həmçinin bura enerji sferasında əməkdaşlığın çox əhəmiyyətli və strateji məna kəsb etdiyi məkandır. Nəhayət, burada tarixən böyük dövlətlərin geosiyasi təsir dairələrini genişləndirmək uğrunda böyük mübarizəsi gedib. Bu şərtlər bir daha göstərir ki, Xəzər hövzəsində yerləşən hər bir müstəqil dövlət üçün özünün dəniz donanmasını rəqabətə davam gətirə biləcək səviyyədə formalaşdırması son dərəcə mühüm amildir. Həmçinin nəzərə almaq lazımdır ki, “Yeni İpək Yolu” layihəsi çərçivəsində “Dəniz İpək Yolu” xəttinin mühüm punktlarından biri də məhz Xəzər dənizidir. Azərbaycan isə Cənubi Qafqazda bu yolun əsas qovşağıdır. Belə ki, “Şərq-Qərb” və “Şimal-Cənub” tranzit arteriyasının necə işləməsi birbaşa Azərbaycandakı infrastrukturdan asılıdır. Bütün bunları deməkdə məqsədim Azərbaycanın Xəzərdə güclü donanmaya malik olmasının ilk növbədə ölkəmiz üçün, eləcədə bütün region ölkələri üçün böyük əhəmiyyət kəsb etdiyini bir daha vurğulamaqdır.”

Daha sonra Səməd Allahverdiyev qeyd edib ki, yeni gəmilərin istismara verilməsi “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə olacaq: “İlk sərnişin, avtomobil və dəmir yolu vaqonları daşıyan “Ro-Pax” tipli “Azərbaycan” və “Akademik Zərifə Əliyeva” gəmi-bərələri heç şübhəsiz, “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və dediyim kimi, getdikcə artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə olacaqdır. Əlbəttə ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak etmələri ölkə rəhbərliyi tərəfindən bu sahənin inkişafına xüsusi önəm verildiyini göstərir. Birmənalı olaraq deyə bilərik ki, yeni gəmilərin tikintisi və donanmaların yenilənməsi məsələsi daima Prezident İlham Əliyevin xüsusi nəzarətindədir və bu istiqamətdə atılan addımlar Gəmiçiliyin Strateji İnkişaf Planına uyğun həyata keçirilir. Diqqətəlayiq haldır ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradılan vaxtdan bu günədək keçən 7 il ərzində 18 yeni gəmi istismara verilib. Hazırda Azərbaycan ərazisindən tranzit keçən avtotexnika və vaqonların Xəzər dənizində daşınmasını ümumilikdə 13 bərə və 6 Ro-Ro tipli gəmilərlə həyata keçirən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC bu gün Xəzərdə yeganə bərə operatorudur. Beləliklə, “Ro-Pax” tipli gəmi-bərələrin Xəzərin şərq və qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirəcəyini, Azərbaycanın coğrafi mövqeyindən və tranzit potensialından daha səmərəli istifadəyə xidmət edəcəyini əminliklə deyə bilərik.”

Abbas Abbasov
Elburus Bağırov

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024