Mobil versiya
Tarixi Qələbəmizlə Xocalı qətliamının günahsız qurbanlarının qisası alındı
Tarix: 23-02-2021 | Saat: 18:02
Bölmə:Manşet | çapa göndər

Tarixi Qələbəmizlə Xocalı qətliamının günahsız qurbanlarının qisası alındı

Bu il Xocalı soyqırımından 29 il ötür. Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olub. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb, tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulub, bununla da Ermənistan monoetnik dövlətə çevrilib. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanovun “Tarixi Qələbəmizlə Xocalı qətliamının günahsız qurbanlarının qisası alındı” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirir. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq.

Xocalı faciəsinə ilk siyasi qiymət kimi 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyev xüsusi Fərman verib, Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli fərmanı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir. Bu gün bu faciə ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların layiqli cəzalandırılması istiqamətində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həm ideoloji, həm mədəni, həm iqtisadi, həm sosial, həm də digər sahələrdə hücum diplomatiyası uğurla həyata keçirilir. İndiki dövrdə dünya ictimaiyyəti erməni yalanını, erməni təcavüzünü çox yaxşı bilir və dərk edir. Təkzib olunmaz sənədlər, dəqiq və düzgün məlumatlar Azərbaycan dövləti, Heydər Əliyev Fondu, tarixçi alimlərimiz, ziyalılarımız və o dəhşətli hadisələri öz gözləri ilə görmüş, həmin hadisələrin iştirakçısı olmuş şahidlər tərəfindən dünya ictimaiyyətinə çatdırılıb və bu gün də bu iş davam etdirilir. Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev Vətən uğrunda şəhid olanların və soyqırımına məruz qalanların xatirəsinin yad edilməsini və hər il anım mərasimlərinin keçirilməsini daim diqqət mərkəzində saxlayır. Xocalı soyqırımı qurbanlarının 20-ci ildönümü paytaxtımızda Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva, dövlət və hökumət, eləcə də ictimaiyyət nümayəndələri, ümumilikdə 60 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşü ilə yad edilmişdir. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası uğurla həyata keçirilir. “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır, bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilir. Artıq Islam Konfransı Təşkilatına daxil 7 olan ölkələr Xocalı soyqırımını rəsmi olaraq qəbul etmişlər. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya və Cibuti parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisində tanımışdır. Habelə ABŞ-ın artıq 21 ştatı - Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona və Aydaho ştatlarının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuşdur. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətinin, habelə Heydər Əliyev Fondunun dünyada apardığı təbliğatın, haqqa-ədalətə çağırışın nəticəsidir. Ümummilli lider Heydər Əliyevin bu hadisə ilə bağlı dediyi: “Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir. Xocalıda misli görünməmiş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş 8 verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı və humanizm ideallarına sədaqət nümayiş etdirən bütün insanların bu faciəyə öz qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır”. Amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilən Xocalı qətliamı daima təbliğ edilərək gələcək nəsillərə çatdırılmalıdır. Bu gün hər bir azərbaycanlının qarşısında mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin beynəlxalq miqyasda əsl hüquqi-siyasi qiymət alması, onun təşkilatçılarının cəzalandırılması, insanlığa qarşı yönəlmiş belə qəddar aktların təkrarlanmaması üçün mühüm şərtdir. Bu faciənin dünyada soyqırımı kimi tanınmasında və haqq işimizin dünya ictimaiyyətinə çatdırılmasında bütün Azərbaycan Respublikası ictimai-siyasi birliklər, ictimai təşkilatlar, türk-Azərbaycan diaspor təşkilatları, tarixçilər, siyasi xadimlərlə yanaşı hər birimiz bu yolda öz mübarizəmizi yorulmadan davam etdirməliyik. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli iradəsi ilə başlanmış İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin inamlı qələbəsi ilə başa çatmışdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı geri qaytardı. Bu haqq döyüşündə tarix yazan Azərbaycan ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da vardı. Tarixi qələbə qazanan ordumuz bu qətliamın günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024