Mobil versiya
Quba – qəhrəmanlar nəsli yetişdirən torpaq - FOTOLAR + VİDEO
Tarix: 23-02-2021 | Saat: 17:10
Bölmə:Ölkə | çapa göndər

Quba – qəhrəmanlar  nəsli yetişdirən torpaq

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Utuq kəndində məşhur Mövlanovlar ailəsinin qonağı olub

Həqiqətən də Azərbaycan qəhrəmanlar diyarıdır. Doğma Vətənimizin elə bir bölgəsini tapmaq mümkün deyil ki, həmin torpaqdan mərd igidlər dünyaya gəlməsin. Qubanın Utuq kəndindən olan Mövlanovlar ailəsi isə nəsillikcə qəhrəmanlıq mücəssəməsinə çevrilmişlər.

Vətən müharibəsinin ilk günündən bütün Azərbaycan xalqı kimi Qubanın igid oğulları da Ali Baş Komandan cənab İlham Əliyevin çağırışı ilə səfərbər oldular. Mövlanovlar ailəsinin isə üç təmsilçisi torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə əsil qəhrəmanlıq göstərdilər. Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Nizami Mövlanov müharibənin ilk günündən hərbi birləşmə komandiri kimi döyüşlərə qatılıb. Yaralanmağına baxmayaraq son döyüşlərədək cəbhədə vuruşub. Hələ 2019-cu ildə “İgidliyə görə” medalına layiq görülən Nizami Mövlanov Vətən müharibəsi dövründə “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Nizami Mövlanova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Qəhrəmanın qardaşı, polkovnik-leytenant, birinci ordu korpusunun artilleriya rəisinin müavini Tərlan Mövlanov da döyüşlərdə göstərdiyi şücaətə görə “Azərbaycan Bayrağı”ordeni, “Ağdamın azad olunması uğrunda” və “Suqovuşanın azad olunması” medalları ilə təltif olunub.



Nizami Mövlanovun qardaşı oğlu, baş leytenant, artilleriya batareyasının komandiri Mövlanov Laçın Şahin oğlu isə “Zəngilanın azad olunması uğrunda”, “Qubadlının azad olunması uğrunda” və “Cəbrayılın azad olunması uğrunda” medallarına layiq görülüb.

Dünən Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov doğulub boya-başa çatdığı Qubaya qayıdıb və burada coşqu ilə qarşılanıb. İlk olaraq Nizami Mövlanov Qubada Şəhidlər xiyabanını ziyarət edib, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhuna dualar oxuyub. Mətbuata verdiyi açıqlamasında Nizami Mövlanov bunları deyib: “Vətən müharibəsindən sonra Qubaya ilk dəfədir gəlirəm. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirəm. Bu gün Qubaya qalib ölkənin qalib zabiti kimi qayıtmışam. Çox qürurvericidir. İşğalda olan torpaqlarımızı azad etmişik. Bizim ən böyük mükafatımız odur. Hamı Azərbaycan Ordusunun gücünü gördü. Biz bu müharibədə Ali Baş Komandanımızın rəhbərliyi ilə çox fərqli döyüş üslubu göstərdik. Bizim düşməni darmadağın etdiyimiz döyüş nümunəsi indi xarici ölkələr tərəfindən müasir dövrün savaşı kimi öyrənilir. Döyüşçülərimizin hər biri şəxsi qəhrəmanlıq nümunəsi göstərdi. Onların hər biri işğalçını məhv edib, yüksəkliklərə bayraq sancmağa can atırdı.”

Bütün ölkədə olduğu kimi Vətən torpaqlarının azadlığı uğrunda vuruşmuş insanlar Quba rayonunda da hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunurlar. Bu məqsədlə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev RİH-nin digər məsul şəxsləri ilə birlikdə mütəmadi olaraq İkinci Qarabağ müharibəsində yaralanmış qubalı döyüşçüləri ziyarət edərək onların problemləri ilə maraqlanır və həmin problemlərin təcili həlli məqsədilə tədbirlər görürlər. Bu gün isə Ziyəddin Əliyev Utuq kəndində Mövlanovlar ailəsinin qonağı olub. İcra başçısı ailənin həyat şəraiti ilə yaxından tanış olub, onların problemləri ilə maraqlanıb. Şəhid ailələrinə, qazilərimizə və müharibə iştirakçılarına Azərbaycan dövləti və şəxsən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən daima böyük diqqət və qayğı göstərildiyini vurğulayan Ziyəddin Əliyev dövlətin bu siyasətinin Quba rayonunda da hər zaman yüksək səviyyədə həyata keçirildiyini qeyd edib.

Abbas Abbasov
aia.az

















Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024